AZƏRBAYCANIN CƏZAÇƏKMƏ MÜƏSSİSƏSİNDƏ ŞOK OLAY! - Türkiyə mediasında sensasion qaçış planının detalları açıqlandı

2022-06-21 09:15:00

AZƏRBAYCANIN CƏZAÇƏKMƏ MÜƏSSİSƏSİNDƏ ŞOK OLAY! - Türkiyə mediasında sensasion qaçış planının detalları açıqlandı

10 məhbus nəzarətçini öldürüb qaçmaq planı qurdular, bunun üçün soyuq silah da hazırladılar, son anda…

Penitensiar Xidməti məsələni ört-basdır etməyə çalışdı, bir neçə nəfər işdən azad olundu…

Azərbaycanın cəzaçəkmə müəssisələrində baş verən neqativ olaylar qardaş Türkiyə mətbuatında da müzakirə mövzusunda çevrilib. Belə ki, habererk.com saytı dünən “Azərbaycanda nələr olur? Azərbaycan cəza evlərində qaçış planı” sərlövhəli yazı dərc edib. Alp Yiğitin qələmə aldığı yazıda Azərbaycan həbsxanalarında yaşanan dəhşətli faktlar açıqlanır. “Hürriyyət” həmin yazını oxucularına təqdim edir:

“May ayında Azərbaycanda yeniyetmələr üçün yeni istifadəyə verilən cəzaçəkmə müəssisəsində böyük bir olay yaşanıb. Nəzarətin güclü olmadığını görən 10 məhbus ən məsuliyyətsiz nəzarətçinin növbəsində onu öldürüb qaçmaq planı qurublar. Onlar öz aralarında vəzifə bölgüsü aparıb, nəzarətçini öldürmək üçün soyuq silah hazırlayıblar. Sanki məhbəsdə deyil, istirahət düşərgəsindədirlər. Planın üstü son anda açılıb. İlk başda Ədliyyə Nazirliyinin Penitensiar Xidməti məsələni ört-basdır etməyə çalışıb, bir neçə nəfər işdən azad olunub. Amma belə ciddi bir nöqsanı gizlətmək mümkün olmayıb. Bundan sonra Ədliyyə Nazirliyi Penitensiar Xidmətdə yoxlamalara başlayıb, çox sayda qanunsuzluqlar ortaya çıxıb”.

Müəllif qeyd edir ki, olayın baş veridyi həbsxana (gənc suçlular üçün cəza müəssisəsi) yeni tikilib, binada çağdaş təhlükəsizlik sistemi qurulub: “Bu isə o deməkdir ki, əgər yeni təhlükəsizlik şərtlərində qaçış planının üstü ən son anda açılırsa, demək, sovetlər dönəmindən qalma müəssisələrdə nəzarət bundan çox aşağıdır. Bu fikri Azərbaycan həbsxanalarının narkotik dövriyyəsi, müxtəlif cərəyanlara aid dini ekstemizm üçün əlverişli mühit olması iddiaları da təsdiq edir. İlginc olan həm də odur ki, bəzən narkotik qaçaqmalçılığı ilə bəzi dini ekstremist cərəyanlar cəza yerlərində ortaq çalışırlar. Məsələn, İran Azərbaycanda narkotik şəbəkəsini genişləndirmək üçün əsasən məscidlərə və cəza evlərinə yerləşdirdikləri saxta “din tacirləri”ndən istifadə edir. Məhbəs həyatının ilk dönəmlərində depresiyaya girən məhbuslar tövbə qapısı axtararkən gözlərini özlərini dindar kimi göstərən narkotik tacirlərinin qucağında açırlar. Bir neçə ay “dini təlim”dən sonra, yeni “yem” qrupa alınır, ona qrup içərisində təlimatlar verilir, iradəsi yoxlanır, bundan sonra onu daha alt dünyaya – narkotiklərin dövriyyəsi şəbəkəsinə buraxırlar. Cəza müəssisələrindəki iri narkotik şəbəkəsindən qazanılan pullar isə dini ekstremist qrupların saxlanmasına, genişləndirilməsinə xərclənir. Bu haqda Azərbaycan mediasında çox sayda xəbərə rast gəlmək mümkündür”.

Habererk.com-da o da vurğulanır ki, Azərbaycan cəza evlərində yalnız İran yönümlü dini ekstremizm geniş yayılmayıb: “Bu işin bir də sələfi-vəhhabi qolu var. İran şəbəkəsi kimi, əsasən Səudiyyə Ərəbistanından himayə olunan bu xətt də ilkin yerləşim yeri kimi həbsxanaları seçir. Çünki orada insanların Allaha sığınma duyğusu, boş zamanları çox olur. Üstəlik, çöldən fərqli olaraq içəridə “anlaşılacaq” məmur sayı da azdır. Bir neçə yetkili və cəza evi şefi ilə anlaşıb, rahatlıqla “dini çalışma” mühiti yaratmaq mümkündür. Bu iş üçün “uzman” kimi daha çox Suriyada və İraqda İŞİD və digər pozucu dini kəsimlərə qoşulan Azərbaycan vətəndaşları seçilir. Onların bəziləri məhz işlərini cəza evlərində davam etdirmək üçün hüquq mühafizə orqanlarına təslim olurlar.

Bu məsələnin Türkiyəyə toxunan tərəfləri də var. İş burasındadır ki, Azərbaycan vətəndaşlarının bir çoxu, Türkiyəni tranzit ölkə kimi istifadə edərək, ekstremist dini qruplaşmalara qoşulurlar. Güney və Güney Doğu bölgələrinin bir neçə il öncəyə qədər terror təşkilatları üçün açıq məkan olması örgütlərə Azərbaycandan da üzvlər cəlb edilməsinə imkanlar yaratmışdı. Bu şəxslərin bir hissəsi heç zaman ayaqları dəyməyən bölgələrdə torpağa qarışdılar, bir hissəsi hələ də bilinməzlər içərisindədir, bir hissəsi saxta sənədlərlə Avropaya keçə bilib və örgütdən uzaqlaşmağı bacarıb. Ancaq bir hissə Azərbaycan həbsxanalarına “özəl görəv”lə yerləşdirilib.

Türkiyənin Azərbaycanla müttəfiqliyinin sürətlə dərinləşməsi bu şəxslərin terror təşkilatları tərəfindən birlik modellərinə qarşı pozucu fəaliyyətlə məşğul olması ehtimalını artırır. Azərbaycan həbsxanalarında onların özlərini okeanda balıq kimi hiss etməsinin bu mənada da çox acı sonucları ola bilər”.

Müəllif yazır ki, Azərbaycan məhbus düşərgələrinin Türkiyə ilə daha bir bağı da keçmiş Sovetlər Birliyində “qara para”ların yuyulmasında təsirli gücə sahib olan yeraltı dünya kralları vasitəsilədir: “Sovetlər Birliyi dağıldıqdan sonra bu şəbəkə gücünü daha böyük coğrafiyalara yaymağa başladı. Artıq bir ucu Avropa, bir ucu Birləşmiş Ərəb Əmirlikləri olmaqla, böyük bir məkan yeraltı dünya üçün açıq idi. Avropa yoluna ilk dayanacaq, təbii, İstanbul oldu. Buraya yerləşən Sovetlər Birliyi dönəmindən qalma yeraltı dünya şəbəkəsi Türkiyə yeraltı dünyası ilə əlaqələr qurdu. Zamanla “qara para”lar leqal biznesə transfer edildi. Amma o dünyanın öz qanunlar var və orda qaydaların pozulmasının bir cəsazı var – ölüm. Əslən Azərbaycandan olan Rövşən Lənkəranski və gerçək adı Nadir Səlifov olan Gürcüstan doğumlu “Lotu Quli”nun məhz Türkiyə ərazisində qətlə yetirilməsi yəqin çoxlarının yadındadır”.

Alp Yiğit məqaləsinin sonunda Rusiyadakı mövcu rejimin criminal qruplarla əlaqəsinə də toxunur: “Kimsədə şübhə yoxdur ki, Rusiyanın əsas hədəfi Sovetlər Birliyini yenidən, fərqli adla olsa belə, bərpa etməkdir. Zamanla iqtisadi birliklər üzərindən buna təşəbbüslər olsa da Rusiyanın arzuları reallaşmayıb. Qərblə əsasən neft və mavi qaz layihələrinin dərinləşdirilməsi Qərbin keçmiş Sovetlər Birliyi məkanından qopan dövlətlərin müstəqilliklərini dəstəkləməsinə səbəb olub. Türkiyənin son illər yüksələn güc olması bu sürəcə təkan verib. Türk Dövlətlər Birliyinin qurulması, hərbi, iqtisadi, mədəni sahələrdə əlaqələrin dərinləşməsi Rusiyanın baskısının bəzi zamanlarda azalmasına səbəb olub. Ən önəmlisi milli düşüncələrdə rus, Rusiya ağırlığı sürətlə azalıb. Təbii, Rusiya bu durumu görür və yanvar ayında Qazaxıstanda baş verən olaylar onu göstərir ki, prosesi geri çevirmək üçün öz xüsusi xidmət orqanları vasitəsilə çalışmalarını bir anlıq belə durdurmur. Qazaxıstanda isə Rusiyanın maraqlarını təmin edən güc kim idi – məhz cəzaçəkmə müəssisələrin illərlə yetişdirilən kriminal qruplar. Prezident Tokayevin çıxışlarında açıq səslənirdi ki, ölkədə sosial narazılıqları siyasi narazılıqlar müstəvisinə keçirən radikal dini qruplar olub. Kremlin planı üzrə dini radikal qrup üzvlərinə əsas dəstək məhbuslardan gəlib. Xatırlayırsınızsa, gözəgörünməz bir əl 20 mindən çox məhbusu meydanlara çıxardı, silahlandırdı və qanlı toqquşmalara yol açıldı.

Qazaxıstandan sonra Türk Dövlətlər Birliyində sıranın Azərbaycana gələcəyi və Kremlin Astanada da olduğu kimi Bakıda da kriminal qruplar tərəfindən sabitliyi pozacağı və iqtidarı özünə tabe etdirmək üçün ən sərt addımlara gedəcəyi haqqında uyarılar həm Azərbaycan, həm də uluslararası medyada günlərdir səslənməkdədir. Azərbaycan Qazaxıstandən dərs alaraq ekstremizm yuvalarına çevrilən cəza evlərində tam düzən yarada biləcəkmi? Cəza müəssisələrində bugünkü səhlənkarlıq davam etsə, çətin”.

Hazırladı: KƏNAN


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya