Azərbaycanın regional əhəmiyyəti günbəgün artır - TƏHLİL

2023-01-17 09:44:00

Azərbaycanın regional əhəmiyyəti günbəgün artır - TƏHLİL

Bakı-Ankara-Təl-Əviv birliyinə Misir də qoşulmaqdadır

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri isə ərəb ölkələri ilə Azərbaycan arasında münasibətlərin inkişafında yeni mərhələ açır…

Məlum olduğu kimi, ötən həftələrdə İsrail XİN-nin Bakıda “regional konfrans” keçirəcəyi haqda xəbərlər paylaşılmışdı. Belə ki, yanvarın 16-18-də Bakıda İsrailin XİN idarəsinin mərkəzi aparatının rəsmilərinin Avrasiya ölkələri və Balkan yarımadasındakı səfirləri ilə görüşü keçiriləcək. Diplomatların dünən səhər saatlarında Bakıya gəlməsi nəzərdə tutulurdu. Söhbət Ukrayna, Rusiya Federasiyası, Belarus Respublikası, Moldova, Özbəkistan, Qırğızıstan, Gürcüstan, həmçinin Serbiya, Albaniya, Şimali Makedoniya və Kosovo səfirlərindən gedir.

İsrail XİN-nin siyasi məsələlər üzrə direktoru Aliza Bin-Nun konfransın ən yüksək səviyyəli iştirakçısı olması nəzərdə tutulurdu. İştirakçıların ümumi sayı otuz nəfərdir. Bu tədbir “Avrasiya ölkələrindəki səfirlərin regional konfransı” kimi təqdim olunur.

Qeyd edək ki, əvvəllər bu qəbildən tədbirlər Moskvada keçirilirdi. İndi Rusiyanın Ukraynaya təcavüzü fonunda ilk dəfə olaraq belə bir görüşün keçirilməsi üçün alternativ məkan kimi Bakı seçilib. Yəni İsrail XİN Bakının xeyrinə Moskvadan imtina edib. Görünür, Azərbaycan parlamentinin yayımladığı bəyanat da bu addıma qarşılıq vermək niyyətiylə ərsəyə gəlib.

Belə ki, Milli Məclisin 19 deputatdan ibarət qrupunun, 9 nazir də daxil olmaqla 30 israilli parlamentarinin mesajına, “Xalqımız İkinci Qarabağ müharibəsində İsrailin dəstəyini heç vaxt unutmayacaq” başlıqlı bəyanatı bu münasibətlə paylaşıldı.

Bəyanatda digər məsələlərlə yanaşı qeyd edilir: “Azərbaycan xalqı 44 günlük Xalq Müharibəsində İsrailin Azərbaycanın ədalətli mövqeyinə verdiyi dəstəyi yüksək qiymətləndirir və heç vaxt unutmayacaq. Azərbaycanın müharibədə qələbə çalması, regional siyasət, hərbi və iqtisadi sferalarda güclənməsi, beynəlxalq müstəvidə mövqelərinin möhkəmlənməsi təəssüf ki, hamını sevindirmir və bəzi dövlətlərin qısqanclığına səbəb olur. Son zamanlar İran İslam Respublikasının anti-Azərbaycan ritorikasını sərtləşdirməsi, İranla Azərbaycan sərhədində hərbi təlimlər keçirməsi bunu açıq şəkildə göstərir və İranın əsl mahiyyətini ortaya qoyur. Azərbaycan heç vaxt özünə qarşı təhdidlərdən qorxmayıb və onlara hər zaman layiqli cavab verə bilib. Biz Azərbaycana qarşı davam edən təxribatlar və artan təhdidlər fonunda sizdən dəstək mesajları almaqdan çox məmnunuq və həvəslənirik. Buna görə sizə minnətdarlığımızı bildiririk”.

Beləliklə, Bakı ilə Tel-Əvivin müsbət əlaqələrini, tərəfdaşlığını həzm edə bilməyən İran “zəncir çeynəyir”. Necə ki, Rusiya Ukraynaya hücumunu NATO-ya qarşı mübarizə kimi “əsaslandırır”, İran da Azərbaycanla hərbi münaqişəyə bəhanə naminə özü üçün “əsaslar” hazırlayır. Yalnız Tehranın gözündə bu işdə NATO-nun rolunu İsrail oynayır. Üstəlik, Tehran Qüdslə sürətlə yaxınlaşmağa başlayan Ankaranı da qorxutmağa çalışır. Amma İranın əsas qorxusu İsraillə deyil, Ermənistanı ondan kəsəcək Zəngəzur dəhlizi layihəsi ilə bağlıdır və əlbəttə sirr deyil ki, Erməistanla olan bağı Tehranın Qərb sanksiyalarından yan keçməsinə kömək edir.

Görünən odur ki, Bakı-Ankara-Təl-Əviv birliyinə Misir də qoşulmaqdadır. Belə ki, 2023-cü il 26 yanvar tarixində Misir lideri prezident Əs-Sisinin Bakıya səfəri gözlənilir. Bu barədə İsrailli mənbələrdən məlumat verilib. Məlumata görə, prezident Əl-Sisini nazirlərdən və digər dövlət strukturlarının rəhbərlərindən ibarət çox nümayəndə heyəti müşayiət edəcək. Bu tarixi səfərdir, həm də ən böyük ərəb dövlətinin başçısının Bakıya ilk səfəridir. “Bildiyimizə görə, hazırda tərəflər səfərə hazırlıq işlərini yekunlaşdırır”, - deyən mənbənin verdiyi xəbərə görə, səfər əvvəlcə 2020-ci ilə planlaşdırılıb, lakin pandemiya səbəbindən təxirə salınıb.

Ərəb Şərqinin ən böyük ölkəsinin rəhbərinin səfər edəcəyi Qafqazda ilk və indiyədək yeganə ölkə kimi Azərbaycanın seçilməsi ölkəmizin regional əhəmiyyətinin artmasından xəbər verir. Azərbaycanın məhz bu məqamda əhəmiyyətinin artması qismən Ukraynadakı müharibə nəticəsində yükdaşıma marşrutlarının şimaldan cənuba və şərqdən qərbə böyük ölçüdə Azərbaycan ərazisindən keçərək yenidən istiqamətləndirilməsi ilə diktə olunur. Bundan əlavə, ölkəmiz Avropanın enerji resurslarının, ilk növbədə qazın əsas təchizatçılarından birinə çevrilir.

Yeri gəlmişkən, Misir də Aİ-yə qaz nəqlində rolunu artırır və bu sahədə əməkdaşlığı genişləndirməkdə maraqlıdır. Buna İsrail, Azərbaycan və Türkiyə arasında strateji müttəfiqliyin bərpası da əlavə olunur. Türkiyə-İsrail münasibətlərinin normallaşması 2021-ci ilin sonunda - 2022-ci il ərzində böyük ölçüdə Bakının səssiz iştirakı ilə baş verdi. Qahirə də Ankara ilə münasibətlərini tədricən bərpa edir. Və bu kontekstdə Bakı Misir tərəfindən çox dəyərli bir halqa kimi qəbul edilir. Bundan əlavə, Əl-Sisi təhlükəsizlik sahəsində İsraillə sıx əməkdaşlıq edir. Bu mənada, şübhəsiz ki, regionun təhlükəsizliyində artan rol oynayacaq İsrail, Azərbaycan və Türkiyənin strateji müttəfiqliyi Misiri də kifayət qədər maraqlandırır. Hansı ki, 2019-cu ilin oktyabrında Azərbaycanın paytaxtına səfər etmiş xarici işlər naziri Sameh Şükri də ölkələrimiz arasındakı əlaqələrin perspektivinə böyük inamla yanaşdığını bəyan etmişdi.

Bütün bunlarla yanaşı, son günlər prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri də ərəb ölkələri ilə Azərbaycan arasında münasibətlərin inkişafında yeni mərhələ açır. Dövlət başçısının Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd Zayed Al Nəhyan tərəfindən Qlobal Enerji Forumuna fəxri qonaq statusunda dəvət edilməsi Azərbaycanın regional və qlobal arenadakı mövqeyinin önə çıxarılmasının daha bir sübutudur. Səfər zamanı keçirilən görüşlər və razılaşmalar da münasibətlərin daha da inkişaf etməsinə böyük imkanlar yaradılacağından xəbər verir.

Ölkə başçısının Əbu-Dabiyə Qlobal Enerji Forumunun ikinci günü getməsi Azərbaycanın həm də qlobal enerji bazarlarındakı artan rolu və bu rollarda ərəb dünyası ilə əlaqələrin koordinasiyasına işarədir. Yəni qarşılıqlı münasibətlərin bu sahədə də möhkəmlənəcəyi gözlənilir. Bu isə münasibətlərin artan dinamikasını bir daha təsdiq edir.

Onu da qeyd etmək lazımdır ki, tədbir davamlı inkişafı sürətləndirmək və iqtisadi, sosial və ekoloji tərəqqiyə nail olmaq üçün Birləşmiş Ərəb Əmirlikləri tərəfindən dəstəklənən qlobal təşəbbüsdür.

Ülviyyə ŞÜKÜROVA


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.187757