Bakı 106 illik səhvi düzəldə bilərmi? – “Tarixi müqavilə qüvvədən düşdü”
Son günlər müzakirə olunan məsələlərdən biri də 1918-ci ildə tarixi Azərbaycan torpağı İrəvanın Ermənistana verilməsidir. Sözügedən mövzu ətrafında ekspertlər, tarixçilər və siyasi simalar müxtəlif fikirlər səsləndirirlər.
Maraqlıdır, Azərbaycan Demokratik Respublikasının (ADR) 1918-ci ildə İrəvanla bağlı verdiyi qərarı hazırkı Azərbaycan dövləti ləğv edə bilərmi? Bunun siyasi, hüquqi (həm yerli, həm beynəlxalq) proseduru necədir?
Hurriyyet.az xəbər verir ki, məsələ ilə bağlı globalinfo.az-a danışan siyasi şərhçi Əli Zülüfqaroğlu deyib ki, 1918-ci ildə İrəvan və ətraf ərazilərin ermənilərə güzəştə gedilməsi üçün ciddi təzyiq var idi:
“1918-ci ilə qədər Cənubi Qafqazda erməni dövləti olmamasını tarixçilərimiz dəfələrlə bildiriblər və bu hər kəsə, eyni zamanda ermənilərin özü üçün də aydındır. İndiki Ermənistan tarixi Azərbaycan torpaqlarında qurulmuş dövlətdir.
ADR-in bu addımı atması müqabilində ermənilər Azərbaycana qarşı heç bir zaman ərazi iddiaları ilə çıxış etməyəcəkləri və digər məsələlərlə bağlı öhdəlik götürmüşdülər. Amma bu öhdəlikləri nəinki yerinə yetirmədilər, əksinə son dönəmlərə qədər Azərbaycana ərazi iddiaları ilə çıxış etdilər, soyqırımı, terror aktları törətdilər, torpaqlarımızı işğal etdilər. Yəni bununla da öhdəlikləri qanuniləşdirən Batum danışıqları və müqavilələrinin şərtlərini pozdular. Fikrimcə, bu, müqavilənin hüquqi qüvvəsinin itirilməsi anlamına gəlir”.
Ə.Zülüfqaroğlu əlavə edib ki, beynəlxlaq və dövlətlərarası münasibətlər sisteminin əsas istinad nöqtəsi, yəni bütün bunları tənzimləyən ən böyük təşkilat Birləşmiş Millətlər Təşkilatıdır:
“BMT isə artıq qeyri-ciddi və nüfuzdan düşmüş, qərarları elə ilk növbədə Ermənistan tərəfindən icra olunmayan bir quruluşa çevrilib, funskiyasını itirib. Ona görə də müasir dönəmin, yeni geosiyasi düzənin tələblərinə cavab vermir. Bu isə o deməkdir ki, BMT format olunmalı, yaxud yeni dünya nizamlı formalaşdıqdan sonra yeni beynəlxalq təşkilatlar qurulmalıdır.
Yaxın gələcəkdə dünyada böhran daha da dərinləşəcək. Geosiyasi dağıntı, dollarmərkəzli soyğunçu petrodollar sisteminin çöküşü yeni ittifaqların qurulmasına, yeni rezerv valyutaların dövriyyəyə buraxılmasına və yeni bazarların qurulmasına gətirib çıxaracaq. Yəni getdikcə Azərbaycana qarşı Qərb təhdidləri aradan qalxacaq. Detallara girmədən onu deyə bilərəm ki, dərinləşən geosiyasi böhran Azərbaycanın lehinə proseslər yaradacaq. Tarixi ədalətin daha böyük anlamda təmin olunması üçün yeni fürsətlər olacaq”.