Saat:00:21
Haqqımızda

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

2024-03-28 12:15:33

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Xəbər verdiyimiz kimi, 1 oktyabr 2023-cü ildən etibarən kənd təsərrüfatlı təyinatlı torpaqlarda tikilən evlərə qaz, su və işıq xətlərinin çəkilməsi qadağan edilib. Bu isə Bakıətrafı qəsəbələrdə ev tikmək məqsədilə satışa çıxarılan kənd təsərrüfatlı təyinatlı torpaqların kəskin ucuzlaşmasına səbəb olub. Müşahidələr onu göstərir ki, “makler” adlandırılan şəxslərin əlində olan torpaqlar kütləvi şəkildə satışa çıxarılıb. Qiymətlərdə baş verən dəyişikliyin bununla əlaqəli olduğu güman edilir. 

Paytaxta yaxın ərazilərdəki boş torpaqlarla bağlı müşahidə edilən dəyişikliklə əlaqədar əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev “Yeni Sabah”a açıqlama verib. O qeyd edib ki, tələbat azaldığı üçün qiymətlərin də aşağı düşməsi normaldır: 

“Bakı, Abşeron və paytaxta yaxın ərazilərdə yüz minlərlə çıxarış ala bilməyən fərdi həyət evləri və çox sayda torpaq sahələri var. Bu ərazilərə çıxarışların verilməməsinin əsas səbəbi təyinatlarının yaşayış üçün yox, kənd təsərrüfatı, əkin, biçin təyinatlı olmasıdır. Torpaqlar yaşayış məntəqəsi təyinatlı olmadığına görə çıxarışlar verilmir. Yeni qərara əsasən 1 oktyabrdan sonra çıxarışı olmayan torpaqlarda inşa edilən tikililərə kommunal xətlərin çəkilişi qadağan olunub. Bu səbəbdən çıxarışlı torpaq sahələrinə tələbat çoxaldı və onların qiyməti artdı. Digər təyinatlı torpaqlara tələb azaldığı üçün bu ərazilər kütləvi şəkildə satışa çıxarılıb. Qiymətlərdə isə enmələr müşahidə olunur”. 

Ekspert bildirib ki, gələcəkdə bu tipli torpaq sahələrinin təyinatı dəyişdirilə bilər:

“Həmin ərazilərə tələbatın azalmasına səbəb bu torpaq sahələrinin yaşayış üçün yararsız olmasıdır. Orada hansısa formada tikinti işləri aparılsa da, kommunikasiya xətlərinin çəkilməsi qadağandır. Tələbatın az olması onların kütləvi formada satışa çıxarılmasına səbəb olur. Gələcəkdə bu cür torpaqların təyinatlarında dəyişiklik ola bilər. Torpaqların təyinatlarının dəyişilməsi və yaşayış məntəqəsi çıxarışlı torpaqlara çevrilməsi mümkün olarsa, tələbatın və qiymətlərin artması da gözlənilir”. 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR