Saat:19:40
Haqqımızda

Azərbaycanın dövlət borcu nə qədərdir? - Hökumətlə xarici ekspertlərin rəqəmləri üst-üstə düşmür

2025-04-19 12:57:46

Azərbaycanın dövlət borcu nə qədərdir? - Hökumətlə xarici ekspertlərin rəqəmləri üst-üstə düşmür

Azərbaycan hökumətinin aprelin 15-də açıqladığı proqnozlara əsasən, 2025-ci ilin sonuna ölkənin dövlət borcunun ümumi həcmi (xarici və daxili) 29 milyard manata çatacaq və ÜDM-in 22,2 faizini təşkil edəcək.

Lakin bundan öncə Beynəlxalq Valyuta Fondu (BVF) öz proqnozunda 2025-ci ildə Azərbaycanın ümumi dövlət borcunun ÜDM-in 28%-ni təşkil edəcəyini qeyd edib.

Azərbaycan hökuməti “2025-2029-cu illər üçün Ortamüddətli Büdcə Strategiyası”nda 2026-2029-cu illərdə dövlət borcunun mütləq ifadədə 32,7 milyard manatadək artacağını proqnozlaşdırır. Üstəlik, 2029-cu ildə bu, ÜDM-in 20,1%-ni təşkil edəcək.

BVF-nin gözləntilərinə görə isə dövlət borcunun səviyyəsi 2026-cı ildə ÜDM-in 28,9%-ni, 2027-ci ildə 29%-ni, 2028-ci ildə 29,1%-ni, 2029-cu ildə isə ÜDM-in 29,3%-ni təşkil edəcək.

Fondun bu proqnozları kreditlər üzrə dövlət zəmanətlərini nəzərə alır, lakin onlar olmasa belə, proqnozlar hökumətin gözləntilərindən fərqlənir, çünki bu halda (dövlət zəmanətləri istisna olmaqla) BVF 2029-cu ildə dövlət borcunun ÜDM-də payının 23,5% olacağını gözləyir.

Yada salaq ki, 2024-cü ildə ümumi dövlət və dövlət zəmanətli borc ÜDM-in 27,6%-ni təşkil edib.

Maliyyə Nazirliyinin məlumatına görə, 2025-ci il yanvarın 1-nə Azərbaycanın dövlət borcunun ümumi həcmi 27,43 milyard manat təşkil edib ki, bunun da 8,77 milyard manatını xarici borclar (5 milyard dollardan çox və ya ÜDM-in 6,9 faizini), 18,7 milyard manatını və ya ÜDM-in 14,8 faizini isə Azərbaycanın qiymətli kağızlar emissiyası üzrə daxili borcları təşkil edib.

2026-cı ildə dövlət borcunun artımı Maliyyə Nazirliyinin saytındakı sənəddə onunla izah olunur ki, Azərbaycanın dövlət büdcəsinin kəsirinin ödənilməsi və strateji layihələrin həyata keçirilməsi üçün əlavə vəsaitə ehtiyac var.

2026-cı ildə dövlət büdcəsi kəsirinin yuxarı həddi 3 milyard manata yaxın ola bilər.

"Xarici kreditlərin cəlb edilməsi prosedurlarına artıq başlanılıb ki, bu da gələcəkdə dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsində xarici borclanmanın payının artmasına səbəb olacaq", - Maliyyə Nazirliyi qeyd edir.

Eyni zamanda, 2026-cı ilin dövlət büdcəsi layihəsində dövlət borcuna xidmət xərcləri 2,627 milyard manat (2025-ci illə müqayisədə +9,5%) nəzərdə tutulub.

Həmçinin bildirilir ki, Azərbaycanın daxili və xarici kreditləri hökumətin təsdiq etdiyi limitləri keçməyəcək.

Qeyd edək ki, xarici borcun maksimum məbləği 10 milyard dolları, Azərbaycanın dövlət borcunun ümumi həcmi isə ÜDM-in 30%-i həddini keçməməlidir…

“AzPolitika.info” 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.257435