Saat:23:36
Haqqımızda

“Azəriqaz”ın insanları təhlükəyə atmasına kim son qoymalıdır?

2025-11-24 21:41:30

“Azəriqaz”ın insanları təhlükəyə atmasına kim son qoymalıdır?

“Azərsu”: “Obyektin altından su və kanalizasiya xətti keçmir”

ADSEA: “Obyekt kanalizasiya xəttinin üstündə yerləşir”

Prezidentin “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 14.06.2023-cü il tarixli, 2181 saylı Fərmanı qeyri-yaşayış obyektlərinin təhlükəsiz istismarının, vətəndaşların, sahibkarlıq subyektlərinin əmlak hüquqlarının tanınmasının səmərəli şəkildə təşkili məqsədilə verilib.

Dövlət başçısının buyruğuna görə, obyekt yiyəsinin Fövqəladə Hallar Nazirliyinə (FHN) müraciəti əsasında icranın ən çoxu 1 ay müddətində təmin olunması təsbit olunub. Di gəl, necə deyərlər, fərman prezidentindir, icra etməmək özbaşınalığı məmurların. 6 aydan çoxdur FHN TTNDA (Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi) Nizami rayonu, Babək prospekti, 71 saylı binanın yanındakı 17 il qabaq tikilmiş qeyri-yaşayış binasının istismarına çeşidli bəhanələrlə icazə vermir. Öncə “Azəriqaz” və ADSEA-nın “obyektin insanların həyatına təhlükə olduğunu, qaz, kanalizasiya xətlərinin üstündə olduğu” haqqında yalan məlumatlarını bəhanə edən FHN , sonra özünün Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) saxtalığını əsas tutub , bu xidmət qurumlarına müraciət etməyi tövsiyə edib.

Axı Fərmanda bunu FHN-in etməli olması yazılıb! Bir də obyekt yiyəsinin bu kommunal xidmət qurumlarına müraciəti ilə “dedığım dedikdir”dən özgə  nə dəyişir ki?

Özbaşınalığa baxın, “Azəriqaz” 17 ildir 1-ci dərəcəli Qarabağ qazisinin öz hesabına çəkdiyi xəttə rüşvət umub sayğac quraşdırmaqdan imtina edir, məhkəməyə də rüşvət verib xidmətdən imtinasını “əlil-istehlakçı hüququnun müdafiəsi” kimi qüvvəyə mindirir. İndi isə qaz xəttinin olmayan pilləkən qəfəsinin içindən keçməsi saxtalığı ilə FHN-ə yalan məlumat verir. Halbuki həmin qaz xəttinin obyektin çölündən, Babək prospekti, 71 və 73 saylı yaşayış binalarının qapalı yerlərindən keçməsini görməmək mümkün deyil. FHN , DYMX, ƏMDX  müayinəni necə aparıb ki, bu yekəlikdə təhlükəni görmür? Hətta insanların həyatına təhlükəni göstərən videogörüntülər təqdim olunsa da, eldə deyildiyi kimi, kor tutduğunu buraxmır ki, buraxmır. Bu korluq isə partlayışa, insanların ölümünə, xəsarətlər almasına səbəb olur. Nə yazıq, nə polis sahə müvəkkili, nə yanğın təhlükəsizliyi xidməti, nə Energetika Nazirliyi, nə Antiinhisar agentliyi, nə FHN, nə Ombudsman, nə NK, ... insanların həyatının təhlükəyə atılmasına son qoyur.

ADSEA-nın (keçmiş “Azərsu”) özbaşınalığının, cinayətkar saxtalığının ifşası “bir su içimi” kimi asandır. Cinayətkar saxtalığa fikir verin, “Azərsu” 10 il qabaq – 06.01.2015-ci il tarixli texniki şərt verib, sayğac quraşdırıb; 10 ildən sonra -2025-ci ildə isə ADSEA obyektin su-kanalizasiya xəttinin mühafizə zolağında tikildiyini , sifarişçinin (1-ci dərəcəli Qarabağ qazisinin- M. B.) vəsaiti hesabına köçürüləcəyi (?) halda yenidən baxılıb müsbət rə7y veriləcəyini (?) bildirir. Haqlı sual doğur, obyekt kanalizasiya xəttinin üstündə tikilmişdisə, niyə su idarəsi texniki şərt verib və sayğac quraşdırıb? Suala texniki şərtin özü “cavab verir”. “Azərsu” ASC-nin 06.01.2025-ci il tarixli texniki şərtində sxyemdə Nizami su idarəsinin  baş mühəndisi C. Cəfərov təsdiq edib ki, OBYEKTİN ALTINDAN SU VƏ KANALİZASİYA XƏTTİ KEÇMİR. ADSEA İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-nın müavini Cabbar Cabbarlı isə 04.08.2025-ci il tarixli məktubunda təsdiqləyib ki, OBYEKT KANALİZASİYA XƏTTİNİN ÜSTÜNDƏ YERLƏŞİR. Cinayətkar saxtalıq göz önündədir, əlavə şərhə ehtiyac qalmır.

FHN TTNDA su, qaz xidmətinin saxtalığına, insanların həyatını təhlükəyə atmasına son qoymaq yerinə, bu qurumların “çaldığı ilə oynayır”. Haçağacan?

Məğrur BƏDƏLSOY

P.S. Bakıda bir gündə 7 nəfərin faciəli şəkildə dünyasını dəyişməsi, 20 nəfərin ağır zədələnməsi təhlükəsizlik qaydalarına barmaqarası baxılmasının nəticəsidir. Suçluların barmaqlıqlar arxasından baxacağ da heç nəyi dəyişmir, ölənləri geri qaytarmaq mümkünsüzdür.