Saat:15:56
Haqqımızda

Bakı İrəvana hərbi yolla cavab verməli, Kremlə isə KƏSKİN ETİRAZINI BİLDİRMƏLİDİR

2022-06-30 14:40:00

Bakı İrəvana hərbi yolla cavab verməli, Kremlə isə KƏSKİN ETİRAZINI BİLDİRMƏLİDİR

Məhəmməd Əsədullazadə: "Azərbaycan Ermənistan tərəfindən göndərilən hərbçilərin dərhal çıxarılmasını tələb etməlidir"

Azərbaycan XİN: "Ermənistan rəsmilərinin bu açıqlaması Ermənistan tərəfinin sülhdən danışmasının riyakarlıqdan başqa bir şey olmadığını göstərir"

Bugünlərdə, daha dəqiq desək, iyunun 28-də Ermənistan silahlı qüvvələrinin Baş Qərargah rəisinin müavini Saak Saakyan bəyan etdi ki, avqustun 30-dan etibarən Qarabağda Ermənistan ordusunun çağırışçı kimi xidmət edən bir əsgəri belə, qalmayacaq. Belə ki, "İndiyə qədər Ermənistanda məcburi hərbi xidmətə çağırılmış əsgərlər püşkatma yolu ilə Qarabağda xidmətə yola salınırdı" deyən Saakyanın sözlərinə görə, artıq Qarabağın adı həmin püşkatma siyahısından çıxarılıb: "Hərbi siyasi rəhbərlik qərara gəlib ki, bundan sonra Qarabağda yalnız xidməti müqaviləli hərbçilər, yəni, müddətdən artıq xidmət etmək istəyənlər xidmət edə bilər. Son çağrışçımız 2020-ci ilin yayında Qarabağa göndərilib. Onların da müddəti bu il iyulun 1-dən avqustun 30-na kimi tamam olur".

Hurriyyet.az-ən məlumatına görə, Saakyan onu da əlavə edib ki, 1 sentyabr tarixindən etibarən Qarabağdakı “müdafiə ordusu” hərbi kontingentini və say tərkibini öz imkanları hesabına təmin etmək məcburiyyətindədir. Hurriyyet.az xəbər verir ki, mövzu ilə bağlı fikirlərini bölüşən Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Ermənistan Qarabağa müddətdən artıq hərbçilər göndərirsə, o zaman Azərbaycan buna hərbi yolla cavab verməlidir: "Çünki Ermənistan Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarət etdiyi əraziyə müddətdən artıq hərbçi göndərməklə ilk növbədə əldə olunan razılaşmaları pozur. Bundan əlavə, Rusiya sülhməramlıları da üzərinə götürdüyü öhdəlikləri pozur, Azərbaycan ərazisindən Ermənistan hərbçilərini çıxarmaq əvəzinə, İrəvan tərəfindən göndərilən hərbçilərə şərait yaradır". 

Politoloq hesab edir ki, bununla bağlı Rusiya tərəfinə kəskin etiraz bildirilməli və əgər belə davam edəcəksə, onda Azərbaycan yeni Laçın yolunda post qoyacağını mesajını verməlidir: "Bu, çox ciddi məsələdir və Azərbaycanın təhlükəsizliyini pozur. Həmçinin, Rusiya tərəfindən Azərbaycanın ərazi bütövlüyü şübhə altına alınır. Azərbaycan Ermənistan tərəfindən göndərilən hərbçilərin dərhal çıxarılmasını tələb etməlidir. Ermənistan bunu Rusiya tərəfinin təlimatları ilə edir. Göründüyü kimi, Qarabağda yaşayan ermənilər o qədər azdır ki, onları burada silahlı birləşməyə cəlb etməyə gənclər tapmırlar. Əgər Rusiya və Ermənistan tərəfi bunu edirsə, Azərbaycanın təhlükəsizliyini, suverenliyini pozursa demək, Azərbaycanın qəti və kəskin addımlar atması təməl hüququdur".

Yeri gəlmişkən, onu da nəzərinizə çatdıraq ki, artıq Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahın açıqlamasına münasibət bildirib. Belə ki, Azərbaycan XİN Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan silahlı qüvvələrinin Baş Qərargah rəisinin müavini Saak Saakyanın hərbi xidmətə çağırılan vətəndaşların valideynləri ilə görüşdə Azərbaycanın Qarabağ bölgəsində erməni müddətli hərbi xidmətçilərinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçuları ilə əvəzlənəcəyinə dair məlumat verməsini şərh edib:

"Ermənistan KİV-də ölkənin silahlı qüvvələrinin Baş Qərargah rəisinin müavininə istinadən yayılan bu məlumat, birmənalı şəkildə Ermənistan rəsmiləri tərəfindən Azərbaycan ərazilərinə qanunsuz hərbi birləşmələrin göndərilməsi ilə bağlı edilən növbəti etirafdır. Bu, Ermənistanın 9/10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatının kobud şəkildə pozulmasıdır. Xatırladırıq ki, sözügedən bəyanatın 4-cü maddəsinə istinadən Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərindən çıxarılır və paralel olaraq bu ərazilərdə Rusiya sülhməramlı kontingenti yerləşdirilir. Tərəfimizdən, bundan öncə dəfələrlə Ermənistan tərəfinin üçtərəfli bəyanatın müddəalarını pozduğu, o cümlədən qanunsuz silahlı birləşmələrini Azərbaycan ərazilərindən tam çıxarmadığını bəyan etmişik".

XİN rəsmisi əlavə edib ki, hazırda Azərbaycan tərəfindən münaqişə sonrası mərhələdə münasibətlərin normallaşması və sülh quruculuğu istiqamətində addımlar atıldığı bir vaxtda, Ermənistan tərəfinin belə bir yanaşması, sonuncunun bölgədə sülh yox, gərginlik yaratmaq marağını açıq şəkildə nümayiş etdirir: "Ermənistan rəsmilərinin bu açıqlaması Ermənistan tərəfinin sülhdən danışmasının riyakarlıqdan başqa bir şey olmadığını göstərir. Bu, həmçinin Ermənistan tərəfinin təcavüzkar siyasətinin bir daha açıq şəkildə təcəssümüdür".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR