Saat:23:04
Haqqımızda

"Azercell"-i boykot qərarı tamamilə haqlıdır...

2025-06-09 14:03:34

Son günlər ölkə gündəmini zəbt edən Azercell-in kəskin qiymət artımı və xəttin açıq qalma müddətinin danışıq kartınının istifadə müddəti ilə deyil, tarif paketinin yenilənməsi ilə olması məsələsi ilə bağlı Azercell-in Müştəri Xidmətləri Depertamentinin rəhbəri Faiq Dadaşovun yerli telekanallara verdiyi açıqlamaya, daha doğrusu etdiyi manipulyasiyaya diqqət çəkmək istəyirəm.

F.Dadaşov 3 fərqli telekanala verdiyi müsahibədə 2 manatlıq danışıq kartı məsələsinə diqqət çəkir və bildirir ki, indiyədək 2 manatlıq danışıq kartının istifadə müddəti 10 gün idi. Yəni Azercellim, Bölgə, GencSim tarifi çərçivəsində abunəçiyə aylıq 2 AZN müqabilində şəbəkədaxili danışıqlar üçün 25 dəqiqə və 250 MB internet trafiki təqdim olunur. Onun bildirdiyinə görə, əvvəllər abunəçi balansına 2 AZN danışıq kartı yüklədiyi halda xətti 10 gün açıq qaldığı üçün 30 günlük tarifindən istifadə edə bilmirdi. Yeni qaydalara görə isə abunəçinin balansına 2 AZN yükləməsi kifayətdir ki, xəttdi 30 gün açıq qalsın.

Faiq Dadaşovun nəzərinə çatdırmaq istəyirəm ki, indiyədək 5 AZN-lik danışıq kartının istifadə müddəti 30 gün, 10 AZN=60 gün,  25 AZN=90 gün, 50 AZN və 100 AZN danışıq kartlarının isə istifadə müddəti 120 gün idi. Bundan sonra isə abunəçi, məsələn, Supersən 10 AZN tarifindən istifadə edirsə tarifi yenilədiyi halda xəttdi 30 gün açıq qalacaq. Tarifin yenilənmə müddətində deyil, yenilənmədən tez balansına 10 AZN yükləsə xətti 10 gün açıq qalacaq.

Yuxarıdada qeyd etdiyim kimi, indiyədək 10 AZN danışıq kart üçün xəttin açıq qalma müddəti 60 gün idi. Yəni bundan sonra nömrənin xətti 2 dəfə daha az açıq qalacaq. Müvafiq olaraq bundan sonra abunəçi balansını 25, 50 və 100 AZN məbləğində artırsa belə, xətti danışıq kartınının məbləğinə uyğun olaraq 25 gün, 50 gün və 100 gün açıq qalacaq. İndiyədək isə bu müddət 25 AZN-lik danışıq kartı üçün 90 gün, 50 və 100 AZN-lik danışıq kartları üçün isə 120 gün idi. Buda əvvəlki dövr ilə müqayisədə 60 gün və 90 gün azdır. Yəni Faiq bəyin 2 AZN-lik danışıq kartı ilə "müqayisəsi" Azercell-dəki qiymət artımlarını və şərtlərin kəskin şəkildə sərtləşdirilməsini malalamaq, o cümlədən abonentlərin haqlı olaraq şikayətlərini və boykot çağırışlarını sakitləşdirmək xarakteri daşıyır.

F.Dadaşov həmçinin açıqlamasında heç bir qiymət artımının baş vermədiyini bildirir, bu da təbiiki yalandır. Belə ki, danışıq kartlarında olan sərt dəyişikliklərdən sonra abunəçi xəttini əvvəllər 2-3 AZN yükləməklə 10-20 gün açıq saxlaya bilirdisə, bundan sonra xəttin 1 ay açıq qalması üçün balansa ən azı 10 AZN danışıq kartı yükləməlidir ki, bu da ən azı 3-5 dəfə qiymət artımıdır.

Bundan başqa, limitsiz internet paketlərindən 6 saatlıq limitsiz internet paketi və Həftəsonu limitsiz internet paketlərinin ləğvi, 1 saatlıq və 3 saatlıq limitsiz internet paketlərində 60% qiymət artımı, gündəlik internet paketlərində 40%-lik qiymət artımı, həmçinin aylıq internet paketlərinin istifadə müddətinin 30 gündən 28 günə endirilməsi, yəni artıq 1 il ərzində 12 dəfə yox, 13 dəfə internet paketi götürəcəksiniz. O cümlədən, Whatsapp messengerində yazışmalar üçün 1GB-lik internet trafikinin ləğvi qiymətlərin kəskin artımı deyil? Həmçinin, aylıq abunə haqqı 2 AZN olan bütün tariflər ləğv olunur və ən azı 10 AZN abunə haqqı olan tariflər saxlanılır ki, bu da təkcə tariflərdə 5 dəfə qiymət artımıdır.

Yəni Faiq Dadaşov yalan açıqlamaları ilə sözün əsl mənasında Azercell-in 5 milyondan çox abunəçisini və bütün vətəndaşları ələ salır. Bundan başqa, Azercell-in illərdir sponsorluq etdiyi və şəxsi nömrələrinə pul yüklədiyi "İT mütəxəsislər" və "İKT üzrə ekspertlər" təbii ki, Azercell-in tapşırığı ilə günlərdir mətbuatda və telekanallarda xüsusi canfəşanlıqla guya heç bir qiymət artımının baş vermədiyini və abunəçilərin xəttin açıq qalma məsələsini yanlış başa düsdüyünü və balanslarına 2 AZN yükləməklə xəttin 30 gün açıq qalacağını bildirirlər. Abonent niyə tələbatına uyğun olmayan tarifə görə məcburi şəkildə abunə haqqı ödəməlidir? Azercell-də 25 Fevral tarixindən etibarən aylıq abunə haqqı olmayan tarif paketi yoxdur. Həmin vaxt da Azercell indiki kimi abonentlərin şikayətini nəzərə almayıb, bütün tarifləri pullu etdi. Günlər öncə Faiq bəy də məhz öz diktələri ilə ödənişli etdiyi tarifləri əsas gətirib bildirirdi ki, artıq heç bir abunəçimiz quru tarif sistemi ilə danışmır, hər kəs dəqiqəsi, interneti bir arada olan paket alır. Halbuki şirkət məcburi şəkildə bütün tarifləri pullu edib.

Yəni abunəçilərin boykot qərarı tamamilə haqlıdır. Düşünməyin ki, onsuz da digər mobil operatorlardan biri də eyni qərarı verdi, bəs başqa mobil operatora keçməyin nə mənası var. Baxın, günlərdir bütün ölkə Azercell-in 1 iyul tarixindən etibarən tətbiq edəcəyi kəskin qiymət artımlarına etiraz edir, absurd qərarların ləğvini tələb edir. Azercell isə bütün bu etirazlara əhəmiyyət vermir, şirkət rəsmisi verdiyi "açıqlamalar" ilə bütün ölkəni ələ salır və özünün yetişdirdiyi "ekspertlər" ilə təbliğat aparır. Əmin olun ki, 1 iyul tarixində şirkət bütün etirazlara rəğmən, bu qərarları həyata keçirəcək. Bəs sizə sizi saymayan mobil operator lazımdırmı? Şəxsən mən və ailəm adıma olan 3 nömrəni Mobil Nömrələrin Daşınması xidməti vasitəsi ilə digər mobil operatorlardan birinə daşıyacam. Hər kəsi ölkə vətəndaşlarını ələ salan və saymayan Azercell-dən imtina etməyə çağırıram. 

İlkin MƏMMƏDKƏRİMOV

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.313730