"Bakı bu addımı atsa, Ermənistan və Azərbaycan arasında sülh imzalanacaq" - İLGİNC AÇIQLAMA

Bayramov və Mirzoyanın Vaşinqton görüşü tərəflər arasında hansısa bir razılığın əldə olunacağına ümidləri artırır. Bu müzakirələrdən gözləntilər böyük olsa da, XİN başçılarının görüşünə münasibət birmənalı deyil. Bəzi ekspertlər görüşün uzun müddət davam etməsini nəticələrin müsbət olacağı ilə əlaqələndirsələr də, bunun əksini düşünənlər də kifayət qədərdir. Bəs görəsən, Ceyhun Bayramov və Ararat Mirzoyan görüşündən gözləntilər nədir? Sülh sazişinin imzalanması prosesinə şahidlik edə bilərikmi?
Mövzunu Konkret.Az-a şərh edən politoloq Elçin Mirzəbəyli bildirib ki, Xarici İşlər Nazirlərinin görüşü bir qayda olaraq dövlət rəhbərlərinin görüşünə hazırlıq xarakteri daşıyır: “Amma indiki halda görüşün uzunmüddətli olması və bir neçə gün davam etməsi onu deməyə əsas verir ki, XİN rəhbərləri konkret hansısa prinsip və müddəalar üzərində işləyir. Bu prinsiplərin detallı şəkildə razılaşdırılması prosesi gedir. Bütün hallarda vaşinqtonun indiki yanaşması və tərəflər arasında dialoqun qurulması istiqamətindəki səyləri müsbət dəyərləndirilməlidir. Çünki prosesdə hansısa bir statusla çıxış edən vasitəçilər nəticə etibarilə öz geosiyasi maraqlarını daha çox düşünürlər. İndiki halda isə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına mane olan hansısa aspektin gələcəyə keçirilməsi bir sıra problemlərin ortaya çıxmasına zəmin yarada bilər. Regiondakı problemlərin birdəfəlik həll olunması həm Azərbaycanın, həm də Ermənistanın maraqlarına uyğundur. Bu baxımdan Vaşinqton platforması indiyədək keçirilən görüşlərdən daha obyektiv qiymətləndirilməlidir”.
Politoloqun sözlərinə görə, Vaşinqton görüşündə birtərəfli qaydada verilən bəyanatların şahidi olmuruq: “Neytrallığın qorunması üçün daha çox səy göstərilir. Azərbaycanın irəli sürdüyü 5 prinsip əsasında sülh müqaviləsinin imzalanması həm İrəvan, həm də Bakının maraqlarına uyğundur. Üstəlik, belə bir yanaşma prosesə üçüncü tərəflərin müdaxilə etməməsi üçün zəmin yarada bilər. İndiki görüş birbaşa dialoq xarakteri daşıdığı üçün müsbət qiymətləndirilməlidir”.
Mövzunu saytımıza şərh edən politoloq Əhəd Məmmədli isə bildirib ki, Bayramov-Mirzoyan görüşündən ciddi heç nə gözləmir: “Hesab edirəm ki, biz öncə rus sülhməramlılarının nəzarət etdiyi ərazilərdə öz suverenliyimizi təmin etməliyik. Söhbət Xankəndi və ətrafından, Naxçıvanın və Qazaxın kəndlərindən gedir. Yalnız bundan sonra ermənilərlə hansısa sülhdən danışmaq olar. Digər tərəfdən, Amerikanın şərtləri altında hansısa ciddi irəliləyişə nail olunmasına Rusiyanın imkan verəcəyini düşünmürəm. Həmçinin Ermənistan da Azərbaycanın irəli sürdüyü tələblərlə sülh müqaviləsini imzalamağa can atmır”.
Politoloq əlavə edib ki, Ermənistan öz suverenliyini Rusiya, İran və “Soros”un nümayəndələrinə qurban verib: “Suveren olmayan bir ölkə isə böyük dünya güclərinə arxalanaraq Azərbaycana problem yaradır. Odur ki, Ermənistan və Azərbaycan arasında sülh yalnız rəsmi Bakının İrəvanı buna təhrik etməsi fonunda imzalanacaq. Bunun ilk addımını 13-15 sentyabr hadisələri zamanı atdıq. Amma hələlik tam istədiyimizə nail olmamışıq. Hesab edirəm ki, hərbi təzyiq fonunda Ermənistan və ona havadarlıq edən qüvvələr Azərbaycanın şərtləri ilə sülh imzalamağa razılaşacaqlar. Əks halda ermənilər vaxtı uzatmağa çalışacaqlar”.
Müşviq Tofiqoğlu
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya