Saat:00:02
Haqqımızda

"Azərbaycanın İsraildə səfirliyi bu tarixdə açılmalıdır"

2021-10-15 17:11:00

"Geridə qoyduğumuz 44 günlük müharibə rəsmi Bakının hazırkı dostlarını və “dostlarını” müəyyən etdi. Misal üçün məlum oldu ki, cənub qonşumuz, ölkəmizdə inanclı təbəqənin də böyük rəğbət bəslədiyi İran əslində ölkəmizə qarşı heç də dost münasibət bəsləmirmiş. Əvəzində o inanclı təbəqəmizin "lənətlənmiş xalq və dövlət" adlandırdığı İsrail 44 günlük müharibə zamanı ölkəmizə informasiya, diplomatik, siyasi və iqtisadi yardımını əsirgəmədi"

Bunu "Hürriyyet.az"a müsahibəsində politoloq Turan Rzayev deyib. O, İranda Ermənistan səfirliyinin olduğunu, bu baxımdan Azərbaycanın da İsraildə səfirlik açmasının zəruri olduğunu vurğulayıb:

"Mövcud İran-Azərbaycan münasibətləri və İranın son zamanlar atdığı antiazərbaycan davranışları belə bir sualı aktuallaşdırır. Azərbaycan nə üçün hələ də ona bu qədər yaxşılıq edən İsraildə səfirlik açmır?

Bu gün İranın Ermənistanda səfirliyi var. Ermənistan isə Azərbaycanla hələ də müharibə vəziyyətindədir. Çünki yekun sülh müqaviləsi hələ də imzalanmayıb. Ermənistanın da İranda səfirliyi var. Yəni İran Azərbaycanın düşmən bildiyi ölkənin səfirliyindən narazı deyil. Bu zaman Azərbaycanın da İsraildə səfirlik açmasından təbii heçnə ola bilməz".

Politoloq səfirliyin məhz İsrailin müstəqillik günü olan 14 may tarixində açılmalı olduğunu bildirib. O bu addımla həm İrana lazımi xəbərdarlığı edə, həm də İsrail-Azərbaycan münasibətlərini növbəti səviyyəyə keçirə biləcəyimizi deyib:

"Azərbaycan uzun illər məhz İrana görə, İsraildə səfirlik açmırdı. Yəni rəsmi Bakı Tehranın İsrail həssaslığını anlayır və bunu nəzərə alırdı. 44 günlük müharibə sonrakı proseslər bizə göstərdi ki, rəsmi Tehran nəinki Bakını narahat etdən məsələləri diqqətə almır, yeri gəlsə təhdid belə etməkdən çəkinmir. Bir halda ki, İran öz əsl üzünü göstərdi, rəsmi Bakı da adekvat cavab verməlidir.

İsrail müstəqilliyin illk illərindən etibarən Azərbaycanın yanında olub və siyasi, diplomatik, hərbi, iqtisadi yardımını əsirgəməyib. Bu gün də iki ölkə arasında qarşılıqlı münasibətlər mövcuddur. Bütün bu reallıqlar fonunda rəsmi Bakı özünə yaraşan elə bir addım atmalıdır ki, bu İrana cəza, İsrailə isə bir növ təşəkkür olsun. Bu addım niyə də İsraildə Azərbaycan səfirliyinin açılması olmasın?

Azərbaycan ən qısa müddətdə İsraildə səfirlik açmalıdır. Hətta bu səfirlik məhs İsrailin müstəqillik günü olan 14 may tarixində açılmalıdır. Rəsmi Bakı bu addımla həm İrana lazımi xəbərdarlığı edə, həm də İsrail-Azərbaycan münasibətlərini növbəti səviyyəyə keçirə bilər".

YƏHYA

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR