“Bakı daşnak və bolşeviklərdən qurtuldu, amma korrupsionerlərdən hələ qurtulmadı…”

2021-09-15 12:44:00

“Bakı daşnak və bolşeviklərdən qurtuldu, amma  korrupsionerlərdən hələ qurtulmadı…”

“Hazırkı milli(?) korrupsionerlər terrorçu, daşnak ermənilərdən, “37”-nin bolşevik “NKVD”-çilərindən də betərdir. Onlar pul üstündə Bakı küçələrində adamın başını da kəsirlər, ağacın yaşını da...”

-Fikir savaşı...-

Bakının, əslində bütövlükdə Azərbaycanın, əksəriyyəti Osmanlı türk əsgərlərindən ibarət Qafqaz İslam Ordusunun köməyi ilə  erməni daşnak və rus bolşevik, eləcə də ermənilərə dəstək verən ingilis birləşmələrindən qurtuluşunun 103-cü ildönümünü qeyd edirik… 

Şükür Allaha ki, ötən ilki 44 günlük savaşda Azərbaycan respublikasının işğal altındakı torpaqlarının əksər hissəsi də erməni, daşnak terrorçularından qurtuldu… 

Allah həm 1918-ci ildəki, həm də 1-ci  və 2-ci Qarabağ savaşındakı şəhidlərimizə rəhmət eləsin!..  Allah Azərbaycan-Türkiyə-Pakistan- İslam birliyini qorusun!..

 

*** ***

 

Amma nə yazıqlar ki, bu gün hələ də ölkəmizdə və ən əsası, onun paytaxtı Bakıda fəaliyyət göstərən korrupsiya-rüşvətxorluq şəbəkəsindən  hələ də qurtula bilməmişik… Bu mənfur şəbəkə xərçəng şişi kimi bütün həyati sahələrə  nüfuz edərək cəmiyyətin əsl inkişaf və tərəqqisini əngəlləyir… 

 

*** ***

 

Özü də Azərbaycandakı korrupsionerlərin kökünü araşdırsan, gedib elə 1918-1920-1930-cu illərdəki daşnaklara, bolşeviklərə, “NKVD”-çilərə, “çekist”lərə, nə bilim, keqebeşnik”lərə  çıxır… Axı 1918-ci ildə Osmanlı qardaşlarımızın köməyi ilə erməni daşnakları, milliyyətcə təkcə rus yox, erməni, yəhudi, elə Azərbaycan türkü olan bolşevik-filan ünsürlərini   Bakıdan çıxarıb köklərini qazısaq da, öz kökümüzdən olan baltaların kökü kəsilmədi. Və 1920-ci ildəki Rusiya işğalından sonra digər, eləcə də erməni millətindən olan bolşeviklər, kommunistlər Azərbaycana, Bakıya qayıdıb onların kökünün üstdə kök atdı, böyüdü, şəbəkələşdi… Və 1920-1930-cu illərin repressiyalarında, güllələnmələrində, sürgünlərində, 1948-1953-cü illərin deportasiyalarında özümüzün kökünü kəsməyə girişdi… Və təəssüf ki, 1991-ci ilin oktyabrında müstəqilliyimizi bərpa etsək də, 70 ildən çox müddətdə hər tərəfə kök-budaq atmış, şəbəkələşmiş, həm də ruslaşmış, erməniləşmiş sovet imperiya şəbəkəsinin kökünü kəsə bilmədik… Nəticədə 30 illik müstəqillik dövründə onların toxumları, kökləri cücərdikcə cücərdi, böyüdükcə böyüdü və nəticəd həmin şəbəkə xalqın qanını, ölkənin sərvətlərini sümürməyə başladı… 

 

*** ***

10 il öncə - 2011-ci ildə Prezident İlham Əliyev  korrupsiyaya qarşı mübarizə elan etsə də, bu günədək neçə-neçə icra başçısı, nazirlər və s. məmurlar bu cinayətə görə işlərindən azad edilsə də, həbs edilsə də, hələ də xalq korrupsiyadan şikayətçidir…

 

 

*** ***

Azərbaycanda korrupsiya və rüşvətxorluğun kütləviliyini sübut etmək üçün  uzağı  1000-2000 manat maaş alan  nazirlər, nazir müavinləri, komitə sədrləri, icra başçıları, təhsil şöbə müdirləri və s. məmurların Bakıda, Abşeronda və ölkənin əksər gəzməli-görməli rayonlarında tikdirdikləri möhtəşəm villlaları, malikanələri görmək kifayətdir… Özü də bir gəzməli-görməli rayonda Bakıdakı yüksək vəzifəli məmurlarlarla yanaşı, digər əksər rayon icra başçılarının və s. iqamətgahları var… Üstəlik, onların çoxu da dövlətə vergi, işıqpulu, supulu, qazpulu ödəməkdən yayınır… Ölkədə isə milyonlarla adam, o cümlədən köçkünlər evsiz-eşiksizdir…

***

Bir sözlə, 103 il öncə  erməni daşnak-bolşevik işğalından qurtulsaq da, bizim hazırkı milli(?) korrupsionerlər terrorçu, daşnak ermənilərdən, “37”-nin bolşevik “NKVD”-çilərindən də betərdir. Onlar pul üstündə Bakı küçələrində adamın başını da kəsirlər, ağacın yaşını da... Birinin kefi istəyir yanacağın qiymətini qaldırdır, o biri işığın, digəri də suyun və s...

 

*** ***

Birbaşa, ya dolayısıyla  erməni, daşnak terrorizminə, Rusiyanın imperialist şovinizminə xidmət edən korrupsiya şəbəkəsindən qurtulmaq isə xalqın öz əlindədir... 

*** 

Allah-Təala Qurani-Kərimdə buyurur ki, bir cəmiyyət özünü dəyişməyincə, Allah da onu dəyişməz... Müstəqilliyimizin bərpasından artıq 30 il keçir... Əsl mənada azadlığı, müstəqilliyi, demokratiyanı dadmaq istəyiriksə, özümüzü dəyişməliyik.... Bunun üçün isə ilk növbədə nəfsimizin, tamahımızın əsirliyindən, zəncirlərindən qurtulmalıyıq... Bizdən rüşvət istəniləndə kütləvi şəkildə haqqımızı tələb etməli, özümüz heç kəsdən rüşvət almamalı və heç kəsə rüşvət verməməli, naziri, başçını,elə öz rəisimizi, müdirimizi korrupsiyada suçlayıb amma qəlbimizdə onların yerində olmaq niyyətində olmamalı, özümüzü və ya övladımızı rüşvət hesabına vəzifəyə qoymamalıyıq...