Bakı metrosunda problem yarandı - Qatarlar gecikdi
Bu gün səhər saatlarında Bakı metrosunda qatarların hərəkətində yaranan problemlər bu dəqiqələrdə də davam edir.
Hurriyyet.az xəbər verir ki, Yaşıl xətt üzrə "Dərnəgül" stansiyasından “Həzi Aslanov” istiqamətində hərəkət edən qatarlar ləngiyir.
İntervalın pozulması səbəbindən stansiyalarda və tunellərdə sərnişin sıxlığı yaranıb. Qatarların həm tunellərdə, həm də platformalarda normadan artıq dayanması müşahidə edilir.
"Bakı Metropoliteni" QSC-dən bildirilib ki, "Nərimanov" elektrik deposu xəttlərinə yüksək gərginliyin verilməsi tam bərpa olunub. Qatarların xəttə daxil olması prosesi artıq başlanıb.
Qeyd olunub ki, baş vermiş qısa fasilə səbəbindən hazırda qatarlararası intervalda müəyyən gecikmələr müşahidə olunur.
"Qrafikə uyğun fəaliyyətin bərpa olunması üçün xidmətlərimiz tərəfindən zəruri tədbirlər görülür və yaxın zamanda hərəkət tam normallaşdırılacaq. Sərnişinlərimizdən yaranmış müvəqqəti narahatlığa görə üzr istəyirik", - QSC-dən bildirilib.
Məlumata görə, "Nərimanov" elektrik deposu yollarına yüksək gərginlikli enerjinin verilməsi tam bərpa olunub. Hazırda "Bakmil" stansiyası fəaliyyətini tam bərpa edib.
Qeyd olunub ki, Yaşıl və Qırmızı xətlərdə qatarlararası intervallar qrafikə uyğun bərpa edilib. Qrafik üzrə 34 cüt/saat prinsipi ilə qatarlar fəaliyyət göstərir.
