Saat:13:10
Haqqımızda

Bakı da Parisin hərəkətinə layiqli cavab verəcək - AÇIQLAMA

2024-04-17 20:34:48

Bakı da Parisin hərəkətinə layiqli cavab verəcək - AÇIQLAMA

"Azərbaycan bütün dünya ölkələri, o cümlədən Fransa ilə də beynəlxalq hüquq normaları çərçivəsində ikitərəfli qarşılıqlı etimada əsaslanan formatda əməkdaşlığın qurulmasına çalışsa da, Paris bunun tam əksi istiqamətdə addımlar atıb və atmaqda davam edir. Baxmayaraq ki, Azərbaycanla Fransa arasında uğurlu əməkdaşlıq dövrü də olub. Azərbaycanla Fransa iqtisadi, siyasi, humanitar sahədə çox sıx əməkdaşlıq edib. Lakin son illərdə Fransa birtərəfli qaydada Azərbaycanla münasibətləri pozmaq istiqamətində siyasət yürütməkdədir. Fransanın  Azərbaycana qarşı qərəzli, heç bir əndazəyə sığmayan siyasəti İkinci Qarabağ müharibəsindən sonra özünü daha qabarıq formada göstərməkdədir".

Hurriyyet.Az bildirir ki, bunu Ölkə.Az-a açıqlamasında deputat Mahir Abbaszadə deyib.

Onun sözlərinə görə, bu, Fransanın Azərbaycanın Ermənistanın işğalçılıq siyasətinə son verib Cənubi Qafqazda yeni geosiyasi reallıq yaratmasını qəbullanmamasından irəli gəlir. "Azərbaycanın qələbəsini heç cür həzm edə bilməyən Fransa son 3 ildən artıq müddətdə Cənubi Qafqazda gərginliyin davam etməsi üçün ən müxtəlif təxribatlara əl atmaqdadır. Baxmayaraq ki, hər dəfəsində də onun bütün bu destruktiv fəaliyyəti iflasa uğrayır. Amma yenə də anti-Azərbaycan mövqeyindən əl çəkmir", - o qeyd edib.

Deputat əlavə edib ki, Fransanın son illərdə Azərbaycana qarşı beynəlxalq hüquq norma və prinsiplərinə zidd fəaliyyəti barədə çox danışmaq olar: 

"Fransa 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı, ondan sonra Azərbaycanın Laçın-Xankəndi yoluna gömrük-sərhəd nəzarətini, 2023-cü ilin sentyabrında antiterror tədbirləri keçirərək ərazi bütövlüyünü bərpa etməsinə qarşı bütün diplomatik təsir mexanizmini işə salıb, BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı 7 fərqli sənədin qəbul olunmasına çalışıb. Amma Fransanın bütün bu cəhdlərinin hamısı diplomatik fiasko ilə nəticələnib. Bakının yürütdüyü düzgün siyasət nəticəsində Paris öz meydançasında biabırçı şəkildə məğlubiyyətə  düçar edilib. 

Paris yanlışlıqlarından nəticə çıxarmaq əvəzinə yenə də bu səhvi təkrarlamaqdadır. Azərbaycan uğurlara imza atdıqca Fransa Azərbaycana qarşı növbəti təxribatçı hərəkətlərə əl atmaqdadır.  Paris bu dəfə Bakıdakı səfiri Ann Buayonun məsləhətləşmələr üçün geri çağırması bunun bariz nümunəsidir. Parisin Bakı ilə diplomatik böhran yaratma cəhdi də nəticə etibarilə uğursuz olacaq. Fransanın indiyədək Cənubi Qafqazda vəziyyəti gərginləşdirmək və sülhə mane olmaq cəhdləri necə boşa çıxıbsa, bundan sonra da Azərbaycan Prezidentinin yürütdüyü müdrik diplomatiya nəticəsində bu cəhdi də iflasa uğrayacaq. 

Paris onu da bilməlidir ki, Fransanın bu addımına qarşı Bakının adekvat cavab vermək və digər diplomatik həmlələri gündəmə gələ bilər. Niyə də olmasın?! İlk addımı atan Fransadır. Azərbaycan da cavab vermək hüququna malikdir və əminəm ki, özünəməxsus şəkildə layiqli cavabını da verəcək. Azərbaycan Fransanın bölgədə gərginliyi dərinləşdirməsin, geosiyasi toqquşma meydanına çevirməsinə imkan verilməyəcək. Nəticədə itirən və uduzan tərəf isə yenə də Fransa olacaq".

Mürtəza

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.186790