Saat:15:31
Haqqımızda

"Azərsu" yetkililəri, verdiyiniz su qədər ömrünüz olsun! - VAZEH BƏHRAMOĞLU YAZIR

2023-05-24 13:25:00

Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Samir Cəfərov küçəsi bina 9A-nın sakinləri, mətin olun, qurum rəsmisi deyir ki, keçən il hansı qaydada su verilibsə, bu il də eyni müsibət yaşanacaq

"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı ötən gün Trend-ə verdiyi açıqlamasında Bakı və bakıətrafı ərazilərdə içməli su qıtlığının olmayacağını bəyan edib. Belə ki, içməli su qıtlığının yaranmaması üçün "Azərsu" ASC-nin kifayət qədər tədbirlər gördüyünü iddia edən Cəbrayıllı yay aylarında əhalinin dayanıqlı su təminatının aparılması üçün planlar hazırlandığını da əlavə edib: "Xətt siyirtmələrin, nasos stansiyalarının saz vəziyyətdə olması, onların idarə edilməsi, rejimlərin tənzimlənməsini həyata keçirməklə çalışacağıq ki, bütün abonentlərimizi dayanıqlı içməli su ilə təmin edək. Yəni, əvvəlki illərin yay aylarında təminat necə olubsa, bu il də Bakı və bakıətrafı ərazilər eyni qayda ilə içməli su ilə təmin ediləcək".

ASC yetkilisi həmçinin, əhalinin içməli su ilə təmin edilməsi üçün Kür çayı və Ceyranbatan su anbarında kifayət qədər su ehtiyatının olduğunu da vurğulayıb: "Düzdür, su ehtiyatları əvvəlki illərdəki kimi deyil, amma əhalinin içməli su təminatına bəs edəcək səviyyədədir". 

Hə, indi isə keçək Anadolu türkləri demişkən, zurnanın zırt dediyi yerə. Açıqlamadan da gördüyünüz kimi, Cəbrayıllı Bakı və bakıətrafı ərazilərdə içməli su qıtlığının olmayacağını,"Azərsu" ASC-nin bütün abonentləri dayanıqlı içməli su ilə təmin edəcəyinə dair söz verib. Şəhərin digər ərazilərini deyə bilmərəm, lakin Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Samir Cəfərov küçəsi bina 9A-da yaşanan rəzil durumu göz önünə aldıqda, qəti əminliklə qeyd edə bilərəm ki, qurum yetkilisinin açıqlaması həqiqəti əks etdirmir, yalnız gözdən pərdə asmağa, "işimizin öhdəsindən layiqincə gəlirik" imici yaratmağa hesablanıb. Əgər "Azərsu"da kimsə bunun əksini iddia edirsə, o zaman zəhmət çəkib rahat kreslosundan ayrılıb qeyd etdiyim ünvana təşrif buyura və əhalinin bu isti günlərdə susuzluqdan əziyyət çəkdiyini gözləri ilə görə bilər. Öncədən bildirim ki, "Vətəndaşlar sizi doğru məlumatlandırmır, həmin əraziyə su normal qaydasında verilir" deyən olacaqsa, zəhmət çəkib özünü yormasın. Çünki şəxsən mən 1989-cu ildən həmin ünvanda yaşayıram. Odur ki, yenilikçi olun, nəsə başqa, daha kreativ bəhanə tapmağa çalışın...

Beləliklə, artıq 4 gündür ki, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Samir Cəfərov küçəsi bina 9A-nın sakinləri su üzünə həsrət qalıb desəm, yəqin ki, şişirtmiş olmaram. Ümumiyyətlə, həmin ünvana HEÇ VAXT 24 saat, yəni bir neçə il öncə su çənlərimizi sökərkən söz verildiyi kimi fasiləsiz su verilməyib. Ancaq son 4 gündür ki, suyun verilişi tamamilə dayandırılıb. Bununla bağlı "Azərsu" ASC-nin 955 Zəng Mərkəzinə, eləcə də qurumun "facebook" sosial şəbəkəsindəki səhifəsinə sual ünvanladıqda hər dəfə eyni standart cavab alırıq: "Hörmətli Abonent, Yeni Günəşli qəsəbəsi "V" yaşayış sahəsi, 7 saylı nasosstansiyada suyun təzyiqinin aşağı olması ilə əlaqədar olaraq Qaraçuxur, Yeni Günəşli V yaşayış sahəsi, Samir Cəfərov küçəsi su təchizatında fasilələr yaranmışdır. Müvəqqəti narahatlıq ilə bağlı üzr istəyirik". Buna baxmayaraq, Anar Cəbrayıllı isə israrala iddia edir ki, "Azərsu" nasos stansiyalarının saz vəziyyətdə olması, onların idarə edilməsi, rejimlərin tənzimlənməsini həyata keçirməklə bütün abonentlərin dayanıqlı içməli su ilə təmin olunmasına çalışacaq. Görünür, "bütün abonentlər" ifadəsi bizim binanın sakinlərinə şamil edilmir.

Bu arada, onun açıqlamasında şəxsən məni narahat edən əsas məqam isə "Əvvəlki illərin yay aylarında təminat necə olubsa, bu il də Bakı və bakıətrafı ərazilər eyni qayda ilə içməli su ilə təmin ediləcək" ifadəsidir. Deməli, belə çıxır ki, Samir Cəfərov küçəsi bina 9A-nın sakinləri hər il olduğu kimi, bu il də susuzluqdan "Kərbəla müsibəti" yaşayacaqlar. Çünki "Azərsu" yetkilisi özü bununla bağlı söz verib. Adam deyir ki, keçən il hansı qaydada su verilibsə, bu il də eyni müsibət yaşanacaq. Odur ki, buradan "Azərsu" yetkililərinə xitabən bildirirəm ki, verdiyiniz su qədər ömrünüz olsun!

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR