"Bakı Ermənistana qarşı beynəlxalq təzyiq yaratmaq istəyir" - TURAN RZAYEV

2023-01-17 11:17:00

"Azərbaycan İsrailin yaratmaq istədiyi koalisiyanın bir parçası olsa, Tehran üçün çənbər daha da daralacaq"

"Yanvarın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) işgüzar səfərə gedib. Səfər hər nə qədər işgüzar xarakterli olsa da bir çox baxımdan diqqət çəkir. Ümumiyyətlə, ilk olaraq onu qeyd etmək lazımdır ki, Azərbaycanın ərəb dünyası ilə böyük tarixi-mədəni bağlılığı var. Son illərdə Prezident İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasət nəticəsində Azərbaycanın Avropa ölkələri, Türk dünyası ilə olduğu kimi, ərəb dövlətləri ilə münasibətləri də yeni inkişaf mərhələsinə qədəm qoyub. Bunu Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvəti ilə bu ölkəyə işgüzar səfərə getməsi də təsdiqləyir"."Hürriyyət" xəbər verir ki, bunu siyasi ekspert Turan Rzayev bildirib. 

"Prezidentin səfəri rəsmi Əbu-Dabinin həlledici məqamda Bakının mövqeyini dəstəkləməsinə təşəkkür mahiyyəti daşıya bilər"

Siyasi ekspert qeyd edib ki, ərəb ölkələri mütəmadi olaraq Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə öz dəstəyini ifadə ediblər: "2014-cü ildə Ər-Riyadda keçirilmiş birinci "Ərəb Dövlətləri Liqası - Orta Asiya - Azərbaycan Əməkdaşlıq və İqtisadi Forumu"nun yekunu olaraq qəbul edilmiş Bəyannamədə keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq suverenlik və ərazi bütövlüyü prinsipləri əsasında həllinin vacibliyi bir daha vurğulanıb. Əbu-Dabidə baş tutan görüşdə öz növbəsində, Prezident İlham Əliyev də Şeyx Məhəmməd bin Zayed ən-Nəhyanı Azərbaycana səfərə dəvət edib. Ölkə başçısının Birləşmiş Ərəb Əmirliyinə işgüzar səfəri iki ölkə münasibətlərinin inkişafı baxımından diqqət çəksə də konkret məqsədlər daşıdığı bəllidir. Birincisi, dekabrın 20-21-də Fransa və Ermənistanın Laçın yolundakı vəziyyətlə bağlı BMT TŞ-na təqdim etdiyi ermənipərəst bəyanat qəbul edilmədi. BƏƏ, həmçinin Böyük Britaniya, Rusiya və Albaniya Fransanın təşəbbüsünün əleyhinə çıxış etdi. Prezidentin bu səfəri həm də rəsmi Əbu-Dabinin həlledici məqamda Bakının mövqeyini dəstəkləməsinə təşəkkür mahiyyəti daşıya bilər".

"Separatçıların təxribatları, habelə Ermənistanın heç bir öhdəliyinə əməl etməməsi, rəsmi Bakının belə bir addım atmasını zəruri edir"

Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan BƏƏ-nin bu səlahiyyətinin 2023-cü ilin sonunda başa çatdığını vurğulayan siyasi ekspert vurğulayıb ki, həmin müddətə qədər Əbu-Dabi həlledici söz haqqına sahibdir: "Bakı Əbu-Dabinin dəstəyinin bundan sonra da olmasını istəyir. Mümkündür ki, ölkə başçısı Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə ikili danışıqlar zamanı bundan sonra da bənzər təşəbbüslərin qarşısını almaq üçün ölkəsinin dəstəyini istəsin. BƏƏ BMT TŞ-na bu ilin iyun ayında sədrlik edəcək və rəsmi Bakı bunu yaxşı bilir. Ölkə başçısı Paris və İrəvanın ehtimal təxribatlarının qarşısını almaq üçün tədbirlər görməklə bərabər Ermənistan əleyhinə beynəlxalq təzyiq yaratmaq istəyir. Separatçıların təxribatları habelə Ermənistanın heç bir öhdəliyinə əməl etməməsi, rəsmi Bakının belə bir addım atmasını zəruri edir. Bütün bunları nəzərə alıb demək olar ki, Bakı BMT Təhlükəsizlik Şurası üzərindən Ermənistana qarşı beynəlxalq təzyiq yaratmaq istəyir".

"Tehran Bakı kimi Körfəz ölkələrinə qarşı da təhdidkar ritorika içərisindədir, bu isə öz növbəsində, həm Bakını, həm də BƏƏ-ni İsrail ilə yaxınlaşdırır"

Onun sözlərinə görə, prezidentin BƏƏ-yə səfərinin diqqətçəkən bir məqamı da səfərin İsrail-BƏƏ münasibətlərinin normallaşması və İranın Azərbaycan kimi BƏƏ-yə qarşıda təhdidkar ritorikaya keçdiyi bir zaman təsadüf etməsidir: "İsrail son vaxtlar xüsusilə ərəb ölkələri ilə münasibətlərin normallaşmasına diqqət yetirir. Bu istiqamətdə Misir, Səudiyyə Ərəbistanı və BƏƏ ilə münasibətlərin normallaşması xüsusi diqqət çəkir. Qeyd edilən hər üç ölkə ilə İsrailin münasibətlərinin normallaşmasında Bakının müstəsna xidmətləri var. Nəzərə almaq lazımdır ki, ərəb ölkələri ilə İsrail arasında münasibətlərin ən pik həddə gərgin olduğu bir dövrdə belə Bakı dialoq qurulmasının, problemlərin danışıqlar yolu ilə həllini təklif etmişdi. Azərbaycan həm də din amili baxımından ərəb ölkələri ilə İsrail arasında körpü rolunu oynayıb. Digər tərəfdən, İsrailin əksinə, İran həm Azərbaycan, həm də BƏƏ ilə münasibətləri kifayət qədər korlayıb. Tehran Bakı kimi Körfəz ölkələrinə qarşı da təhdidkar ritorika içərisindədir. Bu isə öz növbəsində, həm Bakını, həm də BƏƏ-ni İsrail ilə yaxınlaşdırır. Düzdür, Bakı hələlik İsrailin İran əleyhinə formalaşdırmağa çalışdığı koalisiyanın bir parçası olmasa da proses ona doğru gedir. Azərbaycan bu istiqamətdə İsrailin yaratmaq istədiyi koalisiyanın bir parçası olsa, Tehran üçün çənbər daha da daralacaq".

Vazeh BƏHRAMOĞLU


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.184650