AZƏRBAYCANI GÖZLƏYƏN TƏHLÜKƏ - Fars şovinizmi, rus irticası və bizim satqın məmurlar müstəqilliyimizə qarşı birləşiblər

2022-08-02 13:50:00

AZƏRBAYCANI GÖZLƏYƏN TƏHLÜKƏ - Fars şovinizmi, rus irticası və bizim satqın məmurlar müstəqilliyimizə qarşı birləşiblər

Artıq hamıya məlum oldu ki, Ramiz Mehdiyevin komandasında olanlara zaval yoxdur. Kişi işdən çıxarılsa da onun qurduğu toru hələ də qırıb məhv edə bilmirlər...

Nə qədər çalışıram ki, təyin olunmuş deputatların ağızlarından cari etdikləri purməna kəlamlara baş qoşmayın, alınmır ki, alınmır. Neçə illər ərzində bir binəva azərbaycanlı bu boşboğazlardan mərdi-mərdanə bir söz eşitməyib. Birisi cürət edib, barmaq uzadıb bir vəzifəli vampiri rüsvay etməyib.

Gurultulu sözlər işlədib avamların gözünə kül üfürməkdə ustadılar.  Niyə də dillənsinlər, axmaqdılar ki, başlarını bəlaya salsınlar?

Yalançı fəallıq göstərib bununla baş girləyən deputat lap yaxşı bilir ki, göz qabağında ölkəni talan və tarac edənlərin hamısı prezidentin xeyir-duası ilə vəzifə başına qoyulublar.

Məgər hörmətli prezident istər Abşeronda, istərsə də ölkənin ən səfalı yerlərində ucaldılmış dəbdəbəli kaşanələrin, qəsrlərin kimlərə məxsus olduğunu bilmir? Böyük ustalıqla son müharibəni uğurla bitirmiş Prezident bilməmiş deyil ki, ölkədə üzvləri ellik zəmanətlə bir-biriləri bağlı olan müdhiş bir zümrə formalaşıb.

Çoxdandır vahid mərkəzdən idarə olunan bu zümrə, daha dəqiq desək şər şəbəkəsi hələ indiyə kimi bir üzvünü ayağa verməyib.  Kor-kor, gör-gördür ki, bu zümrə ilə bacarmaq Prezidentin özü üçün müşkülə dönüb. 

Çoxu başa düşmək istəmir ki, quldur məmurların, qırmızı lampaslı şalvar geymiş generalların, müxtəlif rəis və sədrlərin murdar əməlləri, müharibə gedən ölkədə baş verib. Bunların hamısını dinməz-söyləməz dar ağaclarının altına göndərmək yerinə düşərdi. Və heç bir beynəlxalq təşkilat səsini də çıxartmazdı. Özlərini bu millətin gülməşəkər xadimləri sayan başabəla YAP ideoloqları bircə dəf tarixi vərəqləsələr, bilərlər ki, dünyanın heç bir dövlətində belə hərcmərclik olmayıb. O adam yoxdur ki, Ramiz Mehdiyevin haqqında bir yaxşı söz desin, lənətləməsin. Deyə bilərlər ki, onun yaratdığı şəbəkəyə daxil olanların bəzilərinə tövbələtmə veriblər. Kimə nə vaxt, nə cürə? Dörd il sərasər o qəzet, o sayt qalmadı ki, özünə “Heydər Əliyevin bioqrafı” adını götürmüş Elmira Axundovanın, oğlunun bəd əməllərindən ətraflı söhbət açmasın. Avam camaat da sadəlövhcəsinə oturub gözləyirdi ki, indi cənab Prezident qəzəbnak olacaq və bu xanımı oğlu ilə bir yerdə məhşər ayağına çəkəcək. Çəkdi... Onu Ukraynaya səfir göndərdi. Rusiyanın təcavüzü başlandı və bu qondarma diplomat Ukraynada olan minlərlə soydaşımızı Allahın ümidinə qoyub aradan çıxdı... Bir-iki qələm sahibi nə lazım gəldi yazdı və Elmira xanımı yaş yuyub quru sərdilər. Ona güldən ağır söz deyən tapılmadı.

Artıq hamıya məlum oldu ki, Ramiz Mehdiyevin komandasında olanlara zaval yoxdur. Kişi işdən çıxarılsa da onun qurduğu toru hələ də qırıb məhv edə bilmirlər.

Qələbə çoxunun vətənpərvərliyini cuşa gətirib. Vahid Əhmədov “Yeni Müsavat” qəzetinin səhifələrində atəşin nitqlər söyləyib: “Azərbaycanın daxilində müəyyən qüvvələr Rusiyaya işləyir”, “70 il birgə yaşamışıq, məgər müsbət addımlar hiss etmişik?” Elementar ədəb qaydaları məni qoymur ki, bu kişiyə iki-üç ucu güləbətinli söz deyim.

Vahid ağa, son 40-50 ildə mən sizi rus şovinizminə, rus irticasına qarşı kişi kimi durmuş mərd insanların arasında görməmişəm. Hazırına nazir olandan sonra, yəni Ulu Öndər məmləkətin daxili, xarici işlərini sahmana salandan sonra, səmt küləyinin istiqamətini dəqiqləşdirib indi dil-dil ötürsünüz. Maraqlıdır ki, hörmətli Prezidentin son vaxtlarda Rusiyaya sərt üzünü göstərməsi sizi cürətləndirib.

Kim olmasa da məhz siz, bəli, bəli, məhz siz ölkə daxilində bütün qüvvələri də, onların başçılarını da əla tanıyırsınız. Onların əksəriyyəti ilə də dostsunuz, duz-çörək də kəsmisiniz. Boş-boş danışıb baş qatmaq istəyirsiniz. Həmin Milli Məclisdə oturanların əksəriyyətinin malı-mülkü, sərvəti-samanı barədə tam məlumatınız var. Birini ayağa qaldırıb iki-üç sualla divara qısnamısınız?
Şəxsən mən dəfələrlə tələb etmişəm ki, YAP-ın bütün üzdə olan əmirlərinin, “fürerlərinin” gəlirləri, qazanc mənbələri ciddi araşdırılmalıdır. Bunların hansı biri İlham Əliyev üçün “Haramzadadan haramzadə törəyər!” nifrinini qəzet səhifələrinə çıxaran naqislərin üstünə gedib? Heç biri!

Vahid ağa, mən heç vaxt inana bilmərəm ki, sizin kimi məlumatlı şəxs cənab Zakir Qaralovun və onun müavini Rüstəm Usubovun bədnam əməllərindən tam bixəbər olmuşunuz. Ümmanlar qədər qan tökülmüş Azərbaycanda prokurorluq “tuzlarının” çıxartdıqları pəstahların bir cəzası var, edam!

Cinayətləri bilə-bilə susmaq, gəlişi xoş olan, qulaqlarda yaxşı səslənən sözlərlə avamları aldatmağın özü cinayətdir. Söhbət mal-dövlətin tarac edilməsindən yox, dəhşətli xarabazarlıqla üzbəüz qalmış, gül kimi övladlarını itirmiş zavallı millətin ələ salınmasından, onun olan-qalan inamının qırıla biləcəyindən gedir.

Cıdır düzündə təntənələr, konsertlər bir-birilərini əvəzləyir. Bir qismini çıxmaq şərtilə oturanların əksəriyyətinin orada oturmağa ümumiyyətlə mənəvi haqları yoxdur. Neçə-neçə igidin sümükləri yerin altında onun üçün sürməyə dönüb ki, sənəti-sübutu məlum olmayan Baba Vəziroğlu kimilər, Anarlar birinci cərgədə oturub fateh ədası ilə o yan bu yana boylansınlar?

İlham Rəhimli bir-iki səhabəsi ilə Şuşanın xarabalıqlarında gəzir və əyalət ekskursovodu kimi bizə vəzzəriyat oxuyur. İlham ağa, sizi yaxşı tanıyıram, vaxtilə Şuşanı, külli Qarabağı siyasi qumara qoyanları siz də yaxşı tanıyırsınız. Şəxsən mən Firuz Haşımov, qorxmadan, çəkinmədən onların üzərinə gedib, bir-bir rüsvay edəndə mənə səs vermədiniz. Qarabağı siyasi qumara qoyanların əksəriyyəti indi də qorxu-hürkü bilmədən yaşayır. Şuşa xarabalıqları arasında gəzib yalandan ah-uf deməkdənsə, İlham ağa, gəlsənə indinin özündə ölkə daxilində də əsl mənəvi təxribatla məşğul olanların üzərilərinə kükrəyəsiniz. Siz doğrudanmı başa düşmürsünüz ki, efirdə tanınmış “mavilərin”, elit fahişələrin, toyxana həşəratının, hərcayi danışmaqdan utanmayan plaqiator “şünasların” ağalığı gənc nəslin evini yıxır?

Allah-təala ölkənin birinci xanımını vaxtında milli sərvətlərimizin dadına çatdırdı. Yoxsa qorxudan iki kəlmə söz də deyə bilməyən sizin kimi konformistlərin ümidinə qalsaydıq, muğamın da “Fatihəsi” veriləcəkdi.

Kiçik bir ricət

Vandalizmdən də min qat təhlükəli bəla  insanların laqeydliyi və biganəliyidir. Vay o gündən ki, cəmiyyətin imkanlı və imtiyazlı təbəqəsi bu mərəzə tutulsun, onda gərək bu torpaqlardan köçüb gedəsən.

Şuşanın tar-mar olmuş məhəllələrində “nırç-nırç” deyə-deyə gəzən dil pəhləvanlarından soruşuram, ağalar, Üzeyir bəyin Mərdəkandakı bağ evi haradadır?

Əxlaqsızlığı, qalmaqallı həyat tərzi ilə ad qazanmış rus şairi Yeseninin bir neçə ay sərxoşluq etdiyi bağ evini ruspərəst yaltaqların xoşuna gəlmək üçün muzeyə döndərənlər biz deyildik?

Murtuz ağa Muxtarov kimi Azərbaycanın qeyrətli oğlunun bağ evinin kommunist banditlər tərəfindən əvvəlcə kimə verildiyi barədə çoxdan yazmışdım. İşğalçı XI ordunun cənubi Azərbaycanda törətdiyi bütün cinayətlərin iştirakçısı olmuş Yesenin bizim simasızlar üçün “badamgöz” olub, onun millətimizin cəlladlarının şəninə yazdığı mədhlər unudulub. Beş-on il bundan əvvəl Moskva kinomatoqrafçıları Yeseninin haqqında bədii film də çəkəndə daha o təhqiramiz pəstah qalmadı ki, çıxartmasınlar, ürəkləri istədikləri qədər Abşeron camaatını alçaltdılar. Azərbaycanın bir titullu, bir özündən razı həpəndi dillənmədi.

İlham Rəhimli, sizdən soruşuram, Bakıda “Monolit” adlandırılan məşhur binanın divarlarındakı Üzeyir bəyə aid olan kirli-paslı “mərmər” lövhəni görmüsünüz? Budur, sizin Üzeyir bəyə hörmətiniz? Özlərini bu millətin nağdı-nisyəsi sayan sizin “ziyalı” güruhundan soruşuram, Üzeyir bəyin niyə on altı məşhur əsəri ifa olunmur? Onun sizlərə nə pisliyi keçib?

“Pambuq bəylərinə” kim ixtiyar vermişdi ki, Üzeyir bəyin gül kimi himnini bir yana atıb, onun “Gənclik marşını” himn kimi millətə sırısınlar? Bu barədə şəxsən mən dəfələrlə yazdım, sübut elədim ki, Üzeyir bəyin sovet Azərbaycanı üçün bəstələdiyi himn, dünyada “Marselyoza” ilə yanaşı duran abidədir. Himnin mətnini dəyişdirməyə nə var? Söhbət musiqidən gedir...

Rusiyadan gəlmiş bur avantürist neçə əsrlik tarixi olan “Heyratıya” əl gəzdirir, Azərbaycanın bir mədəniyyət məmuru, bir bəstəkarı dillənmir. İnanmırsınız, bizim hərbi orkestrin ifa etdiyi “Heyratıya” diqqətlə qulaq asın. Görün, bir rus lotu əsərin başına nə oyun gətirib... Heç kim dillənmir...

İlham Rəhimli, söhbət təkcə Üzeyir bəyə qarşı nankor münasibətdən getmir, məhz sizin kimi kölgəsindən qorxan xadimlərin ucbatından nadan rejissorlar, rus qafalı küt rəssamlar istədiklərini edirlər.

Ötən əsrin 20-30-cu illərində respublikada katolik inkvizisiyasından min qat zəhmli “Allahsızlar ittifaqının” cürət edib törətmədiyi zinakarlıqları bizim indiki rejissorlar, rəssamlar edirlər. Mirzə Cəlilin məşhur “Ölülər” əsərinin necə tamaşaya qoyulduğuna baxın. Daha mənim sözüm yoxdur...

Yenə də Vahid ağanın Rusiyaya işləyən xainlər barədə söylədiklərinə qayıdıram. Azərbaycanda 260-dan çox rusdilli məktəb var. O məktəblərdə istifadə olunan dərsliklərə baxan var? Rusiyada çap olunmuş dərsliklərdə o həqarət qalıb ki, türk-islam aləminin üzərinə yağdırılmasın? Vahid ağa, elə bu yaxınlarda, Bakının özündə “Müqəddəs Georgi” xaçının lentlərini müsəlman tələbələrin sinələrinə taxan məktəb direktoruna neylədiniz?

...Xocalıya nəyinsə rəmzi demək yerinə düşmür. Bu şəhər, qanı hələ də axmaqda olan dəhşətli, qisası alınmamış yaradır. Xankəndinin dərdi bir yana, amma Xocalıda erməni ilə rus əlbir olub tut arağı içib bizlərə acıq verirsə qəddim əyilir. Millətin kinini, qəzəbini də bülövləyə bilmirik, arxayınlaşmışıq. Rusiya patriarxı Dəşti-Qıpçağa iddia edir, erməni yenə də rusa arxalanıb gündə atəş açır, İranın da dişi bağırsaqlarını kəsir, imkanı olsa kökümüzü kəsər, biz isə simasız məddahlarla, Elza Seyidcahanlarla, tədricən ruslaşan estrada lotuları ilə vətənpərvərlik təbliğatını qururuq.

Dəfələrlə yazmışam, demişəm, Moskva Azərbaycanda ideoloji təxribatı necə aparmağın kəmini çoxdan tapıb. Sovetlər dövründə müsavatı söyənlərin, keçmişinə ləkə yaxanların, xalqın namuslu balalarını gedər-gəlməzə yollayanların döşlərinə ordenlər asılır, onları dünya malından sirab edərdilər. İndi də manqurtlaşmış “ziyalılar”, harınların vəhşi ehtiraslarına qulluq edən əndamlı “sənətçilər” səfərbər ediliblər.

Hörmətli Prezidentin son çıxışları göstərdi ki, o, bəlanın mənbəyini düz tapıb. Tarixi təcrübə də çoxdan sübut edib ki, sərvətlərini, taladıqlarını əldən verməmək üçün harın təbəqə vahid cəbhədə birləşib, çox vaxt sinfi simasını itirmiş, qarnından, cibindən başqa heç nə barədə düşünməyən qara kütləni, yəni, lümpeni ayağa qaldıra bilib.

Vəziyyət düşündüyümüzdən daha ciddidir, bizim belə vüsətli inkişafımız uğurlu islahatlar, Allaha şükürlər olsun, milli şüurun yüksəlməsi və digər amillər rus irticasının gözünə bıçaq kimi batır.  Nə qədər gec deyil, hörmətli Prezident xalqa müraciət etməlidir, bütün varlığımla əminəm, millət, ona güvənən, ona inanan Prezidentin bütün radikal qərarlarını alqışlayacaq, onun yanında olacaq.

Firuz Haşımov


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.091435