Saat:00:52
Haqqımızda

Babanın Vətənə sevgi borcu - FOTO

2025-04-16 11:40:34

Babanın Vətənə sevgi borcu - FOTO

Şanlı tariximizin unudulmaz səhifəsinə çevrilən 44 günlük Vətən müharibəsində qazanılan qələbə qəhrəman Vətən övladların qanı, canı bahasına əldə olundu. Astara rayonunun Ərçivan qəsəbəsində dünyaya  göz açan  Baba Əhməd oğlu Qasımov da  haqq savaşımızda  erməni dığalara qarşı döyüşdə  misilsiz şücaət göstərərək ömrünün 31-ci ilində   şəhidlik zirvəsinə ucalıb.

Vətən sevgisi, torpağa bağlılıq  ana südü ilə birgə keçmişdi  Babanın qanına. Odur ki, həyata dərk edən gündən müqəddəsliyinə tapınmış doğma Azərbaycanının  ayrılmaz hissəsi olan Qarabağda  erməni  işğalçıların vəhşi  hərəkətlərini heç cür vicdanına  sığışdıra bilmirdi. Qəlbində düşmənə sonsuz nifrət gəzdirən Baba  əsgər yaşına çatıb ordu sıralarına yola düşəndə əsas  amalı  məqamı gələndə  dığalardan  Vətənin, millətin qisasını  layiqincə almaq olur...

Əsgər Baba o dövrün ən qaynar bölgəsində əlinə silah  alıb adına  can dediyi Azərbaycanın   keşiyini çəkir. Ləyaqətli xidməti, mərdliyi, Vətənə sədaqəti  onu əsgərlərin, komandirlərin yanında üzüağ edir. Təlimlərdə göstərdiyi fəallığı nümunə olur. Baba müqəddəs  əsgəri borcunu  başa vurub doğma kəndinə qayıdır. Amma   Vətən torpaqlarının erməni dığaların tapdağında olduğu bir vaxtda  heç cür  evdə qərar tuta bilmir. Yerini cəbhə bölgəsində görən  Baba  yenidən hərbi xidmətə yollanır.  Və gizir rütbəsində yağıdan alacağı qisas gününə hazırlaşır.

Baba  2016-ci ilin Aprel döyüşlərində yağıya qan qusdurur. Belə ki, ölüm-dirim savaşında çoxlu sayda erməni yaraqlısını məhv edir. Azad olunmuş Lələ-təpədə   Azərbaycanının qələbə bayrağı dalğalananda hamıda çox sevinən Baba olur.   Həm də  göstərdiyi  igidliyə görə komandirləri tərəfində “Canavar” ləqəbini alır.

Baba Qasımov  adəti üzrə  təlimlər zamanı xüsusi peşəkarlıq göstərir, gördüyü işlərlə  yalnız özünə hörmət qazandırir.   Bir müddət sonra Xüsusi Təyinatlı   Qüvvələrində xidmətə keçir. Vətən müharibəsi başlayanda  kəşfiyyatçı kimi odun-alovun içinə atılır.  Füzulinin, Qubadlının, Xocavəndin azadlığı uğrunda gedən ağır müharibələrdə rəşadət nümunəsi göstərir, düşmənə ciddi itkilər verir.    30 ilə yaxın işğalda olan Azərbaycan torpaqlarında bayrağımız  ucaldıqca  "Bu günü görmək üçün yaşamışam mən. Bundan sonra ölsəm də olar",-  kəlmələri  Babanın dilindən düşmür.  Vətən, torpaq uğrunda hər an canından keçməyə   hazır olan qəhrəman 2020-ci il oktyabrın 20-də Qubadlıda gedən gərgin   döyüşlərdə şəhadətə qovuşur.

Şərəfli ölümü  bütün xalqı üçün başucalığı olan   Baba   dövlət tərəfindən "Vətənə xidmətə görə" 3-cü dərəcəli ordenə, "Vətən uğrunda", Füzulinin, Qubadlının, Xocavəndin azad olmasına  görə medallara layiq görülür.

Vətənə sevdalanıb, ömrünü ona verən Baba kimi mərd insanlar heç zaman unudulmur.  Cismən aramızda olmasalar da, mənən qəlblərdə yaşayır, qərinələr boyunca böyük ehtiramla xatırlanırlar...

Zəfər ORUCOĞLU

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.199342