"Azərbaycanın Türkiyə ilə inteqrasiyası nə sürətlə gedirsə, orduların inteqrasiyası həmin sürəti qabaqlayır" - İLQAR ALTAY

2021-09-15 11:54:00

"Bu proseslər çox keçmədən ölkə daxilində olduqca vacib və qəti dəyişikliklərə, firavanlıq və ədalətli yaşama yol açmalı, ölkə yüksək templə inkişaf etməlidir"

"Qardaş Türkiyənin cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Azərbaycanın hərbi rəhbərliyini qəbul edib. Onun sağında bizim müdafiə naziri və baş qərargah rəisi, solunda isə Türkiyə müdafiə naziri və baş qərargah rəisidir. Maraqlı proseslər gedir. Daha doğrusu, xeyli müddət davam edən tədbir planlı, ağıllı proseslərin son, uğurlu nəticəli mərhələsi!" Hurriyyet.az xəbər verir ki, bu fikirlər İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, tanınmış hüquqşünas İlqar Altaya məxsusdur.

Onun fikrincə, Azərbaycanın dövlət və xalq olmaqla, qardaş Türkiyə ilə inteqrasiyası nə sürətlə gedirsə, hərbi tərəflərin, orduların inteqrasiyası həmin sürəti qabaqlayır: "Bu da çox xoş və həm də vacib gedişatdır. Demək, regional təhlükəsizliyimiz, hərbi-siyasi gücümüz və bu amillərin də bizə gətirdiyi dayanıqlı dövlət suverenliyimiz öndə gedir. Hansı ki, 30 ili bu amillərsiz işğal, təsir, təzyiq altında qaldıq. Halbuki, 10 qat daha irəlidə və inkişaflı olardıq".

İlqar Altay hesab edir ki, bu proseslər, gedişat çox keçmədən ölkə daxilində olduqca vacib və qəti dəyişikliklərə, firavanlıq və ədalətli yaşama yol açmalı, ölkə yüksək templə inkişaf etməlidir.

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az