Saat:06:15
Haqqımızda

Bakı vahid Çin siyasətini dəstəkləyir - Hacıyev

2024-03-26 11:26:10

Bakı vahid Çin siyasətini dəstəkləyir - Hacıyev

Azərbaycan həmişə vahid Çin siyasətini dəstəkləyib.

Hurriyyet.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Çinin "Global Tayms" qəzetinə müsahibəsində deyib.

“Ölkələrimiz arasında güclü siyasi əlaqələr mövcuddur. Biz həmişə vahid Çin siyasətini dəstəkləyirik. Bu yaxınlarda Çinin Tayvan bölgəsində qeyri-qanuni seçki olub və Azərbaycan bunu tamamilə qəbuledilməz kimi qiymətləndirib”, - Prezident köməkçisi bildirib.

H.Hacıyev Çin ilə əməkdaşlıq perspektivlərindən söz açaraq Azərbaycanda daha çox Çin şirkəti görmək istədiyini söyləyib:

“İndi biz iki ölkə arasında ticarət əlaqələrində sabit artım görürük, lakin bu, son nəticə deyil. Bunun üçün daha çox perspektivlər var. Birincisi, mən Azərbaycanda daha çox Çin şirkətləri görmək istərdim. Çin şirkətləri artıq Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində iştirak edirlər, lakin Azərbaycan yaşıl inkişafa doğru irəlilədikcə biz daha çox şey gözləyirik”.

H.Hacıyev diqqətə çatdırıb ki, dayanıqlı inkişaf məqsədlərinə əsaslanan milli prioritetlərdə rəqəmsal transformasiya Azərbaycan üçün bir nömrəli məsələdir:

“Yaşıl keçid gündəliyimizdə Çini tərəfdaş kimi görürük. Biz həmçinin çinli dostlarımızdan Azərbaycanda bərpa olunan enerji üçün istehsal xətləri yaratmağı istəyirik. Çindəki elektrikli avtomobil sənayesi dünyanın aparıcı sənayelərindən biridir. Hazırda Çindən elektriklə işləyən avtobuslar və digər avadanlıqlar alırıq. Biz Çin şirkətləri ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda istehsalat bazası yaratmaq istəyərdik”.

Prezident köməkçisi Çin-Azərbaycan tərəfdaşlığının “Bir kəmər, bir yol” Təşəbbüsü (BRI) çərçivəsində, xüsusən də Orta Dəhliz kontekstində mühüm əhəmiyyət kəsb etdiyini də bildirib:

“Orta Dəhliz Çin və Avropa İttifaqı arasında mühüm əlaqə ola bilər. Azərbaycan, Xəzər və Qara dəniz sahillərində yerləşən Mərkəzi Asiya ölkələri ilə birlikdə əlaqələr sahəsində güclü tərəfdaş ola bilər. Bu, “Bir Kəmər və Yol” Təşəbbüsü ilə yaxşı uyğunlaşır və Çin ilə Azərbaycan arasında strateji tərəfdaşlığı vurğulayır”.

axar.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR