Saat:04:07
Haqqımızda

Bakı və Ankara ilə dialoqda erməni “notları” - bu kələk də keçməyəcək!

2022-01-18 10:14:00

Bakı və Ankara ilə dialoqda erməni “notları” - bu kələk də keçməyəcək!

İrəvanın qonşulara münasibətdə yanlış “normallaşma” anlayışı və boşalmağa davam edən kapitulyant ölkə; qaz xətləri Ermənistandan da keçə bilər, əgər...  

Türkiyə və Ermənistan xüsusi nümayəndələri arasında Moskvada baş tutan ilk görüş keçən həftənin mühüm olaylarından sayıla bilər. Doğrudur, görüşdə hər hansı sənəd, bəyanat qəbul olunmayıb. Bu heç gözlənilmirdi də. Çünki söhbət uzun bir prosesin başlanğıcından gedir və etiraf edək ki, onun uğurlu nəticəsi bilavasitə rəsmi İrəvanın sərgiləyəcəyi mövqedən asılı olacaq. Niyə?

Ona görə ki, əməkdaşlığın qurulması önündə Türkiyəyə və ya Azərbaycana bağlı hansısa əngəl yox. On illərlə sərhədlərin qapalı qalmasının yeganə səbəbkarı İrəvanın öz qonşularına qarşı apardığı destruktiv, işğalçı siyasət olub ki, indi də ən əvvəl özü bundan imtina eləməlidir. Başqa yol mövcud deyil. Hərgah Ermənistanda iki qonşu ölkə ilə “normallaşma”nı da, deyəsən, ermənicə başa düşürlər.

*****

Məsələ ondadır ki, İrəvan rəsmiləri işğal amili aradan qalxdığını əsas götürərək, Türkiyə ilə heç bir ön şərt olmadan sərhədlərin açılmasında təkid edilər. Bakı ilə sinxron hərəkət edən Ankara isə şərt qoymaya bilməz. Nədən ki, işğal bitsə də, Ermənistan nəinki Azərbaycana qarşı ərazi iddiasından əl çəkmir və sülh müqaviləsi imzalamağa tələsmir, həmçinin qardaş ölkəyə qarşı da torpaq iddiasındadır və Ermənistanın konstitusiyası və gerbində bu iddialar öz əksini tapıb.

Belə olan halda hansı ciddi normallaşmadan söhbət gedə bilər? Bir ölkə öz qonşusunun qanuni torpaqlarına göz dikibsə, üstəlik, bu iddianı həyasızcasına rəsmiləşdiribsə, tərəflər arasında hansı normal münasibətlər, gediş-gəliş ola bilər ki? Bu bir əllə salam verib o biri əllə arxanda balta gizlətməyə bənzəmirmi?

Odur ki, erməni tərəfi özündən savayı heç kimə ziyan gətirməyəcək “ermənisayağı dialoq” cəhdlərindən imtina eləməlidir. Həm də tez. Ona görə ki, hər əldən çıxan həftə, ay, hər buraxılan fürsət ilk növbədə kasıb erməni əhalisinin başında çatlayır və çatlayacaq. Nikol Paşinyan iqtidarının Ankara və Bakıya qarşı bu kələyi də keçməyəcək.

*****

Ermənistandan kütləvi köç başlayıb - “Bu, ermənilərin ən böyük köçü  olacaq...” - pia.az

Söz düşmüşkən, pandemiya əngəllərinə rəğmən, Ermənistandan kütləvi köç davam edir. Özü də çıxıb gedənlərin əksəriyyəti iş qabiliyyətli əhalidir və əsasən həmişəlik ölkəni tərk edirlər. Əsəsən də Rusiyaya üz tutur, orada vətəndaşlıq almağa çalışırlar.

Bu xüsusda son statistika. “Yeni Müsavat”ın məlumtına görə, TASS-ın sorğusuna cavab olaraq Rusiya DİN-dən bildirilib ki, 2021-ci ilin yanvar-oktyabr ayları ərzində (10 ayda) 667 min xarici ölkə sakini Rusiya vətəndaşlığı alıb ki, onların arasında da Ukrayna, Ermənistan, Tacikistan və Qazaxıstan vətəndaşları üstünlük təşkil edirlər.

Aydındır ki, Ukrayna və Qazaxıstandan olanlar əsasən rusdilli əhali, ruslardır. Ermənistan və Tacikistandan isə əhali məhz səfalət üzündən Rusiyaya axın edir, orada vətəndaşlıq alırlar. Hər halda, monoetnik Ermənistanda rus və ya rusdilli əhali barmaqla sayılacaq qədər azdır...

*****

Paşinyan sirri açdı, Serjin müavini təhqir etdi

Armen Aşotyan

Diqqətçəkicidir ki, artıq acınacaqlı sosial-iqtisadi və demoqrafik durumu məğlub ölkədə uca səslə etiraf edən, obyektiv və subyektiv səbəbləri car çəkənlər getdikcə artır.

Məsələn, Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan  öz Facebook səhifəsində yazıb: “Sirr deyil ki, ”artsax"ın “işğal” edilən ərazilərinə (Azərbaycanın azad elədiyi ərazilər nəzərdə tutulur - red.) kənd təsərrüfatı üçün geniş münbit torpaqlar daxil idi ki, bu da bizi böyük taxıl, tərəvəz-bostan məhsulları ilə təmin edirdi. Bu torpaqlar təkcə “artsax” üçün deyil, həm də Ermənistanın ərzaq təhlükəsizliyi üçün mühüm önəm kəsb edirdi. Həmin torpaqların itirilməsinin Ermənistanın və “artsax”ın ərzaq təhlükəsizliyi baxımından hansı mənfi nəticələrə gətirib çıxardığını bizim vətəndaşlarımız artıq öz dərilərində, o cümlədən ərzaq qiymətlərinin kəskin bahalaşması fonunda hiss edirlər".

Başqa sözlə, Azərbaycan torpaqlarının amansızcasına istismarına son qoyulması, gözlənildiyi kimi, qonşu ölkədə əhalinin onsuz da kritik olan vəziyyətini bir qədər də qəlizləşdirib ki, bu da emiqrasiyaya yeni təkan verib. Məlum məsələdir ki, belə vəziyyətdə ölkəni tam boşalmaqdan xilas eləməyin tək yolu vaxt itirmədən qonşu Azərbaycan və Türkiyə ilə sərhədlərin açılması, tam həcmdə qarşılıqlı iqtisadi-ticari əlaqələrin qurulmasıdır. Şərtlər məlum.

*****

“İstənilən halda müstəqillik illərində Ermənistanı tərk edən ermənilər miqrasiyanın əsas səbəbini - dəhşətli sosial-iqtisadi şəraiti, müharibə təhlükəsini və gələcəklə bağlı perspektivsizliyi yaxşı xatırlayırlar. Ankara və Bakı ilə münasibətlər normallaşmadan bu problemlər aradan qalxmayacaq. Əgər qalxmasa, bir neçə ildən sonra Ermənistan tam boşalacaq. Heç kim mübahisə etmir ki, Ermənistan son dərəcə çətin normallaşma prosesi ilə üz-üzədir. Hazırda bizim buna böyük ehtiyacımız var”.

Bunu isə Tevoş Arşakyan Armeniamrepor.com-da Türkiyə və Azərbaycanla əlaqələrin normallaşması prosesinin vacibliyi barədə məqaləsində qeyd edib.

 “Ermənistan Türkmənistan və Azərbaycan qazı üçün Mehri ərazisi vasitəsilə tranzit ölkə ola bilər”.

Mehri dəhlizi açılır, Azərbaycana yeni status verilir - Supergüclərin şok  planı | No Comment

“Yeni Müsavat” xəbər verir ki, bunu İrəvandakı mətbuat konfransında iqtisad elmləri namizədi, Rusiya-Ermənistan Universitetində Zaqafqaziya, İran və Kiçik Asiyanın iqtisadiyyatının müqayisəli öyrənilməsi platformasının koordinatoru Ara Karyan deyib.

Onun sözlərinə görə, Azərbaycan Avropa qaz bazarında təkbaşına kiçik oyunçu olaraq qalır, lakin Türkmənistan qazını bu marşrutla göndərməyə razılaşarsa, vəziyyət dəyişəcək. “Təbii ki, siyasi əhval-ruhiyyə əsasən enerji axını ilə müəyyən edilir və bu, birbaşa Cənubi Qafqazdakı vəziyyətlə bağlıdır. Odur ki, Azərbaycan əgər Araz sahili boyu Naxçıvana qaz kəməri çəkilişinə davam edərsə, Ermənistan öz maraqlarından çıxış edərək bununla razılaşa bilər, bir şərtlə ki, kəmərin Mehridən keçən hissəsini özü tiksin və öz ərazisindəki qaz nəqlinə özü nəzarət eləsin”.

Yada salaq ki, Azərbaycan, Rusiya və Ermənistanın baş nazir müavinlərinin rəhbərlik etdiyi üçtərəfli işçi qrup regionda kommunikasiyaların açılması ilə məşğul olur. Hələlik onlar dəmir yollarının bərpası və dəmir yolu əlaqələrinin açılması ətrafında müzakirə aparırlar.

Bunu da əlavə edək ki, yanvarın 12-də yerli telekanallara müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev gələcəkdə qaz xətlərinin Ermənistandan keçə biləcəyini istisna eləməmişdi. Sitat: “ Biz bu dəhlizə (Zəngəzur dəhlizi - red.), sadəcə, dəmir yolu kimi baxmırıq. Çünki bu dəhlizdən həm dəmir yolu keçəcək, həm avtomobil yolu. Bizim planımızda var, gələcəkdə oradan Naxçıvana elektrik xətləri çəkilsin. Çünki bizim elektrik enerjisi ilə bağlı çox böyük ixrac planlarımız var...Ondan sonra ola bilsin ki, qaz xətləri də oradan keçsin. Bir xətt Qafandan, bir xətt Mehridən keçə bilər. Bir xətt Qarakilsədən keçə bilər, onlar Sisyan adlandırırlar”.

Niyə də olmasın? Şərtlər bəlli və həmənki, seçim isə həmişəki kimi, erməni tərəfinindir...   

“Yeni Müsavat”

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR