Saat:04:17
Haqqımızda

Bakı və Paris arasında ilk casus qalmaqalı - fransız şpion əfv edilə bilərmi...

2024-01-13 11:48:22

Bakı və Paris arasında ilk casus qalmaqalı - fransız şpion əfv edilə bilərmi...

Azərbaycan-Fransa münasibətləri ən qəliz bir dövrünü yaşayır. Bu da müstəsna olaraq, rəsmi Parisin apardığı ermənipərəst destruktiv siyasətlə birbaşa bağlıdır. Az öncə Bakıda Fransa casusunun saxlanması və ardınca bundan dolayı iki fransız diplomatın ölkədən qovulması ilə ikitərəfli münasibətlər daha da gərginləşdi. Söhbət Martin Rianın saxlanılmasından gedir.

Artıq onun haqqında 4 aylıq həbs qətimkan tədbiri seçilib. Lakin olayla bağlı Fransa XİN-i diplomatik etiket qaydalarını ayaqaltı edərək həddini aşan bəyanat verib, Azərbaycanı “özbaşınalıq”da qınayaraq, Rianın əsassız saxlanıldığını və dərhal azad olunmasını tələb edib.

“Fransa vətəndaşının əsassız olaraq tutulduğu barədə Fransanın Avropa və Xarici İşlər Nazirliyinin iddialarının heç bir əsası yoxdur. Bu əsassız bəyanat reallığın təhrif olunması, Azərbaycanın daxili işlərinə və qanuni təhqiqat prosesinə növbəti müdaxilə cəhdidir”.

Bunu isə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib.

“Fransa Respublikasının vətəndaşı Martin Rian 4 dekabr tarixində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 276-cı maddəsində (casusluq) nəzərdə tutulmuş əməlin törədilməsində şübhəli bilinərək tutulub. Daha sonra onun barəsində məhkəmə qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Azərbaycan tərəfi Fransa vətəndaşı barəsində tədbirlər görərkən milli qanunvericiliyə və beynəlxalq öhdəliklərə tam olaraq əməl edib. Şübhəli bilinən şəxs tutulandan etibarən Fransa səfirliyinin konsulluq əməkdaşları ona bir neçə dəfə baş çəkib və onlar cinayət işindən tam məlumatlıdırlar. Bundan əlavə, Azərbaycan Xarici İşlər Nazirliyinin qeyd edilən şəxsin Fransa səfirliyinin iki əməkdaşı ilə işbirliyi ilə bağlı məsələnin araşdırılması məqsədilə Fransanın Azərbaycandakı səfirliyinə verbal nota ünvalamasına baxmayaraq, Fransa tərəfi hər hansı bir izahat verməkdən və istintaqda əməkdaşlıqdan imtina edib. Bununla əlaqədar, səfirliyin bu iki əməkdaşı Azərbaycan tərəfindən arzuolunmaz şəxs elan ediliblər. Biz bir daha, Fransa tərəfini Azərbaycanın daxili işlərinə və qeyd olunan təhqiqat tədbirlərinə müdaxiləni dayandırmağa şiddətlə çağırırıq”, - Ayxan Hacızadə vurğulayıb.

Ancaq bunun ardınca Fransa XİN-i daha bir açıqlama yayaraq, eyni həyasız ritorikanı təkrarlayıb və yenə Bakını ittiham edib.

Sitat: “Biz qətiyyətlə bildiririk ki, Azərbaycanın bizə qarşı düşmənçilik hərəkətlərinə haqq qazandırmaq üçün irəli sürdüyü ittihamları rədd edirik. Artıq Azərbaycan hakimiyyətinə bildirdiyimiz kimi bu həbsi əsassız hesab edir və həmyerlimizi dərhal azad etməyə çağırırıq”.

Qeyd edək ki, fransız casusun həbsi Azərbaycanın müstəqillik tarixində Fransa ilə bağlı ilk faktdır. Bəs tutulan şəxsin taleyi necə olacaq? Onu hansı cəza gözləyir? Əfv olunması mümkündürmü?

Deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Arzu Nağıyev “Yeni Müsavat”a deyib ki, Fransa vətəndaşı Azərbaycanda casusluq ittihamı ilə həbs olunub və istintaq davam edir: “Hər bir cinayətin obyektiv və subyektiv tərəfləri var. Fransa vətəndaşı konkret əməllə bağlı saxlanılıb və Azərbaycan məhkəməsi onun barəsində ilkin olaraq 4 aylıq həbs qəti imkan tədbiri seçib. Belə bir vəziyyətdə əfvdən danışmaq tezdir. İstintaq ötən ilin dekabrında başlayıb və 1 aydan artıqdır ki, davam edir. 4 aylıq istintaq dövründən sonra iş materialları məhkəməyə göndəriləcək və yalnız məhkəmənin hökmündən sonra əfv məsələsindən danışmaq olar. Bu, Ali Baş Komandanın, cənab prezidentin müstəsna səlahiyyətidir. Fransa vətəndaşı yalnız məhkəmə hökmündən sonra əfv oluna bilər”.

Deputat deyib ki, Fransa vətəndaşı Fransanın iki diplomatı ilə əlaqədə olub. Həmin diplomatlar arzu olunmaz şəxs elan edərək ölkədən çıxarılıb: “Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov da mətbuat konfransında dedi ki, fransalı diplomatlarla bağlı qərar verilməzdən öncə Fransa səfirliyinə onların iki əməkdaşı barədə Azərbaycan dövlət orqanlarında ciddi faktların olması ilə bağlı nota verilib. Yəni konkret faktlardan söhbət gedir. Nazir bu məlumatların araşdırılması zəruriliyi bildirmişdi. Söyləmişdi ki, araşdırmanın aparılması üçün diplomatlar dəvət edilmişdi. Diplomatik immunitetə sahib olan şəxslərlə bağlı araşdırma aparılması üçün həmin dövlətin razılığı tələb olunur. Fransa, dedikləri kimi, əməkdaşlarının günahsızlığına əmin idisə, onlar bu araşdırmaya imkan yarada bilərdilər. Bunu etmədilər, əvəzində heç bir əsas göstərmədən 2 azərbaycanlı diplomatı Fransadan çıxardılar. Yəni gərginləşmə xəttini tutdular. Azərbaycan dövləti Fransa vətəndaşını konkret olaraq casusluq əməlinə görə saxlayıb, müvafiq ittiham elan edib. Bunu təkzib edən sübut-dəlilləri varsa, buyursunlar. Yoxdursa, istintaqın yekunlaşmasını gözləsinlər, gedib məhkəmədə iştirak etsinlər. Əgər gərginləşmə xəttindən çəkilsələr, qanunun tələblərini rəhbər tutsalar, bəlkə də əfv məsələsindən də danışmaq olar”.

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl “Yeni Müsavat”a deyib ki, Martin Rianın barəsində ötən il dekabrın 4-də 4 aylıq həbs qətimkan tədbiri seçilib: “Mümkündür ki, istintaq daha tez bir zamanda yekunlaşsın və Martin Rianın barəsindəki cinayət işi məhkəməyə göndərilisin. Praktikada belədir ki, istintaq müddəti artırıla da bilər. Amma dövlətlərarası münasibətlərin gərginləşməməsi üçün Azərbaycan tərəfi müəyyən humanist addımlar ata bilər. Burada ilk olaraq Martin Rianın casusluqla əldə edib ötürdüyü informasiyalarla Azərbaycan dövlətinə vurduğu ziyanın miqyası nəzərə alınacaq. Söhbət maddi və mənəvi zərərlərdən, xəyanətdən və digər məsələlərdən gedir. İlk olaraq yüngül forma seçilə bilər. Bu, sırf iki dövlət arasında münasibətlərin gərginləşmə xətti üzrə getməməsi üçün atılan addım olacaq. Lapşin və digərlərin işlərində olduğu kimi Martin Rianın da tez bir zamanda əfvi ola bilər. Martin Rian Araik Arutyunyan deyil. Araik Arutyunyan və digərləri ilə Martin Rianın əməlləri müqayisə olunmazdır. Araik Arutyunyan və onunla birgə həbs olunanlar Azərbaycan dövlətinə külli miqdarda ziyan vurublar. Martin Rianın azad olunması mümkündür. Amma bu gün Fransanın tutduğu mövqe, münasibətlərin gərginləşdirilməsi istiqamətindəki addımları Martin Rianın əleyhinə işləyir”.

İlham İsmayıl deyib ki, Fransanın öz vətəndaşını müdafiə edən bəyanatlar verməsi başa düşüləndir, lakin Fransa vətəndaşı konkret əmələ görə saxlanılıb: “Bu gün Fransa ermənilərdən artıq ermənilik etmək missiyasını öz üzərinə götürüb. Azərbaycan-Ermənistan münasibətlərində yumşalma var, amma Fransa-Azərbaycan münasibətlərində gərginləşmə davam edir. Münasibətlərin gərginləşməsi Fransa tərəfinin hərəkətlərindən, yersiz bəyanatlarından, Azərbaycan əleyhinə qərarlarından qaynaqlanır. Fransa başa düşməlidir ki, ermənilərin üstündə Cənubi Qafqazda Azərbaycanla münasibətləri gərginləşdirməyin Fransaya heç bir xeyri yoxdur. Fransanı vətəndaşı Martin Rianın taleyi düşündürürsə, hədə, təzyiq tonundan əl çəkib xahiş etmələri daha doğru olar. Bu halda Martin Rianın məhkəmədən sonra əfv olunması məsələsinə baxıla bilər”.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.215525