Azərbaycanı "Avroviziya"da təmsil edənlər indi nə işlə məşğuldurlar? - VİDEO

2022-05-13 22:21:00

Azərbaycanı

"Avroviziya" - 1956-cı ildən bəri Avropa Yayım İttifaqına üzv olan ölkələr arasında keçirilən mahnı müsabiqəsidir. 2007-ci ildə İctimai Televiziya Avropa Yayım İttifaqına üzv oldu. Bundan bir il sonra Azərbaycan ilk dəfə bu müsabiqəyə qatıldı.

2008-ci ildən bu günə kimi ölkəmizi təmsil edən iştirakçılar haqda araşdırma aparılıb.

Azərbaycanın "Avroviziya" mahnı müsabiqəsində ilk təmsilçiləri Elnur Hüseynov və Samir Cavadzadə olub. 2008-ci ildə Belqradda keçirilən müsabiqədə onlar "Day after day" mahnısını duet oxuyaraq 132 balla 8-ci yer tutublar.

Müsabiqədən sonra Samir Cavadzadə efirdən uzaqlaşıb. 2010-cu ildən Samir "Səninlə birlikdə", "İnsafsızlar", "Təkcə sənə bağlanıb qəlbim", "Bu da son" adlı mahnıları ilə efirə qayıdıb. "Avroviziya"dan sonra yollarını ayıran Samir və Elnur həmin vaxtdan bəri karyeralarını təklikdə davam etdirirlər.

Elnur Hüseynov 2015-ci ildə "O səs Türkiyə" yarışında qalib olduqdan sonra əsasən qardaş ölkədə yaşayıb-işləməyə başlayıb. O ən son Aygün Kazımovanın qızı İlqarə Kazımova ilə "Dəniz" adlı dueti ilə gündəmə gəlib.

Müğənni Aysel Teymurzadə 2009-cu ildə Moskva şəhərində keçirilən 54-cü "Avroviziya" mahnı müsabiqəsində ölkəmizi təmsil edib. Teymurzadə müsabiqədə 207 xalla üçüncü yeri tutub. O, İran əsilli İsveç müğənnisi Araş ilə birlikdə "Always" mahnısını ifa edib.

Aysel 2012-ci ildə Xalq artisti, pianoçu Murad Adıgözəlzadə ilə ailə həyatı qurduqdan sonra müğənnilik fəaliyyətini dayandırıb.

Müğənni Səfurə Əlizadə Azərbaycanı 2010-cu ildə Oslo şəhərində keçirilən yarışda təmsil edib. "Drip-drop" mahnısını ifadə edən Səfurə müsabiqədə 145 xalla beşinci yeri tutub.

S.Əlizadə 5 iyul 2013-cü ildə Bodrumda Fərhad Əliyevlə ailə həyatı qurub, hazırda cütlüyün üç övladı var.

Səfurə "Avroviziya" mahnı müsabiqəsindən sonra sevilsə də, hazırda müğənni kimi fəaliyyət göstərmir.

İlk dəfə "Avroviziya" mahnı müsabiqəsində ölkəmizə qalib olmaq sevincini yaşadanlar isə 2011-ci ildə Eldar Qasımov və Nigar Camal olublar.

Onlar "Running scared" mahnısını ifa edərək 221 xalla birincilik qazanıblar.

Nigar Camal bu gün də ifaçılıq fəaliyyətini uğurla davam etdirir. O, son olaraq iki ay öncə rəsmi "YouTube" səhifəsində "Gəl qucaqla məni" adlı klipini təqdim edib.

Eldar Qasımov da duet ortağı Nigar Camal kimi ifaçılıq fəaliyyətini uğurla davam etdirir. Hazırda isə Eldar Qasımov "Avroviziya-2022"dəki təmsilçimiz Nadir Rüstəmliyə İtaliyanın Turin şəhərində öz dəstəyini göstərir.

2012-ci ildə ölkəmizi "Avroviziya"da Əməkdar artist, müğənni Səbinə Babayeva təmsil edib.

O, Bakı şəhərində keçirilən 57-ci "Avroviziya" mahnı müsabiqəsində "When the music dies" mahnısını ifa edib və 150 xalla dördüncü yeri tutub.

26 sentyabr 2012-ci ildə Səbinə Babayeva rejissor Cavidan Şərifov ilə ailə həyatı qurub. Səbinə hazırda estrada müğənnisi olaraq fəaliyyətini davam etdirir.

2013-cü ildə Malmödə keçirilən "Avroviziya" mahnı müsabiqəsində ölkəmizi Fərid Məmmədov təmsil edib. Fərid "Hold me" mahnısını ifa edərək 234 xalla ikinci yerdə qərarlaşıb. ABŞ-a köçən Fərid Kaliforniya ştatının Los-Anceles şəhərində yaşayıb. Fəridin orada kuryer olaraq çalışdığı barədə məlumatlar yayılıb.

2014-cü ildə Azərbaycanın "Avroviziya"da təmsilçisi Dilarə Kazımova olub.

Dilarə mayın 6-da Danimarkanın paytaxtı Kopenhagendə keçirilmiş I yarımfinal mərhələsində 8-ci nömrə altında "Start a fire" mahnısını ifa edib. Dilarə müsabiqədə 22-ci yeri tutub.

Tez-tez paylaşımları ilə gündəm olan Dilarə ən son "Olmaram" adlı klipini təqdim edib.

Səmra Rəhimli Azərbaycanı 2016-cı ildə Stokholm şəhərində keçirilən 61-ci "Avroviziya" mahnı müsabiqəsində təmsil edib. Səmra "Miracle" mahnısı ilə final mərhələsində ölkəyə 17-ci yeri qazandırıb.

Fərqli tərzdə geyimləri və ifaları ilə gündəmdə olan ifaçı ən son rəsmi "YouTube" səhifəsində "Ad günü" mahnısını təqdim edib.

2017-ci ildə ölkəmizi "Avroviziya"da Diana Hacıyeva təmsil edib. Diana Kiyevdə keçirilən müsabiqədə "Skeletons" mahnısını ifa edərək 120 xalla 14-cü pillədə qərarlaşıb. Ana olduqdan sonra Diana səhnədən hələlik uzaqlaşıb.

Aysel Məmmədova 2018-ci ildə "X My Heart" mahnısı ilə Azərbaycanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən "Avroviziya" mahnı müsabiqəsində təmsil edib. O, yarımfinalda yetərli səs toplamadığı üçün finala keçə bilməyib.

Aysel son olaraq rəsmi "YouTube" səhifəsində "Alone with you" mahnısını təqdim edib.

Çingiz Mustafayev 2019-cu ildə "Truth" mahnısı ilə Azərbaycanı İsrailin Tel-Əviv şəhərində keçirilən "Avroviziya" mahnı müsabiqəsində təmsil edib.

Çingiz 26 ölkə təmsilçisinin mübarizə apardığı şouda 302 xal toplayaraq səkkizinci yerdə qərarlaşıb. Bu, Azərbaycanın müsabiqədə 2013-cü ildən bəri ən yaxşı nəticəsi olub.

Hazırda Çingiz İndoneziyaya köçüb və fəaliyyətini orada davam etdirir.

Müğənni Samirə Əfəndi 2020-ci ildə keçiriləcək "Avroviziya" yarışında Azərbaycanı "Cleopatra" mahnısı ilə təmsil edəcəkdi, lakin pandemiya səbəbindən müsabiqə təxirə salındığı üçün o, 2021-ci ildə adıçəkilən müsabiqədə yenidən iştirak hüququ qazandı.

"Mata Hari" mahnısını oxuyan Samirə yarışı 20-ci olaraq bitirib.

Samirə hazırda İtaliyadadır. Hazırda o, bu ölkədə keçirilən "Avroviziya" mahnı müsabiqəsinə Norveçin nümayəndə heyəti tərəfindən dəstəkçi qismində dəvət edilib. Bununla bağlı Samirə hətta xüsusi açıqlama da yayıb.

"Səs Azərbaycan" yarışının qalibi olan müğənni Nadir Rüstəmli builki "Avroviziya" mahnı müsabiqəsində ölkəmizi təmsil edir.

Nadir Rüstəmli İtaliyanın Turin şəhərində yerləşən "Pala Alpitur" arenasında müsabiqənin ikinci yarımfinalında "Fade To Black" mahnısını ifa edib və finala keçməyə nail olub.

"Avroviziya-2022" mahnı müsabiqəsinin final mərhələsi isə 14 may tarixində baş tutacaq.

 

Mənbə: Oxu.Az 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya