“Bağçalar Təhsil Nazirliyinin tabeliyinə verilsin"

2021-10-13 21:08:00

“Bağçalar Təhsil Nazirliyinin tabeliyinə verilsin
Xəbər verdiyimiz kimi, təhsil eksperti Kamran Əsədov təhsil müəssisələri, uşaq bağçaları və körpələr evi ilə bağlı maraqlı təklif irəli sürüb.
Bağçaları yenidən Təhsil Nazirliyinin tabeliyinə qaytarmağa ehtiyac yoxdur:
“Məktəbəqədər təhsil müəssisələri Agentliyi yaradılmalıdır. Konkret  bütün diqqət keyfiyyətin artırılmasına yönəlməlidir”. 
 
Təklifi dəyərləndirən digər təhsil eksperti Elçin Əfəndi həmkarının fikri ilə razılaşmayıb. O “Sherg.az”a söyləyib ki, bağçaları Təhsil Nazirliyinin  nəzdində olan məktəbəqədər müssisələrə nəzarətlə bağlı fəaliyyət göstərən qurumun tabeliliyinə vermək mümkündür:
 
“Doğrusu, dövlət büdcəsindən vəsait ayırıb Agentlik yaratmağın tərəfdarı deyiləm. Lakin Təhsil Nazirliyinin tabeliyindəki məktəbəqədər müəssisələrə nəzarət edən qurumu daha da inkişaf etdirmək olar".
Ekspert sonda əlavə edib ki, bağçaların İcra Hakimiyyəti ilə bağlılığı yoxdur:
"Bütün bağçalar İcra Hakimiyyətinin tabeliyindədir. Müəllimin təyinatı daxil olmaqla, bağça müdirlərinin təyinatını İcra Hakimiyyəti həyata keçirir və bu proseslərdə korrupsiya faktlarına rast gəlinir. İcra Hakimiyyətinin təhsillə, bağçalarla əlaqəsi yoxdur. Ona görə də bağçaların Təhsil Nazirliyinin tabeliyinə verilməsi vacibdir". \\Sherg.az