AZƏRBAYCANIN MAHİR KLARNET İFAÇISI - HACI HƏMİDOĞLU

Klarnet çalğı aləti Avropaya məxsus olsa da, inkişaf etmiş ölkələrdə də geniş yayılıb. Müxtəlif millətlərin musiqisinə daxil olan klarnetin Azərbaycan xalq musiqisində də xüsusi yeri var. Xalq ifaçıları bu alətdə oyun havaları, muğamlar, dəraməd, rəng, diringi, təsnif və mahnılarımızı sevə-sevə ifa ediblər. Zaman-zaman klarnet ifaçılarmız yetişib. Bu sırada Hacının xüsusi yeri, çəkisi, ustalığı, nümunəvi ifası və zəngin irsi var. 2023-cü il yanvarın 29-da onu doğma Azərbaycan torpağı öz qoynuna aldı. Həmin tarixdə o, Novxanı kəndinin köhnə qəbristanında dəfn olundu. Yeri cənnət, ruhu şad olsun.
Hacıbaba Həmid oğlu Məhərrəmov 1956-cı il yanvarın 2-də Bakıda zəhmətkeş, sadə ailədə anadan olub. Həmid Hacıbaba oğlu Məhərrəmov (1926-1985) əslən Novxanı kəndindən idi. O, peşə təhsilli olaraq rəngsazlıqla təmir işlərinə xidmət edirdi. 1941-1945-ci illər ağır müharibə dövründə müxtəlif işlərdə çalışmışdı. Həmid həm də klarnet ifaçısı idi, toy-nişanda, ad günlərində və yubileylərdə çalırdı. O, 1954-cü ildə Şükufə xanımla ailə qurmuşdu. Bu ailədə dörd uşaq böyümüşdü. Ailənin yaşadığı ev Bakının məşhur “Kubinka” məhəlləsində idi. Hacı Həmidoğlunun uşaqlıq və gənclik illəri burada keçib. O, 1963-1971-ci illərdə 138 saylı məktəbdə, rus bölməsində təhsil almışdı. Sonra isə təhsili fəhlə-gənclər axşam məktəbində davam etdirmiş və buranı 1974-cü ildə bitirmişdi.
H.Həmidoğlu musiqiyə ritm sənəti ilə gəlib. O, 1970-ci ildə Çingiz Mehdiyevin Yasamal rayonundakı pioner və məktəblilər evində (hazırda uşaq-gənclərin inkişaf mərkəzi) öz şagirdlərindən ibarət yaratdığı nağaraçalanlar ansamblına daxil olaraq yaxşı ifaçı kimi yetişmişdi. Hacı əvvəl atası ilə, sonra isə yaşıdları ilə toy-nişanda nağara çalırdı.
Hacının musiqiyə, klarnet sənətinə sonsuz həvəsi məhəllələrində keçirilən toyxanalardan, çadır toylarından gəlmişdi. O zaman Kubinka toylarında əsasən məşhur klarnetçalanlar Həsən Məhərrəmov, Bəhruz Zeynalov, Şəmsi İmanov, Ələkbər Əsgərov və Məhərrəm Zeynalov, nağaraçalanlar Ağasüleyman İmanov, Kamal Axundov, Zöhrab Məmmədov və başqaları sənət nümayiş etdirirdilər. Hacının musiqi zövqünün formalaşmasında belə toyların əhəmiyyəti olmuşdu. Novxanı kəndində qohumların toyu idi. Hacı da toya getmişdi. Məclisi məşhur klarnetçalan Əşrəf Əşrəfzadə idarə edirdi. O, Əşrəfin toy çalğısını dinləyəndən sonra qərara gəlir ki, daha bundan sonra klarnet ifaçısı olacaq.
Atası işə gedəndə Hacı onun klarnetini qutusundan çıxarıb ifa edərdi. O, dükandan tütək də alıb çalmağa başlamışdı. Hacı Güney Azərbaycanın Bakıda mühacir həyatı yaşayan Demokrat Firqəsinin mədəniyyət mərkəzində yaradılan xalq çalğı alətləri ansamblına üzv olub məşqlərdə, konsertlərdə çıxış edərək klarnet çalğısını püxtələşdirirdi. Firqənin yerləşdiyi məkan “Kömürçü bazarı” adlanan yerdə idi. Ansambla əslən Ərdəbildən olan, Tehrandan Bakıya mühacirət edən xanəndə Novruz Feyzullayev rəhbərlik edirdi. Hacı burada 1974-1975-ci illərdə çalışıb. Bu ansamblın müşayiəti ilə əslən güneylilər-Rübabə Muradova, Məmməd Salmanov, Leyla Şərifova, Maxrux Muradova və Əziz Kərimoğlu konsertlərdə çıxış edirdilər. N.Feyzullayev Hacını 1975-ci ildə İslam Rzayevin rəhbərlik etdiyi “Fərəh” instrumental ansamblına aparır. Bu ansambl ilə Azərbaycanın xalq və əməkdar artistləri, həmçinin istedadlı gənc xanəndələri oxuyur, səslərini radio fonduna yazdırır və AzTV konsertlərinə çıxırdılar. H.Həmidoğlu həmin ildən “Fərəh” ansamblında fasilələrlə çalışmışdı. Həmin dövrdə o, məşhur xanəndələrdən Sabir Mirzəyev, Novruz Feyzullayev, Rövşən Behçət, Tələt Qasımovla və gənclərlə toylara gedirdi. Hacı 1982-ci ildə İ.Rzayevin ansamblına yenidən qayıdır və 1990-cı ilə qədər bu kollektivin fəal üzvü olaraq bütün lent yazılarında, tədbirlərdə və konsertlərdə gözəl ifa göstərir. Ansamblda daim ona sololar da ayrılır və o, ona tapşırılan işi layiqincə yerinə yetirirdi.
H.Həmidoğlu 1976-cı ildə Tibb İşçiləri Mədəniyyət Evində pianoçu Həsənağa Qurbanovun müğənni Akif İslamzadə üçün yaratdığı instrumental ansamblda da çalışırdı. Müğənnilər Kifayət Gəncəli və Rövşət Behşət də həmin ansambl ilə oxuyurdular.
H.Həmidoğlu İ.Rzayevlə birlikdə çalışarkən ansamblın müşayiəti ilə Əbülfət Əliyev, Tələt Qasımov, Elmira Rəhimova, Zaur Rzayev, Həbib Rəhimov, Fərman Cəfərov, Baloğlan Əşrəfov, Məhəbbət Kazımov, Zöhrə Abdullayeva və başqaları səhnə konsertlərində çıxış edir, səslərini milli radionun fonduna yazdırırdılar. Hacı həmin müğənnilərlə Dövlət Filarmoniyasının səhnəsində, Gəncə, Mingəçevir şəhərlərində və Azərbaycanın əksər bölgələrində konsertlərlərdə olmuşdu. Hacının solo ifaları xüsusi marağa səbəb olur və tamaşaçıların alqışlarını qazanırdı.
1989-cu ildə İ.Rzayevin ansamblı kiçik heyətlə Azərbaycan Dostluq və Xarici Ölkələrlə Əlaqələr Cəmiyyətinin xəttilə SSRİ-in paytaxtı Moskvaya və oradan da Hindistana göndərilmişdi. Heyətin tərkibində H.Həmidoğlu da var idi. Bu səfərdə ölkəmizin ən məşhur müğənniləri çıxış edirdi.
H.Həmidoğlu tarzən Ağasəlim Abdullayevin rəhbərlik etdiyi Baba Salahov adına “Araz” xalq çalğı alətləri ansamblında 1998-2003-cü illərdə fəaliyyət göstərmişdir. Ansambl Azərbaycanın say-seçmə müğənnilərini, bu sırada Sara Qədimova, Yaqub Məmmədov, Gülxar Həsənova, Əlibaba Məmmədov, Atababa Novruzov, Aygün Bayramova, Zabit Nəbizadə və Yaqub Zurufçunu radionun səsyazmalarında və AzTV-də müşayiət edirdi.
Ansamblda çalışmaq asan məsələ deyil, çox məsuliyyətli, səmərəli və samballı işdir. Burada ifaçıdan müntəzəm olaraq məşqlərə, konsertlərə, səsyazma studiyalarına və TV çəkilişlərinə gəlmək tələb olunur. Bundan əlavə bu işdə musiqiçiyə yaxşı, həssas musiqi duyumu, qeyri-adi yaddaş, götürmə, dərhal öyrənmə qabiliyyəti lazım gəlir. Qeyd olunanlar musiqiçidə mütləq mənada lazımdır. Belə üstün cəhətlər H.Həmidoğluda var idi. Odur ki, ansambl musiqiçisi kimi o, həmişə ön sırada idi.
Bu yazının müəllifi Hacının bu keyfiyyətlərini nəzərə alıb onu 2003-cü ildə Baba Mahmudoğlunun rəhbərlik etdiyi, özünün musiqi rəhbəri olduğu “Misri” xalq çalğı alətləri ansamblına dəvət etmişdi. Hacı həmin ansamblın kiçik heyəti ilə xarici ölkələrdə çıxış edərək maraqlı sənət nümayiş etdirmişdi. O, həmin konsertlərdə yalnız klarneti deyil, balaban, tütək və zurnanı da məharətlə səsləndirirdi.
Hacı gənclik illərində mahir nağara ifaçısı Zöhrab Məmmədovla yoldaşlıq edib illərlə Bakı toylarında çalışaraq sevgi qazanmış və öz repertuarını zənginləşdirmişdi.
Son 30 ildə daha da püxtələşib, məşhurluq qazanıb sevilərək böyük rəğbət qazanan H.Həmidoğlu öz ansamblı ilə Bakının, Bakıətrafı qəsəbələrin toylarının əsas musiqiçisinə çevrilərək zəngin repertuar və proqramla sənət sərgiləmişdir. Burada keçirilən toylar üçün onunla aylar öncə, hətta 1 il əvvəl vədələşirdilər. Bu yerlərin toylarında çalıb-çağıran dəstələr var. Lakin ən çox sevgi, rəğbət, tələbat Hacıya idi. Onun Bakı toylarının səviyyəsinə uyğun sənət göstərməsindən əlavə, üstün cəhəti çox idi. Bir sənətkar olaraq o, hər kəndin ağsaqqallarını, cavanlarını yaxşı tanıyır, onların musiqi zövqünü, toylarda dinləmək istədikləri muğam, mahnı və oyun havasını bilirdi.
Ağlımız kəsəndən Bakı toylarının aparıcı qüvvəsi kimi klarnet ifaçısını görmüşük. Buralarda klarnetçalan dəstənin ustası, rəhbəri sayılıb. Hacı kimi böyük sənətkarın yolunu Bakı qəsəbələrində daim səbrsizliklə gözləyiblər. Onun sənətini dərindən sevənlər və pərəstişkarlar var idi. Sözün əsl mənasında H.Həmidoğlu toyların aparıcı qüvvəsi, sevilən musiqiçisi sayılırdı. Elə bunun səbəbi idi ki, o, Bakı toy dəstələrinin hər birindən baha qiymətə gedirdi. Toylarda ona muğamlar, qədim, unudulan oyun havaları, hind musiqi çələngi (komplekt) və hətta başqa xalqların musiqi mümunələri sifariş verilir, xərclənən nəmərdən əlavə alqışlanırdı da. Hacını öz dəstəsilə, şəhər daxilində keçirilən toylara (kompaniya), hətta əyalətlərin nəhəng məclislərinə də dəvət edirdilər. Axı o, vətənimizdə ən populyar klarnet ifaçısı idi. Bu adam bütün toy ərzində əyləşmir, ayaq üstə ifa göstərir, məclis əhlinin bütün diqqətini özünə çəkirdi. Onun ifasında dinamika, təsir gücü, ustalıq, maraqlı tərəflər, əyləncəli xüsusiyyətlər və şou var idi. Hacının dəstəsində toy ansamblları üçün nəzərdə tutulan bütün çalğı alətləri olsa da, əsas diqqət onun ifasına yönəlir, sifarişlər ona verilirdi. Bəli, o, dostu, ürək sirdaşı, qazanc mənbəyi, çörək ağacı olan klarnetlə çox sərbəst davranır, onunla oynaya-gülə, həvəslə və məhəbbətlə çalğı göstərirdi. Çətin ifa olunan, nəfəs, güc tələb edən klarnet çalğı Hacının çalğısında sanki asan ifa olunan təsir bağışlayır və onun əlində oyuncağa çevrilirdi.
O, zəhmətkeş,çalışqan, daim öyrənən, aylarla, illərlə repertuarını təzələyərək zənginləşdirən, sənətini dəlicəsinə sevən və onun pərgarı, ustası olan bir musiqiçi idi. Son 10-15 ildə Bakı qəsəbələrinin istər çadırda, istərsə də şadlıq saraylarında keçirilən toylarda dəstə tərkibində üç, bəzən dörd nəfər klarnetçalan olur. Hacı da belə toylara dəvət edilir, yenə də öz fərqli repertuarı, ifa tərzi, çalğı texnikası, sərbəstliyi və şou yaratması ilə fərqlənirdi.
Bir məsələni də qeyd etməliyəm ki, Hacı öz ifa qaydası, çalğı tərzi ilə ilə daim Azərbaycan klarnet ifaçılığı üslubuna xidmət edib və bu sənəti yad təsirlərdən qorumağa çalışıb.
Mən H.Həmidoğlunun xahişilə “Azərbaycan klarnet ifaçılığı sənəti” (Bakı, MBM, 2010, 981 səh.) adlı geniş araşdırmanın nəticəsi olan kitab yazmış, orada onun həyat və fəaliyyəti barədə də geniş məlumat vermişəm. Odur ki, bu oçerkdə bacardıqca qısa bilgi ilə nəticələnməyə çalışacağam. Həmin kitabla, oradakı məlumatla H.Həmidoğlu ölkəmizdə fəaliyyət göstərən bütün radio və televiziyaların verilişlərinə dəvət edilirdi. Çox olub ki, verilişlərə neçə gün qalmış o, mənimlə telefon vasitəsilə əlaqə yaradır, suallar verib cavablar alır və çağrıldığı yerə hazırlıqlı gedirdi. Bu onun yalnız sənət sevgisindən deyil, həm də məsuliyyət hissindən irəli gəlirdi. Son dövrdə o, mənimlə çox əlaqə yaradıb və çox sualların cavabını alıb. Bəli, əsl sənətkar daim öyrənməyə maraqlı olar, Hacı belə idi.
Radio fondunda, TV-lərin çəkilişlərində, audio, video kasetlərə, disklərə yazılan ifalar cəhətdən H.Həmidoğlu ən məhsuldar ifaçı sayıla bilər. O, bir sıra oyun havalarına yeni nəfəs verərək, əlavələr edərək, daha da canlandırıb, hər birinə yeni ovqat, şirinlik, oynaqlıq qatıb, təzə əhval bəxş edib. O, özündən əvvəlkillərdən-Şəmsi İmanov, Ələkbər Əsgərov, Vəli Qədimov, Əşrəfağa Əşrəfzadədən öyrənməklə bərabər, klarnet sənətində özünü də tapmış və dəsti-xəttini yaratmışdı. Hacı texniki imkanlar cəhətdən çox usta, bacarıqlı və hərtərəfli ifaçı idi. O, klarneti bütün janrlarda bacarıqla səsləndirə bilir və öz ustalığını təsdiq edə bilirdi. Hər oktavada ifa göstərmək, alətin bütün imkanlarını sərgiləmək onun sənət xüsusiyyətlərinə xas idi. Hacı virtuoz sənətkar kimi formalaşmışdı. Daim bədahətən çalğı göstərə bilirdi. Onun ifalarını keçmiş SSRİ məkanında və bir sıra xarici ölkələrdə musiqiçilər və sənətsevərlər dinləyərək dəyər verirdilər. Bu baxımdan da H.Həmidoğlu tanınan, xoşbəxt sənətkar idi. Onun diskləri İranda, Türkiyədə, türk respublikalarında, Avropa ölkələrində, Amerika və Kanadada da yayılmışdı. Oralardan ona zənglər gəlirdi, maraqlı suallar verilir və rəğbət bildirilirdi.
Azərbaycan radiosu H.Həmidoğlunun ifalarını həmişə səsləndirirdi. Fondlarda, disklərdə, You-Tube internet portalında onun sayagəlməz qədər ifaları vardır. Onun bu zəngin repertuarından müasir klarnet ifaçıları bəhrələnərək öyrənirlər. Bu ünlü, barlı sənətkarın qoyub getdiyi fonddan zaman-zaman bəhrələnəcəklər.
Son illərdə Hacının evinə ondan dərs almağa gələnlər var idi. Nə yaxşı ki, bunlar oldu və o, öz sənətini neçə-neçə gənclərə öyrədə bildi.
Yanvarın 2-də dünyaya gələn Hacı Həmidoğlu 2023-cü il yanvar ayının 29-da dünyasını dəyişdi. Allah o dünyasını versin. Ruhu şad olsun.
ƏHSƏN RƏHMANLI
TƏDQİQATÇI, SƏNƏTŞÜNASLIQ ÜZRƏ FƏLSƏFƏ DOKTORU
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya