Saat:06:54
Haqqımızda

"Azəriqaz"in vəzifəli şəxsləri niyə həbs edilib?

2022-05-20 13:38:00

"Azəriqaz" İstehsalat Birliyində həbslər olması ilə bağlı xəbər vermişdik.

Xatırladaq ki, dünən AFN.az-a bununla bağlı məlumat verən mənbə 4 nəfər departament rəisinin həbs olunduğunu bildirmişdi. Onlardan ikisinin adı açıqlansa da, digər ikisinin adını dəqiqləşdirə bilməmişdik. Məsələ ilə bağlı detallı məlumat əldə etmişik. Belə ki, əhali abonentlərinə əlavə qaz həcminin yazılması və süni borc yaradılması halı ilə bağlı araşdırma başlanıb. Araşdırma çərçivəsində "Azəriqaz" İB-nin bir sıra vəzifəli şəxsləri Baş Prokurorluğa çağrılaraq dindirilib. Arasında baş direktorun müavinləri də olan həmin şəxslərin siyahısını təqdim edirik:

Baş direktorun qazın satışı üzrə müavini Rəşad Cavadov
Baş direktorun istismar üzrə müavini Cahid Hüseyinli
Abonent bazasına xidmət şöbəsinin rəisi Oqtay İbrahimov
Qazın balansı və hesabatı şöbəsinin rəisi Elşən Qədirov
Metrologiya Departamentinin rəisi Zehin Rəsulov (hazırda hələ prokurorluqda olduğu bildirilir)
Sayğacların tətbiqi, idarə olunması və nəzarəti şöbəsinin rəisi Rövşən Məhiyəddinov
İstehlakçılara satılan qaza nəzarət şöbəsinin rəisi Elcin Qocayev
İqtisadiyyat və ucot şöbəsinin rəisi Maarif Nəcəfli.

Məlumata görə, yaxın saatlarda daha iki nəfər böyük mühəndis dindirməyə cəlb edilib. Onlar bir neçə saat dindirmədə olduqdan sonra sərbəst buraxılıblar. Onu da bildirək ki, dünən həbs olunduğu deyilən şəxslərin də ifadəsi alındıqdan sonra sərbəst buraxıldığı bildirilir.


"Azəriqaz" İstehsalat Birliyinin (İB) baş direktoru Ruslan Əliyev İB-in məsul şəxslərinin həbsi barədə xəbərlərə aydınlıq gətirib:

Hurriyyet.az xəbər verir ki, R.Əliyev bu barədə Feysbuk səhifəsində yazıb.

“Bir neçə gündür bəzi saytlarda və sosial şəbəkələrdə guya SOCAR “Azəriqaz” İB-nin bir neçə məsul şəxsinin həbsi ilə bağlı məlumatlar yayılır. Əvvəla diqqətinizə çatdırım ki, “Azəriqaz” İB-nin fəaliyyəti göz qabağındadır. Kifayət qədər sosiallaşmış Birliyin bu istiqamətdə əsas məqsədi baş verən proseslərə, problemlərə dərhal və adekvat reaksiya verməkdir ki, bunun da müsbət nəticələri ən müxtəlif səviyyələrdə etiraf olunmaqdadır. Söz yox, insan faktoru olan yerdə yüz faizlik nəticədən danışmaq bütün hallarda absurddur. Ancaq nöqsanların aradan qaldırılması istiqamətində ciddi şəkildə cəhd etdiyimizə sizi əmin edirəm. İstehsalat Birliyinin qapıları hər zaman media, bloger və QHT nümayəndələrinin, eləcə də sadə vətəndaşların üzünə açıqdır. Yəni istənilən sualın cavabı özünü çox gözlətdirmir. Təəssüf ki, bütün bunlara baxmayaraq yenə də, dəqiqləşdirilməmiş, dedi-qodu motivli informasiyalar dövriyyəyə buraxılır ki, bu da ictimai rəyin çaşdırılmasına xidmət edir”.

O qeyd edib ki, bu da SOCAR “Azəriqaz” İB-nin işgüzar nüfuzuna təsirsiz ötüşmür:

“Biz xidmət sahəsi olaraq ölkədə inhisarçı nüfuza malikik. Amma bu inhisarçılığın mahiyyətində diktə etmək, korporativ maraqlar əsla dayanmır. Biz xidmətimizi dövlət qurumu olaraq özümüzə borc və vəzifə bilirik. Odur ki, sizdən təvəqqe edirik, şaiyələrə köklənməyək və yolumuza qarşılıqlı etimad əsasında davam edək”.

Təssüf ki, “Azəriqaz” İB-nin rəhbəri doğru-dürüst məlumat verməyərək, ictimaiyyəti çaşdırmağa çalışır. Konret olaraq, həbslərin olub-olmaması ilə bağlı ictimaiyyətdə yaranan suallara cavab verilmir.

Qeyd edək ki, Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı da "Azəriqaz" İB-də gedən proseslərlə bağlı məlumat yayıb: "İndicə aldığım məlumata görə, "Azəriqaz"ın rayon xidmət sahələrinin idarələr üzrə rəis müavinləri, Regional qaz istismari idarələrində fəaliyyət göstərən bütün istehlakçılara satılan qaza nəzarət şöbələrinin və Qazın balansı və hesabati şöbələrinin rəislərinin vəzifədən uzaqlaşdırılması üçün tədbirlər görülür. Səbəb isə əhali abonentlərinə əlavə qaz həcminin yüklənməsi və süni borcun yaradılmasıdır".

YƏHYA

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR