"Bakı boşaldılmalı, universitetlər, bəzi nazirliklər, dövlət idarələri bölgələrə köçürülməlidir" NATİQ CƏFƏRLİ

2022-05-12 13:34:00

"Belə infrastrukturla maşın sayı hər 1000 nəfərə 300 avtomobilə çatsa, Bakı maşın sürülməsi mümkün olmayan şəhərə çevriləcək"

"Azərbaycanda geniş yayılmış bir mif var, ölkədə maşın sayı çoxdur deyə tıxaclar yaranır, maşın əlindən tərpənmək olmur. Yanlış təsəvvürdür, problem maşın sayında deyil, qeyri-effektiv idarəetmə sistemində, şəhərin infrastrukturunun zəlil günə qoyulmasındadır. 2020-ci ilin məlumatlarına görə, Azərbaycanda hər 1000 nəfərə 126, Gürcüstanda 281, Ermənistanda 167 avtomobil düşür. Keçmiş “SSRİ” respublikaları arasında bu göstəriciyə görə biz 12-ci yerdəyik, bizdən sonra Türkmənistan, Tacikistan və Özbəkistan gəlir". Hurriyyet.az xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, iqtisadçı ekspert Natiq Cəfərli bildirib.

İqtisadçı ekspert qeyd edib ki, ölkə avtomobil parkının 60%-i 20 yaş və daha köhnə maşınlardır, bu isə qəzalar zamanı ölüm və yaralanma hallarını artırır, köhnə maşınlar ekologiyaya da ciddi zərər vurur: "Hökumət isə gömrük rüsumları və vergiləri kəllə-çarxda saxlayaraq ölkəyə yeni, müasir, təhlükəsiz, ekoloji az zərərli maşınların gətirilməsinə məne olurlar. Səbəb kimi də yuxarıda yazdığım mifi əsas gətirirlər ki, guya, ölkədə maşın çoxdur, tıxaclar yaranır. Şəhərin baş planı olmadan tikinti meydançasına çevirdilər, neft pulunu betona gömdülər, şəhər infrastrukturunu plansız pis günə qoydular, küçələr dar, körpülər mənasız, alt keçidlər az – bütün bunlar tıxaclara, sıxlığa əsas səbəbdir. Cürcüstana çatmaq üçün bizdə indikindən 2,5 dəfə çox maşın olmalıdır, belə infrastrukturla maşın sayı hər 1000 nəfərə 300 avtomobilə çatsa, Bakı sadəcə maşın sürülməsi mümkün olmayan şəhərə çevriləcək".

Natiq Cəfərli hesab edir ki, çıxış yollarından biri şəhərin boşaldılmasıdır: "Universitetlər, bəzi nazirliklər, dövlət idarələri, Ali Məhkəmə, Konstitutsiya Məhkəməsi Bakıdan regionlara, əsasən də işğaldan azad edilmiş bölgələrimizə köçürülməlidir. Digər çıxış yolu isə Bakı Böyük Şəhər Bələdiyyəsinin və seçkili Mer institutunun təsisi, məsuliyyətin və səlahiyyətin təyin edilmişlərdən alınıb seçilmişlərə verilməsidir".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya