Saat:01:58
Haqqımızda

““Azərmaş“ın arxasında duran mafioz qüvvələr hakimə təzyiq göstərir” – MƏHKƏMƏ HÜQUQ ŞURASININ SƏDRİNƏ MÜRACİƏT

2022-10-07 17:25:00

““Azərmaş“ın arxasında duran mafioz qüvvələr hakimə təzyiq göstərir” – MƏHKƏMƏ HÜQUQ ŞURASININ SƏDRİNƏ MÜRACİƏT

Bakı şəhəri, Nizami küçəsi 53, mənzil 41-də yaşayan Abdullayev Emil Böyükağa oğlu tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurasının sədri Fikrət Məmmədova, Bakı Kommersiya Məhkəməsinin hakimi Zeynəb Axundovaya müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

“Hörmətli Fikrət müəllim!

Bildirirəm ki, Bakı Kommersiya Məhkəməsinin hakimi Zeynəb xanım Axundova tərəfindən tərtib və təsdiq edilmiş 02 sentyabr 2022-ci il tarixli, İŞ N0-2-2(113)-5039/2022 saylı məhkəmə bildirişini, (04.10.2022-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak etmək üçün) 20.09.2022-ci il tarixdə poçt vasıtəsilə almışam.

Məhkəmə bildirişində iddia ərizəsinin surəti və ona əlavə edilmiş sənədlərin göndərilməsi qeyd edilsə də, həmin sənədlər mənə göndərilməmişdir. Buna baxmayaraq, Bakı Kommersiya Məhkəməsinin hakimi Z.Axundovaya - (012) 525-20-74 nömrəli telefona zəng vurmuşam və 30.09.2022-ci il tarixdə poçt vasitəsilə rəsmi müraciət etmişəm. Bildirmişəm ki, nə məhkəmə, nə də iddiaçı tərəfindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər mənə göndərilməmişdir. İddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin mənə verilməsini və yaxud da göndərilməsini məhkəmənin hakimi Zeynəb xanım Axundovadan və iddiaçı tərəfdən xahiş və tələb etmişəm.

Çox-çox təəssüflər olsun ki, 04.10.2022-ci il tarixə kimi iddia ərizəsi və ona əlavə edilmiş sənədlər nə göndərilməmişdir, nə də şəxsən təqdim edilməmişdir.

Hörmətli Fikrət müəllim!

Buna baxmayaraq, 04.10.2022-ci il tarixdə məhkəmə iclasında iştirak etdim. Məhkəmənin hakimi Z.Axundovaya rəsmi ərizə təqdim etdim və bir daha bildirdim ki, iddia ərizəsinin surəti və ona əlavə edilmiş sənədlər mənə göndərilməmişdir. Bu səbəbdən, iddia ərizəsi və ona əlavə edilmiş nədlər mənə təqdim edilənə, yaxud da göndərilənə  kimi, məhkəmə iclasının təxirə salmasını xahiş etdim.

Mənim çıxışımdan sonra, iddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi iddia ərizəsinin surətini mənə təqdim etdi. Lakin iddia ərizəsinə əlavə edilmiş sənədlərin surətini hakimin gözü qarşısında tələb etsəm də, iddiaçının nümayəndəsi bundan açıq-aşkar imtina etdi.

Bütün bunlara baxmayaraq, hakim iddia ərizəsinə əlavə edilmiş sənədlərin mənə təqdim edilməsini təmin etməmiş və mənim qanunla müəyyən edilmiş hüquqlarımı kobudcasına pozmuşdur.  Bununla hakim Z.Axundova məni qanunla nəzərdə tutulmuş müddət ərzində özümü müdafiə etmək hüququmdan məhrum etmişməhkəmə iclasını keçirmiş, növbəti prosesi 20.10.2022-ci il tarixinə təyin etmişdir.

Hörmətli Fikrət müəllim!

İstər məhkəmə, istər də iddiaçı tərəfindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin mənə (cavabdehə) təqdim edilməməsinin arxasında xüsusi maraqların olduğunu düşünürəm. Ən əsas və başlıca səbəblərdən biri odur ki, hakimin bu işdə maddi marağı var və iddiaçı tərəflə əlbirdir.  

İkincisi, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin icraata götürülməsi üçün  əsaslar yoxdur.

Bircə fakti qeyd etmək istəyirəm. İddiaçı iddia ərizəsinə əlavə etdiyi poçt qəbzləri ilə əsaslandırır ki, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri cavabdehə göndərmişdir.

Sual yaranır, əgər göndərmişdirsə, necə ola bilər ki, məhkəmənin göndərdiyi  bildiriş vərəqəsi cavabdehə çatır, cavabdeh məhkəmə bildirişini alır, lakin iddiaçı tərəfin göndərdiyi sənədlər cavabdehə çatmamışdır?!

Bu kimi faktlar təsdiq edir ki, ya hakimin bu işdə maddi maraqları iddiaçı tərəfindən təmin edilmişdir, ya da hakimə qarşı dələduzluq fəaliyyəti ilə məşğul olan, fiziki və hüquqi şəxslərin, yaxud da cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla, küli miqdarda vergiləri və məcburi sosial sığorta haqqlarını ödəməkdən yayınmaqla məşğul olan “Azərmaş“ MMC-nin rəhbərliyi və onun arxasında duran mafioz birləşmələr hakimə təzyiq göstərmişlər. Hakim Zeynəb xanım Axundova ancaq bu səbəblərə görə gözünü yumaraq məlum iddianı icraata qəbul etmişdir.

Demək, hakimin gələcəkdə qəbul edəcəyi qərarın ədalətsiz və qeyri-obyektiv olması bu başdan mənə məlum olduğu kimi, Sizlərə də   məlumdur.

Hörmətli Fikrət müəllim!

Yuxarıda qeyd etdiklərimdən də aydın olur ki, hakim şəxsi maraqları və mənafeyi naminə mənim qanunla qorunan, haqlı hüquqlarımı kobudcasına pozmaqda davam edir. Odur ki, Sizdən Məhkəmə Hüquq Şurasının sədri olaraq xahiş edirəm ki, Bakı Kommersiya Məhkəməsinin hakimi Zeynəb xanım Axundovanın müstəqilliyini  təmin edin, hakimi mafioz qüvvələrlə əlbir olmaqdan çəkindirin və ona edilən kənar təzyiqlərin və təkliflərin qarşısının alınması üçün tədbir görün.

İkincisi, Bakı Kommersiya Məhkəməsinin hakimi Z.Axundovanın və  “Azərmaş“ MMC-nin rəhbər şəxslərinin əyri yola getmələri barədə cənab Prezidentə məlumat verməkdə mənə köməklik göstərin.

Üçüncüsü, iddiaçı - “Azərmaş MMC tərəfindən Bakı Kommersiya Məhkəməsinə təqdim edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin, ya hakim, ya da iddiaçı tərəfindən mənə göndərilməsi, yaxud təqdim edilməsi müvafiq qurumla göstəriş verin”.

Hazırladı: RƏŞAD

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR