Bakıda parkinqi Kİ tikir? Ələ salırsınız?

2022-06-08 12:07:00

Bakıda parkinqi Kİ tikir? Ələ salırsınız?

Bülbül prospektində, piyada yolunun sökülməsi və ağacın kəsilməsi ilə inşa edilən parkinq ətrafında olduqca maraqlı hadisələr yaşanır.

Məsələ birbaşa Prezidentin diqqətindədir, ona görə əl-ayağa düşüblər: dərhal parkinq söküldü, piyada yolu bərpa edildi. İndi “günah keçisi” axtarırlar.

Ağacın kəsilməsində “günahkar” artıq tapılıb – Nəsimi Bələdiyyəsi. Deməli, bələdiyyə Dövlət Ekoloji Ekspertiza Agentliyinə müraciət edib ki, orda “qəzalı vəziyyətdə olan” 1 safora ağacı var, icazə verin, onu kəsək. Agentlik də “qəzalı vəziyyətdə olan” ağacın götürülməsinə yerində yenisinin əkilməsi şərtilə icazə verdiyini deyir. Bələdiyyə “qəzalı ağacı” götürməyinə götürüb, amma yerində yenisini əkməyib.

Nəsimi Bələdiyyəsi 5 min manat məbləğində cərimə edilib – verilən rəyə uyğun hərəkət etmədiyinə görə.

Əlbəttə ki, burda ciddi bir pozuntu olması və bu işdə şəbəkənin fəaliyyət göstərdiyi aydındır. Əvvəla, hələ bir mütəxəssis ortaya çıxıb, “ağacın qəzalı vəziyyəti” ifadəsinə aydınlıq gətirməlidir. Məncə, köhnə tikili, dam-daş qəzalı vəziyyətə düşür, ya da Ziya Məmmədovun tikdiyi yol qəzalı vəziyyət yaradır. Ağac necə “qəzalı vəziyyətə” düşür görəsən? Bəlkə, çürüyür və ona görə qəza vəziyyəti yaradır? Buna görə ağaca “qəzalı vəziyyətdə olan” deyirlər?

O ayrı məsələ ki, ağacın doğrudan da çürük olub-olmadığı və yıxılma ehtimalı təsdiqlənməlidir.

İkincisi, Nəsimi Bələdiyyəsini bildik – gülməli “qəzalı vəziyyətdə olması” səbəbi ilə ağacın qanunsuz kəsiminə icazə alıb. Bəs, parkinqi kim salır?

O parkinqin Bülbül kimi prospektdə - yəni şəhərin düz göbəyində, “Nizami” Kino Evinin yanında, “Azərtac” kimi nəhəng dövlət agentliyinin və “Xalq qəzeti” kimi PA-nın rəsmi orqanının böyründə tikilməsi üçün yol bağlanmalıdır, texnika gəlməlidir, peşəkarlar orda işləməlidir, asfalt örtüyü çəkilməlidir, sonra da nişanlanma aparılmalıdır.

Bu gün yayılan məlumatlarda bildirilir ki, parkinqi Kinematoqrafçılar İttifaqı tikib.

Siz ciddisiniz? Doğrudanmı Kinematoqrafçılar İttifaqının asfaltbasan maşını, yol çəkən fəhlələri, inşaatçıları, mühəndisləri, parkinqi xətləyib-gözəlləşdirən infrastrukturu var? Doğrudanmı Kinematoqrafçılar İttifaqı bu işlərin görülməsi üçün yalnız özü qərar vermək, sərəncam imzalamaq, icra etmək və yolu da bağlamaq səlahiyyətlərinin hamısını özündə cəmləşdirib?

Bu Kİ dövlətin bir neçə qurumunun səlahiyyətini basıb əlindən alıbmış, xəbərimiz yox!

Parkinq kimin rəyi əsasında, hansı qurumlardan icazə alınmaqla tikilir? Parkinqi kim xətləyir?

Bakı Nəqliyyat Agentliyinin səlahiyyəti deyilmi bu?

Bu qədər də olmaz yəni: Prezidentin nəzarətində olan bir parkinq qalmaqalında tikintini Kinematoqrafçılar İttifaqının apardığını iddia etmək əndazəni aşmaqdır.

O ayrı məsələ ki, Kİ-dən kimsə - məsələn, sosial şəbəkədə indi hoydu-hoyduya götürdüyünüz mətbuat katibi belə bir təşəbbüslə çıxış edib. Ancaq məsuliyyəti Kİ-nin üzərinə yıxanda, o statusu da sonacan oxumaq əla olardı: adam deyir, təşəbbüslə çıxış edib və BNA-çıları “təq”ləyib, onlara təşəkkürünü bildirib.

Parkinqlər üçün Bakı şəhərində icazə alan, tikən, düzəldən, rəngləyən yalnız bir qurum var və bu, Kinematoqrafçılar İttifaqı deyil!

Əgər bütün bu səlahiyyət Kİ-yə verilibsə və Kİ-dəkilər kino əvəzinə, artıq yol çəkməklə məşğuldurlarsa, bir zəhmət, bunu elan edin!

Belə rüsvayçılıq olmaz ki...Axar.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya