"Azəriqaz"da 5 milyon vətəndaşın adına GİZLİ "BORC" YAZILIB

2022-06-21 15:25:00

Məmurlar milyonluq yeyintiləri sadə vətəndaşlara yükləyirlər

Bir müddət əvvəl "Azəriqaz" rəhbərliyində həbslərin olmasına dair ölkə mediasında xəbərlər yayılmışdı. İnformasiya ondan ibarət idi ki, "Azəriqaz" rəhbərliyi aparılan yoxlamaların nəticəsi olaraq həbs edilərək Daxili İşlər Nazirliyinin (DİN) Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinə aparılanlar var. Lakin bu günlərdə "Hürriyyət"ə daxil olan yeni məlumatlara əsasən əslində "Azəriqaz"da yoxlamaları DİN mənsubları həyata keçirməyiblər.

Məlumata görə, "Azəriqaz"da yoxlamaları İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin əməkdaşları həyata keçiriblər.

İlkin məlumatlara əsasən istintaqa cəlb edilənlərin siyahısında bu şəxslərin adları var idi:

Baş direktorun qazın satışı üzrə müavini Rəşad Cavadov

Baş direktorun istismar üzrə müavini Cahid Hüseyinli

Abonent bazasına xidmət şöbəsinin rəisi Oqtay İbrahimov

Qazın balansı və hesabatı şöbəsinin rəisi Elşən Qədirov

Metrologiya şöbəsinin rəisi Rövşən Məhiyəddinov

İstehlakçılara satılan qaza nəzarət şöbəsinin rəisi Elcin Qocayev

İqtisadiyyat və ucot şöbəsinin rəisi Maarif Nəcəfli.

"Hürriyyət"ə daxil olan məlumata görə istintaqın başlaması ilə bağlı yeni faktlar ortaya çıxıb. Reallıqda qurumda oğurluq və sızıntılara nəzarət edilməməsi faktları ortaya çıxıb. Bildirilir ki, 2022-ci ilin may ərzində qurumda 5.8 milyon kubmetr qaz itkisinin olduğu ortaya çıxıb. Və bu itkini fiziki və hüquqi şəxs qismində vətəndaşların xəbəri olmadan onlara borc şəkilində yazıblar.

Məlumata əsasən bu "Azəriqaz" rəhbərliyinin illərdir ki, qanunsuz olaraq qaz satışını həyata keçirməsi, eyni zamanda itkilərin qarşısını almaması və sair neqativ hallarla bağlı ortaya çıxan faktların ört-basdır edilməsi üçün həyata keçirilib. Məhz qurumdakı cavabdeh və yüksək rütbəli şəxslər öz qanunsuz əməllərini gizlətmək üçün vətəndaşlara borc yazıblar.

Məsələn mövzu ilə bağlı bir məqamı qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadənin Bakının Nərimanov rayonunda yerləşən villası, qızının, qardaşının və onun ətrafında olan 5 villanın mavi qaz sərfiyyatı hesablanmayıb və onlardan qazpulu alınmayıb. Bu kimi faktları ört-basdır etmək üçün də "Azəriqaz" rəhbərliyi sıravi vətəndaşlara əlavə borclar hesablayıblar.

Bundan başqa məlumatlara əsasən son zamanlar adıçəkilən qurumda işinin öhdəsindən gələn savadlı və peşəkar kadrları müxtəlif yollarla qurumdan uzaqlaşdırıblar. Əmək haqlarının azaldılması, ixtisarlar, səlahiyyətlərin məhdudlaşdırılması yollarından istifadə olunmaqla qurumda "islahatlar" həyata keçirilib.

Qeyd edək ki, yalnız may ayı üzrə vətəndaşlara yazılan borc həsmi hər kubmetrə görə 0.10 qəpikdən hesablandıqda 5.8 milyon manata yaxın vəsait deməkdir.

"Hürriyyət"ə daxil olan informasiyalara əsasən yaranmış borcların vətəndaşlara yüklənməsi faktları ortaya çıxdıqdan sonra bir sıra mühasibat sənədlərində dəyişiklik edilib. Yazılmış borclar vətəndaşların balansından debütor borclar balansına transfer edilib. Və böyük ehtimalla da "Azəriqaz" rəhbərliyində hesab ediblər ki, borcları debütor balansa transfer etməklə ilin yekununda dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına silinməni həyata keçirmək mümkün olacaq.

Apardığımız araşdırmalar zamanı məlum olub ki, əslində ötən il dövlət büdcəsi hesabına Azərbaycanda bir sıra dövlət qurumlarının qarşılıqlı borcları silinib. Məsələn 2021-ci ildə SOCAR -ın 215.1 milyon manat, "Aqrarkredit" QSC-nin 120 milyon, "Azərenerji" ASC -nin 101.2 milyon, "AZAL" QSC -nin 34.8 milyon, "Azərişıq" ASC - nin isə 22.5 milyon manat borcu dövlət büdcəsi hesabına silinib. Daha 493.6 milyon manat bir sıra dövlət müəssisəsinin dövlət zəmanəti ilə alınmış borclara görə üzərilərinə düşən öhdəlikləri yerinə yetirə bilməməsi səbəbindən ödənilib.

Bu rəqəmlərdən də görünür ki, SOCAR üçün 215 milyon manatlıq qarşılıqlı borc silinib. Məsələn 2022-ci ildə “Azəristiliktəchizat” ASC-nin “Azəriqaz” İstehsalat Birliyi"nə bu il üzrə mövsümü borcu 41 milyon manat təşkil edib. Bu borcların bir qisminin mübahisələndirilməsi prossesi başlasa da borclar azalmaq əvəzinə artmağa başlayıb. Hazırda ilin sonuna qədər borcların hansı formada ödəniləcəyinə dair hər hansı bir rəsmi açıqlama yoxdur.

Qayıdaq o məqama ki, "Azəriqaz" təksə ötən ay, yəni may ayında 547 min 636 abonentə borc yazılıb. Bununla bağlı redaksiyamıza danışan mənbə qeyd edir ki,  vətəndaşlara yazılan "borclar" təqdim edilən bildirişlərdə görsənmir.

Respublikanin demək olar ki bütün rayonlarında, hətta Bakı şəhəri daxil olmaqla və onun rayonlarında da abonentlərə borclar yazılıb.

Bəs çıxış yolu nədir? Vətəndaşlar onlara gizli borc yazılıb yazılmamasını necə müəyyən edə bilər? Bu barədə bilgi verən mənbəmiz bildirir ki, sizə borc yazılıb-yazılmadığını bilmək üçün rayon qaz istismarı xidmətinə və ya ASAN xidmət, ASAN Komunal mərkəzlərinə yaxınlaşaraq abonent saldosu (balans) tələb edirsiniz, həmin sənəddə borcunuzu, illik qaz sərfinizi, ödədiyiniz vəsaitləri görə bilərsiniz.

Bu halda tutaq ki, sizə təqdim olunan bildirişdə 15 manat borc, lakin saldoda 30 manat görsənirsə, demək Siz "Azəriqaz"ın hansısa məmurunun kresloda oturmasına şərait yaradanlardansınız. Əgər fərq yoxdursa, deməli, sizə əlavə borc yazılmayıb.

Bu borc nə vaxt sizin hesabınızdan silinəcək, yaxud silinməyəcək, yaxud sizə müəyyən üsullarla ödənilətdiriləcəkmi... məlum deyil. "Abonntlərə yazılan, onların görmədiyi borc isə qaz itkisinin bağlanması üçündür" deyə mənbəmiz israrla qeyd edir.

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya