Bakı İnzibati Məhkəməsi Ali Məhkəmənin qərarını saymır
Məhkəmə qərarının qüvvəyə minməsi bir ayıb, icra olunmaması iki ayıb
Məhkəmə hakimiyyətinin, məhkəmə icraatının başlıca görəvi həqiqətin üzə çıxarılması, hər bir şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə doğrulanmasıdır. İnzibati orqanların işinə nəzarəti həyata keçirmək üçün yaradılan inzibati məhkəmələrin də bircə prinsipi var: DÖVLƏTİN KONSTİTUSİYA İLƏ ÜZƏRİNƏ GÖTÜRDÜYÜ İNSAN HÜQUQ VƏ AZADLIQLARINI, QANUNUN ALİLİYİNİ TƏMİN ETMƏK , FİZİKİ VƏ HÜQUQİ ŞƏXSLƏRİ QANUNSUZ İNZİBATİ HƏRƏKƏTLƏRDƏN (HƏRƏKƏTSİZLİKDƏN) QORUMAQ! Məhkəmələrin bu görəvləri qanuna, hüquqa, ədalətə, sübutlara əsasən çıxarılan qərarlarla həyata keçirir. Sadalananlar norma olsa da, gerçəkdə məhkəmə hakimiyyəti nəinki hüquq və azadlıqların qorunmasını təmin edir, əksinə, özü məhkəmə təminatı hüququna qadağa qoyur. Məhkəmə qərarının qüvvəyə minməsi ilə onun icrasının onlarla illər çəkməsi qadağanın ən geniş yayılmış növlərindəndir. Təsəvvür edin, şəxs inzibati orqanın hansısa qanunsuzluğundan müdafiə üçün məhkəməyə müraciət edir və məhkəmə çıxardığı qərarla qanunsuzluğa hüquqi qiymət verərək cavabdeh inzibati orqanın üzərinə müəyyən hərəkətləri etmək (və ya etməmək) öhdəliyi qoyur. Di gəl, inzibati orqan elə “dedığım dedığdır” özbaşınalığı ilə öhdəliyi icra etmir. Məhkəmə isə qəbul etdiyi qərarın icrasını təmin etmir, çox hallarda heç icra sənədi belə vermir. Necə deyərlər, məhkəmə qərarının qüvvəyə minməsi bir ayıb, icra olunmaması iki ayıb. Oysa Konstitusiyanın 129-cu maddəsinə görə, məhkəmə qərarları dövlətin adından çıxarılır və icrası məcburidir. Məhkəmə qərarlarının icra olunmaması qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur.
Bakı İnzibati Məhkəməsi (Şərafət Məmmədova və Aygün Abdullayeva) 6 ildir dövlətin adından çıxardığı 20.06.2016 tarixli 2-1 (81)-1095/16 saylı qərarın icrasını Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) 116.2 maddəsinə əsasən təmin etməkdən imtina edir və tələbkar Qarabağ qazisinin ərizələrinə belə baxmır. Gəlin razılaşaq ki, bu hal ciddi qanun pozuntusudur və məhkəmənin cəzalandırılmasına əsasdır. İPM-in 120.1-ci maddəsinə görə, inzibati orqan tərəfindən onun üzərinə qoyulan öhdəliklər icra edilmədikdə , birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. Birinci instansiya - Bakı İnzibati məhkəməsi isə 6 ildir nə tələbkarın ərizəsinə baxır, nə xidməti vəzifəsini yerinə yetirib məhkəmə qərarının icrasını təmin edir. Belə çıxır, məhkəmə inzibati orqandan ( ƏƏSMN yanında Dövlət Sosial Təminat Xidməti, hazırda Sosial Xidmətlər Agentliyi ) öhdəlik götürüb! (?) Bakı İnzibati Məhkəməsi Konstitusiyaya hörmətsizliyini 19.11.2021 tarixli “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Qərarına sayğısızlıqla sürdürür. İNZİBATİ MƏHKƏMƏLƏR VASİTƏSİLƏ HÜQUQLARIN REAL TƏMİNATINA NAİL OLMAQ ÜÇÜN ÇIXARILAN QƏRARLARIN VAXTINDA və DÜZGÜN İCRA OLUNMASININ ƏHƏMİYYƏTİNİ VURĞULAYAN Plenum İPM-in 116.2 maddəsinə əsasən icranın MƏHZ birinci instansiya məhkəməsinin xidməti vəzifəsinə görə yerinə yetirməli olduğu BORC olduğunu qərara alıb. Bəs niyə Bakı İnzibati Məhkəməsi vəzifəsini icra edib, borcunu yerinə yetirmir? Niyə rüşvətdən savadsızlıqla məsləhətçi səviyyəsində Yasamal icra şöbəsinin anonim məmurunun DSMF-in anonim məmurunun məktubu (?) əsasında icraata xitam verdiyini bildirir? Axı, İPM-in 116.2 maddəsində yazılıb və Ali Məhkəmə də qərara alıb ki, məhkəmə qərarının icrasını MƏHZ birinci instansiya məhkəməsi ( konkret halda Bakı İnzibati Məhkəməsi- M.B) təmin etməlidir! Ali Məhkəmə Plenumunun sözügedən qərarının 29-cu maddəsində məhkəmənin məcburi icra tədbirləri kimi cərimə və təkrar tətbiq etməsinin nəticə vermədiyi qənaətinə gəldikdə, “İcra haqqında” qanunda nəzərdə tutulmuş məcburi icra tədbirlərinin tətbiq edilməsi üçün icra vərəqəsi verməklə icraya yönəltməli olmasını, icra vərəqini alan icra qurumunun icranı təmin etmək üçün “İcra haqqında” qanunun xüsusən 70 və 82-ci maddələrində nəzərdə tutulmuş tədbirləri görməli olduğunu və görülmüş işlər barədə məhkəməni məlumatlandırmalı olmasını doğrulayıb. Bəs niyə Bakı İnzibati Məhkəməsi xidməti vəzifəsini yerinə yetirib, icranı təmin etmir, icra vərəqi vermir, heç tələbkarın çoxillik ərizələrinə belə baxmır. Hətta Ali Məhkəmə Plenumunun sözügedən qərarından bir ay əvvəl verilən ərizəyənin də qatı açılmayıb. Bu hansı qanuna, hansı Konstitusiyaya uyğundur?
Ədliyyə Nazirliyi, Məhkəmə-Hüquq Şurası, Ombudsman, baş prokurorluq və yanındakı korrupsiyaya qarşı mübarizə baş idarəsi insan hüquqlarının pozulmasına nə vaxt son qoyacaq? Konstitusiya nə vaxt məmurdan üstün tutulacaq?
Məğrur BƏDƏLSOY