Saat:13:47
Haqqımızda

Azərbaycanlının öldürdüyü rusiyalı biznesmenin xanımı 10 milyon təzminat istədi

2023-05-30 21:59:00

Azərbaycanlının öldürdüyü rusiyalı biznesmenin xanımı 10 milyon təzminat istədi

Rusiyalı biznesmeni öldürən Tovuz rayon sakininə 5 il sonra Azərbaycanda hökm oxunub. 

Hadisə 2018-ci il oktyabr ayının 3-də Rusiya Federasiyasının Buryatiya Respublikasının Ulan-Ude şəhərində baş verib.

Tovuzun İbrahimhacılı kənd sakini, 1992-ci il təvəllüdlü Bulduxan Kazımov 2018-ci il oktyabr ayının 3-nədək Ulan-Ude şəhərində avtomobil təmiri ilə məşğul olub. 

O, əvvəlcədən tanıdığı metal alveri ilə məşğul olan Andrey Samofalov adlı sahibkarı avtomobilində bıçaqlayıb öldürüb. Tanışı İlham adlı şəxs də hadisə zamanı onun yanında olub. Bulduxan Kazımov Andrey Samofalovu öldürəndən sonra avtomobili ilə bərabər cəsədini meşədə gizlədib. 

Buludxan Kazımov hadisədən sonra Azərbaycana, yaşadığı İbrahimhacılı kəndinə qayıdıb. 2022-ci il iyul ayının 26-da Tovuz Rayon Prokurorluğunun əməkdaşları tərəfindən saxlanılaraq, həbs olunub. 

Məhkəmədə Buludxan Kazımov deyib ki, Andrey ona rus dilində danışmadığına görə irad tutub, nalayiq sözlərlə təhqir edib və o da yerlisinin yanında şəxsiyyətinin aşağılanmasından əsəbiləşib: 

"Mən rus dilində danışa bilmirəm. İlhamla Azərbaycan dilində danışırdım. Aramızda gedən iş söhbətini Andreyə İlham tərcümə edirdi. O, İlhama Andreyin ona 3-4 min rubl xırda borcu olduğunu xatırlatmasını da xahiş edib. Bundan sonra isə Andrey mənim və ailəmin ünvanına söyüş söydüyü üçün onu avtomobildə bıçaqladım”. 

Məhkəmə istintaqı zamanı videokonfrans əlaqə sistemindən istifadə edilməklə dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi Yelena Samofalova ifadəsində göstərib ki, əri Andrey Samofalov fərdi sahibkar kimi Ulan-Ude şəhərində boks icarə götürərək metal qəbulu ilə məşğul olub. Dəymiş mənəvi zərərə görə 10.000.000 rubl məbləğində pulun təqsirləndirilən şəxsdən tutularaq ona ödənilməsini və bununla bağlı iş üzrə verdiyi mülki iddiasının təmin edilməsini xahiş edib. 

Məhkəmənin qərarı ilə Buludxan Kazımov Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və ona 7 il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edib. Mənəvi ziyana görə,  Yelena Samofalovaya 3 min manat məbləğində pulun təqsirləndirilən şəxsdən alınaraq ödənilməsi qərarı verilib.  \\Qaynarinfo

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR