Bakıda qadına tüfənglə atəş açıldı - DETALLAR
Bakıda keçmiş həyat yoldaşına odlu silahdan atəş açaraq öldürməyə cəhddə təqsirləndirilən Rəşad Əsədzadəyə hökm oxunub.
Hurriyyet.Az Oxu.Az-a istinadən xəbər verir ki, Qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Hökmə əsasən, təqsirləndirilən şəxs 15 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, ötən prosesdə prokuror Tural Yaqubov təqsirləndirilən şəxsin 17 il azadlıqdan məhrum olunmasını məhkəmədən tələb etmişdi.
Qeyd edək ki, hadisə bu ilin yanvarında paytaxtın Səbail rayonunda baş verib. Bərdə rayon sakini Rəşad Əsədzadənin xuliqanlıq zəminində ov tüfəngindən atəş açaraq keçmiş həyat yoldaşına xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib. Qadın xəstəxanaya yerləşdirilib. Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Rəşad Əsədzadə saxlanılıb. Ondan lüləsi kəsilmiş və nömrəsi silinmiş "İj-16" markalı ov tüfəngi götürülüb.
Ona qarşı Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd), 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə və gəzdirmə) və 229.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələri və qurğuları hazırlama, habelə odlu silahı təmir etmə) maddələri ilə ittiham irəli sürülüb.