Bahalaşmanın qarşısını NECƏ almalı? - Deputatdan TƏKLİF

2022-08-31 13:42:00

Bahalaşmanın qarşısını NECƏ almalı? - Deputatdan TƏKLİF

“Ümumiyyətlə, bahalaşma var və bunu hamı bilir. Özü də çox ciddi bahalaşmadır. Elə-belə bahalaşma deyil. Burada həm süni bahalaşma var, həm obyektiv, həm də subyektiv bahalaşma var. Doğrudur, anti-inhisar xidməti müəyyən qədər bu işlə məşğuldur. Amma biz xaricdən kifayət qədər çox məhsul ixrac etdiyimiz üçün qiymətlər də bahadır. Çünki bahalı qiymət və infilyasiya da idxal edirik. Bu səbəbdən mallar bahalaşır. Bunun tənzimlənməsinin bir neçə yolu var”.

Hurriyyet.az xəbər verir ki, bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov deyib.

Deputat Vahid Əhmədov bildirib ki, əgər bahalaşma bu cür davam edəcəksə, aztəminatlı ailələrin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində bir sıra addımlar atmaq lazımdır:

“Onların pensiya və müavinətini artırmaq barədə fikirləşməliyik. Elə ailələr var ki, gəlirləri kifayət qədər aşağıdır. Bu ailələrlə bağlı hansısa qərarlar verilməlidir. Hesab edirəm ki, dövlət tərəfindən də müəyyən dərəcədə anti-infilyasiya tədbirləri həyata keçirilməlidir. İqtisadi cəhətdən zəruri sayılan müəyyən qərarlar qəbul edilməlidir. Maaş artımı bir tərəfdən yaxşıdır, amma bazara əlavə vəsait buraxılanda digər tərəfdən infilyasiya təzyiqi yaradır. Amma bu da lazımdır. Digər tərəfdən, hökumət iqtisadi rıçaqlardan istifadə etməlidir. Bu, həm gömrükdə, həm də vergi sistemində olmalıdır. Məsələn, ərzaq məhsullarına əlavə dəyər vergisi 18 faiz götürülür. Mən on ilə yaxındır ki, Milli Məclisdə bu məsələyə toxunuram. Deyirəm ki, gəlin, diferensiallaşdırılmış vergi sistemindən istifadə edək. Söhbət əlavə dəyər vergisindən gedir”.

Vahid Əhmədovun sözlərinə görə, məhsul var ki, onun üzərinə 30 faiz, 25 faiz ƏDV qoymaq olar:

“Bunun üçün prestij məhsullar var; avtomobillər, mebel, elektron avadanlıqlar sair. Ərzaq məhsullarına uçot aparmaq üçün 1-2 faiz ƏDV tətbiq edilməlidir. Biz niyə ərzaq məhsullarına 18 faiz əlavə dəyər vergisi qoymalıyıq?! Belə olan halda ərzaq məhsullarının qiyməti 15-16 faiz ucuzlaşacaq. Söhbət idxal məhsullarından gedir. Gömrük rüsumlarını da kəskin şəkildə azaltmaq olar. 10-15 faiz rüsum tətbiq edilən məhsullara 0-1 faizlik rüsum tətbiq etmək mümkündür. Azərbaycanda istehsal olunmayan, xaricdən gətirilən məhsulları nəzərdə tuturam. Yəni, hökumətin əlində bu cür imkanlar var. Hökumət bu rıçaqlardan istifadə edərək problemi həll edə bilər”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.064413