“Azərsu”dan Qarabağ qazisinə “bayram sürprizi” - beşqat supulu tələbi

2022-05-02 19:43:00

“Azərsu”dan Qarabağ qazisinə “bayram sürprizi” - beşqat supulu tələbi

Bakı şəhəri, Əhməd Rəcəbli küçəsi - 46 ünvanında yaşayan əlil və şəhid ailələrinin mənzillərinə smart su sayğaclarının quraşdırılmasından imtina edilməsini “əlillər evi”nin  kanalizasiyasının olmaması ilə  “əsaslandırmaq”  olarmı? Çətin sualdır. Dövlət sifarişi ilə əlillər üçün tikilən 36 mənzilli, 150 civarında insanın yaşadığı evin kanalizasiya sisteminə qoşulmaması bir yana, hələ üstəlik smart su sayğacları ilə təchiz edilməməsini anlamaq olmur.

Qazi və şəhid ailələrinə mənzil- məişət xidməti qayğısı belə olur? Biz hələ evin pandüsünün belə olmamasından , dörd yandan “məmur  hasarları”  ilə dövrələnməsi (sözün gerçək anlamında məmurlar özlərini qazi və şəhid ailələrindən daş hasarlarla ayırıb) səbəbi ilə fövqəladə hallarda təcili yardım maşınlarının girişinə belə imkan verilməməsindən  danışmırıq. Heç ondan da danışmırıq ki, Fövqəladə Hallar Nazirliyi bu binanı necə və neçəyə təhvil alıb? Biz indi ondan danışırıq ki, “Azərsu” ASC-nin sayğacları da əlil və şəhid ailələrinə kələk gəlir. Olmayan kanalizasiyaya görə “kanalizasiya haqqı” tutulması kələkbazlığını demirik.  Nərimanov rayon su idarəsi , 13 ildir müraciətlər edilməsinə baxmayaraq, sayğac bazarlığına son qoymağı düşünmür. Su xidmətinin düşündüyü aztəminatlı istehlakçılara şişirtmə qiymətlər tətbiq etməkdir. Özü də adi su sayğaclarının ənənəvi şişirtmə yazmasından tutmuş , su məmurunun “yazdığı”na  kimi ! (?) Bayram günlərində şişirtmə xidmət qiymətləri elə şişir ki!

Aylıq 14-15 manatlıq su işlədən abonentə Ramazan bayramı günündə 70 manat borc qəbzi verilib. Görəsən, su idarəsi bayram sürprizini – beşqat pul tələbini hansı qayda-qanun, hansı qərarla bağlayır? Ən azı, hansı “sosial-iqtisadi” məntiqlə üç – dörd nəfərlik ailənin ayda 70 ton suyu “havaya sovurması” əsaslandırılır? Heç evi zəbt edən villalar ayda 70 ton su işlətmir axı! Yoxsa bu məmur villalarının kommunal xidmət haqlarını da qazi və şəhid ailələrinə ödətdirirlər? Sualın  ritorik olması ehtimalı böyükdür …

 

Məğrur BƏDƏLSOY

 

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya