Saat:04:29
Haqqımızda

AZƏRBAYCANIN VAŞİNQTONU - Məhəmməd Əmin Rəsulzadənin həyat yolu və Qulu Məhərrəmlinin eyniadlı kitabı haqda düşüncələr...

2024-02-12 22:28:36

AZƏRBAYCANIN VAŞİNQTONU - Məhəmməd Əmin Rəsulzadənin həyat yolu və Qulu Məhərrəmlinin eyniadlı kitabı haqda düşüncələr...

Liderlər cəmiyyətin lokomotivləridir. Hər bir cəmiyyətin inkişafı həmin cəmiyyətin liderlərinin sosial kimliyi ilə müəyyən olunur. Liderləri müəyyən edənsə onların mənimsədiyi, müdafiə etdiyi və həyata keçirməyə cəhd etdiyi ideyalar, yaşadıqları cari tarix və onun çağrışlarıdır.

Ziqmud Freyd deyirdi ki, “insan bir parça ətdir, ona ideya vurduqda insana çevrilir və insan nə qədər nəhəng ideyalara sahib çıxırsa, o, bir o qədər nəhəng şəxsiyyətə çevrilir”. İdeyalar da bir-birindən əhatə dairəsinə görə fərqlənir. Ən kiçik ideya fərdin maraqlarına xidmət edən, ən böyük ideya bütün insanlığın maraqlarına xidmət edən ideyalardır. Bu iki ideya arasında ayrıca bir millətin, toplumun, qrupun maraqlarına xidmət edən ideyalar gəlir... Tarixi fakt fərdi, qrup və ümumbəşəri ideyaların bir-biri ilə üst-üstə düşməsindən yaranır. Biz bunu “demokratiya tarixi” adlandırırıq.

Demokratiya əslində bir fərdin hüquq və azadlıqlarına bir ölkədə və bütün dünyada təminat verən “qlobal ideya”dan başqa bir şey deyil. Atatürk ayrıca bir dövlətlə qlobal dünya əlaqələrini “Məmləkətdə sülh, cahanda sülh” kimi ifadə etmişdi. 1915-ci ildə o dövrdəki ABŞ prezidenti Vudro Vilson isə bu əlaqələri “Dünyanın heç bir güşəsi demokratiya üçün qapalı olmamalıdır“ kimi formula etmişdir. Biz buna qlobalizasiya da deyə bilərik. Qlobalizasiyanı qlobal ideyalar meydana çıxarır. Demokratiya məhz buna görə qlobal bir ideyadır. Qlobal ideyalar ayrıca bir liderə, xalqa, tarixi dövrə yox, bütün insanlara, bütün xalqlara və bütün tarixi dövrlərə xas olan ideyalardır. Dünya qloballaşdıqca, daha çox xalq demokratiyaya keçid edir və demokratik dünya qlobalizasiyaya qoşulmuş digər xalqlardan da demokratikləşmə tələb edir.

Demokratik ideyanın kökləri antik dövrə - qədim yunanların ədalətli cəmiyyət, təkmil dövlət və azad insan axtarışlarına başladığı dövrlərə gedib çıxır. Demokratiya ən ümumi ideya kimi özündə çoxlu xüsusi ideyalarla vəhdət təşkil edir. Belə ideyalardan biri Cümhuriyyətçilk və ya Respublikaçılıqdır. Demokratiyasız respublika, respublikasız demokratiya yoxdur. Demokratiya idarəetmənin mahiyyətdirsə, respublika onun təşkilati formasıdır. Forma ilə mahiyyətin vəhdətinə görə, bu iki anlayış birlikdə işlədilir və həyata keçirilir.

Liderlər həm də öz ideyalarını nə dərəcədə institutlaşdırmaları ilə bir-birindən seçilir. Məhz buna görə, ideoloqlar və siyasi xadimlər meydana çıxır. Siyasi xadim cəmiyyətin idarə olunmasında, onun təşkilində, inkişafında iştirak edən, ona istiqamət verən, ictimaiyyəti idarə edən ayrı-ayrı şəxslərdir.

Bir neçə minilliyə gedib çıxan Azərbaycan tarixində demokratiya ideyası və onun təşkilati forması kimi respublikaçılıq ilk dəfə 1918-ci ildə meydana çıxmış və bu ideyanın çoxlu sayda daşıyıcıları və təmsilçiləri xalqımızın yenidən təşkil olunmasında, idarə olunmasında və inkişaf etdirilməsində iştirak etmişdir. Buradan belə bir sual doğur: nə üçün XIX-cu əsrin axırları, XX-ci əsrin əvvəllərində Azərbaycanda yetişən ziyalılar arasında demokratiya ideyası və respublikaçılıq digər bütün dini və millətçilik ideyalarından önə çıxmışdır? Biz bunu millətimizin mentalitetində və dinimizin mahiyyətində axtarmalıyıq. Xalqımızın mentaliteti və ya onun arxeotipləri, qan yaddaşımız və ya əcdadlarımızın səsi, bir sözlə, necə adlandırılmasından asılı olmayaraq demokratik dəyər və ideyalar demək olar ki, üst-üstə düşür.

İslam dinin bəşəriyyəti çağırdıgı doğru yolda məhz demokratik dəyərlərdən təşkil olunmuş bir yoldur. İslamda insan hüquq və azadlıqlarına o qədər yüksək dəyər verilir ki, hətta Allaha inanmaqda belə dinimiz insanlara azadlıq verir. “Dində məcburiyyət yoxdur” ayəsi də məhz bunu özündə ifadə edir. Bir halda ki, İslamda məcburiyyət yoxdur, bu o deməkdir ki, İslamda azadlıq var. Azadlıq demokratik dəyərlərin başında gəlir. Çılpaq azadlıq vəhşilik və ya anarxiyadır. Ədalət və bərabərlik olmadan demokratiya olmur. Buna görə də demokratiya ədalətli cəmiyyət, azad insan və hüquq qarşısında bərabər insanların yaratdığı respublika tipli idarəetmədən ibarətdir.

Ədalət və bərabərlik olmayan yerdə azadlıq köləliyə çevrilir. Əksiliklərin tərəqqi qanununa görə əksiliklərin bir tərəfi inkişaf edərək, vəhdət təşkil etdiyi özünün əksiliyinə keçir və biz bunu dəyişilmə kimi qavrayırıq.

Dediyimiz tarixdə Azərbaycan xalqı Çar Rusiyasının müstəmləkəsi, Azərbaycan xalqı rus çarının təbəələri idi və bu iki şərt əslində xalqımızın kölə həyatı yaşamasını şərtləndirmişdir. Birinci dünya müharibəsinin yaratdığı yeni geopolitik reallıqlar fonunda Çar Rusiyasının dağılması, monarxiyanın yıxılması xalqımızın köləlikdən azad olunması ilə nəticələnmişdir. Məhz bu nöqtədə - cəmiyyətin inkişafının bifurkasiya (sosial püskürmə) nöqtəsində azad olmanın mürəkkəb sistemlərin alternativli inkişafına xas ən müxtəlif alternativ ideyalar meydana çıxmışdır. Bu ideyalardan yalnız demokratiya fərdi, xalqı və bütün insanlığı birləşdirə biləcək ideya kimi digər bütün ideyalardan önə keçmiş və demokratik cümhuriyyət meydana çıxmışdır. Sovet işğalı altında olduğumuz vaxtlarda Azərbaycanda demokratiya və respublikaçılıq tariximizlə bağlı demək olar ki, heç bir bilgi olmamış, bu dövrün hadisələri bəzi hallarda tabulaşdırılmış, bəzi hallarda deformasiya olunmuş şəkildə xalqa çatdırılmışdır.

Yeni dövrdə müstəqillik uğrunda mübarizədə xalqımızın qan yaddaşında saxlanmış əsrin əvvəllərindəki ideyalar yenidən xalqımıza hakim olmuşdur. Buna görə, istinad nöqtəsi və tarixi təcrübə kimi əsrin əvvəllərində xalqımızın müdafiə etdiyi demokratikləşmə və respublikaılıq ideyası yenidən gündəmə gəlmişdir. Məhz buna görə, yeni dövr azadlıq hərakatında əsrin əvvəllərində olduğu kimi, çoxlu sayda ideyalar meydana çıxsa da, demokratiya və respublikaçılıq millətin hakim ideologiyasına çevrilmiş və bu günki Azərbaycan Demokratik Respublikası meydana çıxmışdır.

“Bu gün biz haradayıq, hara getməliyik?” sualı verərkən bunun cavablarını əsrin əvvəllərində axtarmağımız lazım gəlir. Hindistan milli azadlıq hərəkatının lideri və ilk prezidenti Mahatma Qandi haqqında “Qandi müdrikliyi” adlı kitabın müəllifi Homer A.Jack bu kitabda Qandini “müdriklik anbarı” adlandırır. Qandi isə deyirdi ki, “Mən həqiqət və gözəllik arzusundayam. Mən ona görə yaşayır və bu yolda ölməyə haziram”. Demokratiya - xalqa yönəlik siyasətin həqiqəti və siyasi gözəllikdən başqa bir şey deyil. Deməli, əsl lider öz xalqının həqiqət və gözəllik anbarı olmalıdır, hamı o anbardan öz gücü daxilində həqiqət götürüb gözəlləşməlidir. Fərdin gözəlləşməsi onun sosiallıq dərəcəsini özündə ifadə edir.

Bizim demokratik cümhuriyyətin baniləri də Qandidən 30-40 il əvvəl öz xalqlarını və millətlərini azad edərkən məhz millətimizin müdriklik və gözəllik arzularını həyata keçirmişlər. 1918-ci il may ayının 28-də Tiflisdə elan olunmuş və Azərbaycan İstiqlalını bəyan edən əqdnamənin 2-ci bəndində “Müstəqil Azərbaycan dövlətinin şəkli-idarəsi Xalq Cümhuriyyəti olaraq  təyin edilir”, 4-cü bəndində “Azərbaycan Xalq Cumhuriyyəti millət, məhzəb, sinif, silk və cins fərqi gözləmədən ərazisində yaşayan bütün vətəndaşlarına hüquqi-siyasi və vətəndaşlıq hüququ təmin edir”, 5-ci maddəsində “Azərbaycan Xalq Cumhuriyyəti ərazisi daxilində yaşayan bütün millətlərə sərbəstanə inkişafları ücün geniş meydan buraxir”, - deyə ifadə edilmişdir. Bu bəndlərin hər biri inkişaf etmiş demokratiyanın baş prinsinplərini təşkil edir.

Azərbaycan demokratiya tarixinin görkəmli liderlərindən biri də ilk Azərbaycan hökumətini təşkil edən, Azərbaycan milli şurasının rəisi Məhəmməd Əmin Rəsulzadədir. Rəsulzadə şəxsiyyətinə hər cür yüksək qiymət vermək olar. Amma, məncə, onun haqqında Amerika tarixçisi, professor Tadueş Svyataxovskinin fikirlərindən daha yüksək fikir demək mümkün deyil. O, Məhəmməd Əmin haqqında yazır: “Corc Vaşinqton amerikalılar üçün kimdirsə, Məhəmməd Əmin Rəsulzadə də azərbaycanlılar üçün həmin şəxsdir”. Amerkalılar Corc Vaşinqona nəhəng abidələr ucaltmış, onun adı qayalarda yonulmuş heykəl formasında əbədiləşdirilmişdir. Azərbaycanlılar isə hələlik Məmməd Əmin Rəsulzadəni kitablarda və istiqlalçı gənclərin qəlbində, beynində əbədiləşdirməyə nail olmuşdur.

Demokratik Cümuhiriyyət tariximizlə və onun banilərindən olan Rəsulzadə haqqında son illər Nəsiman Yaqublunun “Cümhuriyyət qurucuları”, “Məhəmməd Əmin Rəsulzadə enskolopediyası”, Şirməmməd Hüseynovun topladığı və ərəb qarafikasından latın qrafikasına çevirdiyi “Məhəmməd Əmin Rəsulzadə. Əsərləri” çoxcildliyi, Əfqan Vəliyevin tərtib və nəşrə hazırladığı “Sosial Tədqiqatlar Nərkəzi”nin çap etdirdiyi “İstiqlal” toplusu və s. kitablar bu gün demokratiya uğrunda mübarizə aparan hər bir adam üçün stolüstü kitablardır. Yuxarıda adını çəkdiyim hər bir kitab Demokratik Cümhuriyyət tarximizi və onun əsasını qoyan liderlərimizin hər biri haqqında, həmin dövrün hadisələri, həmin dövrdəki geopolitik tendensiyalar, Azərbaycan daxilində, onun sərhədlərində və bu sərhədlərdən uzaqda baş verənlərlə Cümhuriyyət və onun liderlərinin ideoloji siyasi inkişafları, hətta onların faciəvi taleləri arasında əlaqələrə aydınlıq gətirir.

Məhəmməd Əmin Rəsulzadəyə həsr olunmuş ən son kitab isə filologiya elmləri doktoru, professor Qulu Məhərrəmlinin yazdığı və 2023-cü ildə çap etdirdiyi “Tarixi yaradanlar” seriyasından “Məhəmməd Əmin Rəsulzadə” kitabıdır.

Qulu Məhərrəmlinin bu kitabının ən başlıca məziyyəti akademik üslubdan imtina, Xalq Cümhuriyyətinin liderinin həyat və fəaliyyətini xalq dilində xalqa çatdırmasıdır. Kitabın girişində müəllif Çar Rusiyasının süqutuna və Azərbaycanın azadlıq fürsətinin meydana çıxmasına qısa göz atır və sonra Rəsulzadəni yetişdirən, tərbiyə edən mühit haqqında çox qiymətli bilgilər verir. Məlumdur ki, ictimai tərbiyənin institutunu -ailə, məktəb və məscid təşkil edir. Bu baxımdan, bir şəxsiyyəti dəyərləndirərkən onun hansı ailədə, hansı məktəbdə və hansi ideoloji mühitdə yetişdiyi nəzərə alınmalıdır. Qulu bəy də haqlı olaraq Məhəmməd Əminin doğulub-böyüdüyü ailəsi haqqında qısa şərh verir... Əslində, hər bir adamın kim olduğunu bilmək istəyirsənsə, ilk növbədə onun ailəsi haqqında nəsə bilməlisən. Çünki ailə cəmiyyətin ilk tərbiyə institutudur. Bu bölmədə Məhəmməd Əminin ruhani ailəsində doğulmasının önə çıxarılması artıq gələcəkdə onun necə bir insan olacağına sanki ipucu verir. Mənəviyyatsız insanların sırasından heç vaxt liderlər çıxmır. Müəllif sonra Rəsulzadənin ibtidai təhsil aldığı dövrə aydınlıq gətirir. Bir insanın kim olduğunu bilmək həm də onun hansı məktəbdə, necə oxuması ilə müəyyən oluna bilər. Əsrin əvvəllərində “Rus-Tatar” məktəbləri ən mütərəqqi məktəblər hesab edilirdi və heç təsadüfü deyil ki, Azərbaycanın o dövrdəki görkəmli adamlarının əksəriyyəti məhz “rus-tatar” məktəblərində yetişmişdir. Məhəmməd Əminin bir lider kimi formalaşmasında bu məktəbin xüsusi rolu olduğunu qeyd etmək lazım gəlir.

Sonra müəllif Məhəmməd Əmini formalaşdıran ictimai mühitə, xüsusən hər bir insanın tərbiyəsində məşguliyyətin əhəmiyyətini nəzərə alaraq, onun əmək fəaliyyəti ilə bağlı məlumat verir. Məhəmməd Əminin məhz “Kaspi” mətbəəsində fəhlə işləməsi, onun dövrün hadisələrini operativ şəkildə izləmək, onların mahiyyətini anlamaq baxımından müstəsna rol oynamışdır. Digər tərəfdən, fəhlə əməyi Məhəmməd Əmini dövrün dəbdə olan və fəhlələrin hüquqlarına üstünlük verən sosial demokrat ideologiyasına yiyələnməsinə səbəb olmuşdur. Nəticədə, 1904-cü ildə Rəsulzadənin aktiv iştirakı ilə azərbaycanlıların sosial-demokrat təşkilatı olan “Hümmət” meydana çıxdı.

Rəsuzadənin siyasi fəaliyyətə sosial demokrat kimi başlaması təbii idi. Birincisi, sosial demokratlar o dövrdə Çar Rusiyasına qarşı bütün millətlərin mübarizəsini təşkil edirdi, digər tərəfdən Sosintern dünya sosial-demokratlarını bir araya gətirməklə, dünyanin tarixi vaxtını dəyişdirməyə çalışırdı. Məhəmməd Əminin siyasi portretinin əsas cizgilərindən biri – onun sosial-demokrat olmasının səbəbi “ümumi bərabərlik və azadlıq” ideyasının o dövr insanları üçün cəzbedici və məhz o dövr üçün ən mütərəqqi ideya olması ilə bağlı idi.

Kitabda Rəsulzadənin dövrün iki diktatoru kommunist Stalinlə şəxsi  və faşist Hitler administrasiyası ilə əlaqələri haqqında xalq dilində maraqlı məlumatlar, həm də bu  tarixi faktlarda Rəsulzadəyə yönəlmiş bəzi ittihamlara cavab verilir və bu böyük Azərbaycan oğlunun məhz Azərbaycan uğrunda mübarizə apardığı və öldüyü təkzibedilməz faktlarla sübut edilir. 1905-ci ilin qanlı inqilabi sosial-demokratların dinc yolla köləliyi ləğv etməsinin mümkünlüyünə xeyli şübhə saldı və daha radikal ideoloji cərəyanların təmsilçiləri meydana - siyasi səhnəyə çıxdı. Məhəmməd Əmin də yavaş-yavaş sosial demokratiya ideyalarından uzaqlaşır və milli-mədəni maarifçilik ideyalarına yiyələnirdi. Bu, o dövrdə Rusiyada hakim olan xalqçılar(narodovcular ) hərakatının azərbaycanlılar arasında əks-səda verdiyini sübut edir.

Məhəmməd Əminin sosial-demokratiyadan “narodovçuluğa” meyllənməsi onun bir lider kimi dəyişən vəziyyətlərə uyğunlaşmasının, günün tələblərinə uyğun gələn yol seçməsinin təkzibedilməz sübutlarındadır. Mahatma Qandi də sonralar liderin öz fikirlərini ciddi itkilər hesabına olsa belə, dəyişən vəziyyətə uyğun dəyişdirməsinin vacib olduğunu xüsusilə vurğulamışdır. Əslində, liderin məğlubiyyəti dəyişən vəziyyətə uyğun ideoloji transformasiya olmamasıdır.

Rəsulzadənin bir milli lider, istiqlalçı kimi formalaşması onun İran məşrutə inqilabında jurnalist kimi iştirak etməsi ilə bağlı olmuşdur. Avropa tədqiqatçılarının qiymətləndirdiyi kimi, İrandakı məşrutə hərəkatı bir tərəfdən demokratik ruhuna görə Kromvelin başçılıq etdiyi feodal burjua inqilabı, Rusiya tarixindəki Puqaçov kəndlilərin azadlıq hərakatı, milli azadlıq ruhuna görə, İtaliyanın azadlığı uğrunda vuruşan Haribaldinin mübarizəsi ilə səsləşirdi. Məhz buna görə, ortalığa milli demokratik ideya meydana çıxmışdır. İran Məşrutə hərəkatının lideri Səttarxanla bir jurnalist kimi görüşən Rəsulzadə, onun təsiri ilə bir milli liderə çevrilmək istiqamətində inkişaf etmişdir. Qulu bəy kitabında bu tarixi fakta haqlı olaraq geniş yer verir.

Rəsulzadənin bir milli lider kimi formalaşmasında onun 1911-ci ildə Türkiyəyə mühacirəti və burada yaşayan digər türk toplumlarının və Türkiyənin milli demokratik liderləri ilə görüşməsinin müstəsna təsiri olmuşdur.

Ümumi şəkildə demək olar ki, Məhəmməd Əmin İran və Türkiyə səfərlərində milli demokrat kimi tam püxtələşmiş və bir lider olaraq ideoloji-siyasi mübarizəyə hazırlanmışdır. Müəllif Məhəmməd Əminin həyatının Türkiyəyə mühacirət dövrü ilə bağlı xeyli məlumatlar verir. Məhz buna görədir ki, Türkiyədən qayıdan Məhəmməd Əmin Rəsulzadə sosial-demokrat platformasından müsavatçılıq platformasına keçir. Rəsulzadənin bundan sonrakı həyatı milli azadlıq ideyasının həyata keçirilmə məqsədləri ilə bağlı olmuşdur. Qulu bəy də bu istiqamətdəki siyasi inkişafı konkret fakt və dəlillərlə təsvir etmişdir.

Rəsulzadənin bir milli lider kimi inkişafı tədrici və mərhələli olmuşdur. O, milli ideyanın həyata keçirilməsində inqilabi yol tutmamışdır. Əvvəl müxtariyyət, sonra istiqlaliyyət yolu tutan Məhəmməd Əmin Rəsulzadənin özünün siyasi lider kimi püxtələşməsi həmin dövrdə birinci dünya müharibəsinin bir çox siyasi coğrafiyalarda meydana çıxardığı müstəqillik dalğası ilə bağlı idi. Qulu bəy də kitabında bunu sübut edən çox maraqlı faktlara aydınlıq gətirir.

Rusiyada qalib gələn bolşevik inqilabı Çar Rusiyasının əsarəti altında olan xalqlara qısa müddətə müstəqillik imkanları yaratdı və Məhəmməd Əmin öz ideya silahdaşları ilə birlikdə Azərbaycan müstəqilliyini elan etdi. Bu dövr xalqımızın tarixinin ən mürəkkəb, qanlı hadisələri ilə yaddaşında qalıb. Bu, həm də milli liderlərin fikir və ideyalarında da ciddi düzəlişlər etmələrinə gətirib çıxarıb.

Azərbaycanın müstəqilliyi də mərhələli proses kimi baş vermişdir. Əvvəl Qafqaz xalqları birlikdə öz azadlıqlarını elan etsə də, sonra hər bir xalq öz müstəqilliyini elan etməklə, milli dövlətlərini elan etmişdir. Bu dövrdə siyasi təkamülün səbəb və nəticələri kitabda inandırıcı şəkildə şərh edilir.

Azərbaycanın müstəqilliyi elan olunduqdan sonra istiqlalçılarla digər qüvvələr arasında ölüm-dirim savaşı başlamışdır. Qulu bəy bu dövrün əsas ideoloji meylləri, onların təmsilçilərinin və rus-erməni ittifaqının müstəqil dövlətimizə qarşı apardıqları mübarizə və düşmənçiliklər haqqında çoxlu faktlar gətirir.

Kitabın ən vacib əhəmiyyətlərindən biri də bu gün olduqca aktual olan və ictimai müzakirə mövzusuna çevrilən Avropa-Azərbaycan və Rusiya-Azərbaycan əlaqələrdir. O dövrdə İngiltərənin, Almaniyanın və Fransanın xüsusi fəallığı ilə bu bölgədə gedən proseslər və Rusiyadan gələn təhlükələr əslində müstəqilliyimizin taleyini təhdid edirdi. Bu hadisələr haqqında verilən bilgilər bu günkü geosiyasi hadisələri anlamaq baxımından da çox əhəmiyyətlidir. Qulu bəy adını çəkdiyimiz dövlətlərin həmin dövrdəki Azərbaycan siyasətinə xeyli aydınlıq gətirir. Azərbaycan dövlətinin bu günki beynəlxalq əlaqələrini anlamaq baxımdan əsrin əvvəlllərindəki bu dövlətlərin Azərbaycanla bağlı siyasətlərini anlamaq və onların müasir dövrdəki siyasi gedişlərini düzgün qiymətləndirmək olduqca əhəmiyyət daşıyır.

Sanki tarix Azərbaycanda təkrarlanmışdır. Avropa və Rusiyanin neqativ rolunun əksinə, qardaş Türkiyənin Azərbaycandakı qanli hadisələrə, rus- erməni ittifaqının xalqımıza qarşı başlatdığı soyqırımına müdaxiləsi milli müstəqilliyin gerçək həyati fakta çevrilməsinə səbəb olmuşdur. Kitabda həm də Rəsulzadənin bu istiqamətdə dövlət başçısı kimi fəaliyyətinə, onun milli parlametdə apardığı şəxsi və qrup mübarizəsinə, eləcə də ideoloji-siyasi işinə yüksək qiymət verilir.

Məhəmməd Əmin Rəsulzadənin taleyi olduqca kəşməkeşli olmuşdur. O, Milli Şura rəisliyindən bolşevik rus imperiyasının əsirinə çevrilmiş, sonra Avropa və Türkiyədə mühacir həyatı yaşamış və mühacirətdə  də Azərbaycan uğrunda mübarizəsini davam etdirmişdir. Əsərin yazılmasında olduqca ciddi mənbələrdən - bir tərəfdən bu tarixi faktın şahidlərinin əsərlərindən, digər tərəfdən həmin dövrün mətbuatından istifadə olunmuşdur ki, bu, kitabın elmi çəkisini xeyli artırmışdır.

Kitab haqqında çox söz yazmaq olar. Amma atalar demişkən, yüz eşitməkdənsə bir görmək yaxşıdır. Hörmətli oxucular, istiqlal, demokratiya yolunda olan hər bir azərbaycanlıya Qulu Məhərrəmlinin bu kitabını oxumağı tövsiyə edirəm.

Bu, həm də hər bir azərbaycanlının öz tarixinə diqqəti, öz xalqının böyük oğullarına ehtiramı, həm də indini anlamaq  və düzgün yaşamaq baxımından vacibdir.

Sərdar CƏLALOĞLU

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.164918