Saat:00:06
Haqqımızda

Azərbaycandan Ermənistana növbəti siyasi jest

2024-07-23 14:12:13

Azərbaycandan Ermənistana növbəti siyasi jest

Azərbaycan dünya dövlətləri arasında öz mövqelərini hər ötən gün daha da möhkəmləndirir. Xüsusilə, 44 günlük müharibədən sonra bu sahədə xeyli irəliləyişlərə nail olunub, hətta bir sıra məsələlərdə diqtə edən dövlət imici də qazanmışıq. Yalnızca Fransanın müstəmləkələrinin azadlığı yolunda Azərbaycanın məşəl olması hər şeyə dəyər.

Öz torpaqlarını 30 illik işğaldan sonra azad etməsi bu yüksəlişin bariz nümunəsidir. Zərgər dəqiqiliyi ilə beynəlxalq geosiyasi vəziyyəti öz xeyrinə dəyərləndirmək, buradan irəli gələn şərtlərdən öz uğuru yolunda yararlanmaq yüksək siyasi ağlın, uzaqgörənliyin nümunəsidir. Beynəlxalq müstəvidə daha üst ranqlı ölkələr cərgəsinə qatılmaq dövlətimizin, dövlətiçiliyimizin inkişaf yoludur.

Mövzunu müzakirəyə başlamazdan əvvəl bir neçə hadisəni vurğulamaq yerinə düşər. COP29, İrəvanın bu tədbirə dəvəti, bu kontekstdə ABŞ-Azərbaycan münasibətlərinin yumşalmaya doğru getməsi, 2-ci Şuşa Qlobal Media Forumunda Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmanın sualına Prezident İlham Əliyevin ibrətamiz cavabı və s. bu qəbildən olan maraqlı nüanslardır.

Məlum olduğu kimi, Azərbaycan noyabr ayında dünya miqyaslı tədbirə ev sahibliyi edəcək. Söhbət İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) gedir. Tədbir Azərbaycanın sədrliyi ilə keçiriləcək. Ölkəmiz bu tədbirin yüksək səviyyədə keçirilməsi üçün səfərbər vəziyyətə gətirilib. Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bildirib ki, ölkəmiz COP29-un örnək olması üçün öhdəlik götürüb. Nazir həmçinin bildirib ki, COP29-da ticarət, enerji, rəqəmsallaşma təhsil, sağlamlıq, turizm, nəqliyyat, gender bərabərliyi və.s sahələr əhatə ediləcək, ən yaxşı təcrübələr bölüşüləcək:

"Biz bütün tərəfləri bir araya gətirməyə çalışırıq. "Heç kimi geridə qoyma" əsas prinsipimizdir. COP29-da iqlimlə bağlı əziyyət çəkən bütün icmaları diqqətdə saxlayacağıq. Dayanıqlı inkişaf və inklüziv nəticələr əldə etmək üçün səylərimizi əsirgəməyəcəyik", - deyən M.Babayev qeyd edib ki, artıq COP29 sədrliyi tərəfdaşlarına ilk məktubu göndərib.

Əslində, bir mənada 2-ci Şuşa Qlobal Media Forumunu COP29-un təbliğat kampaniyası və 44 günlük qələbəmizin təntənəsinin nümayişi kimi görmək olar. Milli mətbuatımızın 149 illiyi münasibətilə təşkil edilən 2-ci Şuşa Qlobal Media Forumunda ümumilikdə 50-yə yaxın ölkədən 150-dən çox xarici qonaq, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media subyekti iştirak edir. Qlobal Media Forumunun iştirakçıları arasında əcnəbi media təmsilçiləri ilə yanaşı, Azərbaycanın media nümayəndələri, ekspertlər və rəsmilər də vardı. Diqqətəlayiqdir ki, özünün sülh təşəbbüskarı olduğunu vurğulamaq üçün Bakı Şuşa tribunasından rəsmi şəkildə İrəvanı da COP29-a dəvət etdi. Bu xəbər nüfuzlu "The National" da daxil olmaqla, bir sıra dünya nəşrlərinin gündəminə düşdü. Xəbəri Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev II Qlobal Media Forumunda əcnəbi jurnalistlərə açıqlayıb. O bildirib ki, İrəvana rəsmi dəvət göndərilib. “Muxtar Babayev (COP29-un prezidenti) Ermənistanın xarici işlər nazirinə dəvət məktubu göndərib”, deyə Hikmət Hacıyev bildirib.

O qeyd edib ki, hər iki ölkənin rəsmi diplomatik münasibətləri olmadığı halda bu məktubun göndərilməsi Azərbaycanın xoşməramlı və inklüziv yanaşmasının nümunəsidir. Prezidentinin köməkçisi əlavə edib ki, COP29 qlobal səydir və həlledici danışıqlar Ermənistan və Azərbaycanın hüdudlarından kənara çıxır. "İndi Ermənistan hökumətinin qərar vermə vaxtıdır", - deyə H.Hacıyev vurğulayıb.

Forumda Azərbaycan Prezidenti İlham Əliyev bu ilin noyabrında ABŞ-də keçiriləcək prezident seçkiləri ilə bağlı da danışıb. Prezident bununla əlaqədar II Şuşa Qlobal Media Forumunda  Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmanın sualını cavablandırıb. Əslində, bu cavabı Prezidentin mövqeyi də hesab etmək olar. Mixail Qusmanın, “Siz Azərbaycan Prezidenti olaraq, kimin adının yanvarın 20-si prezident kimi səsləndirilməsini istərdiniz” sualına prezident diplomatik tərzdə aydın mövqedə cavab verib: 

“Düşünürəm ki, Azərbaycanda mən bu məsələdə, bu mövqedə yeganə deyiləm. Bizə gəldikdə, bu məsələyə öz nöqteyi-nəzərimizdən yanaşırıq. Qərarı Amerika xalqı verəcək. Bu, onların prezidentidir. Lakin, eyni zamanda, bu, bütün dünya üçün xüsusi əhəmiyyətə malikdir. Çünki bir çox xalqların və ölkələrin taleyi böyük dərəcədə Birləşmiş Ştatların birinci şəxsinin verəcəyi qərarlardan asılı olacaq. Mənim fikrimcə, Prezident Trampın hələ də davam edən kampaniya zamanı səsləndirdiyi mühüm tezislərdən biri də odur ki, onun vaxtında heç bir müharibə olmayacaq. Onun hakimiyyəti dövründə Amerika müharibələrə başlamadı, Vyetnam, Koreya, Yuqoslaviya, Əfqanıstan, Liviya, İraq, Suriya və necə deyərlər, onların davamı olmadı. Bax, bu müddət ərzində onların heç biri baş vermədi. Təkcə buna, yəqin ki, böyük hörmətlə yanaşmağa dəyər.

İkinci tezis də çox əhəmiyyətlidir. Bu mövzuya, necə deyərlər, uzun-uzadı və dərindən toxunmaq istəmirəm, amma indiki halda, ilk növbədə, ABŞ-ın özü və onun bilavasitə təsiri altında olan ölkələr üçün ikinci tezis də vacibdir. Bu, təbii ki, ənənəvi dəyərlərdən gələn məsələ ilə bağlı aydın mövqedir. Zənnimcə, Azərbaycan xalqının mütləq əksəriyyəti nəinki bu mövqeyi bölüşür, həm də onu fəal şəkildə təbliğ edir və əməldə həyata keçirir. Odur ki, mən daha dərinə getsəm, hər şey çox aydın olacaq. Ona görə də bununla fikrimi yekunlaşdırıram”.

Ən azı ədalət naminə qeyd etməliyik ki, Prezident dediklərində tam haqlıdır və yəqin ki, cəmiyyətimzdə onunla həmrəy olan, bu fikri bölüşən xeyli insan var. Təkcə, Trampın səsləndirdiyi mühüm tezislərdən birini, onun vaxtında heç bir müharibə olmayacağını əslində sülh şəraitində, sabitlik və asayiş içində yaşam vədi də hesab etmək olar. Əlbəttə, onun prezidentliyi dövründə Amerika müharibələrə başlamadı, Əfqanıstan, Liviya, İraq, Suriyada sakitlik oldu. Bizim üçün ərazi bütövlüyümüzün bərpasını təmin edən 44 günlük müharibə ABŞ-ın “göz yumması” ilə müşayiət olundu və bu, əslində Tramp administrasiyasının bizim qələbəmizi qəbullanması idi.

Trampın seçkidə Baydenə uduzması da xeyli beynəlxalq səhnədə qalmaqal və şübhələr doğurdu. Əslinə qalsa, bir çox ABŞ prezidentləri kimi Trampın da ikinci dönəmə qalmağa əsası var idi və həmin seçkilərdə Baydenin “qələbəsi” ABŞ demokratiyasının üstünə ləkə saldı, onun “demokratiyanın beşiyi” imicinə xələl gətirdi. Çünki hadisələr demokratların qələbəsindən daha çox Trampın qləbəsinin oğurlanmasına bənzəyirdi. Bu baxımdan, Prezident Ilham Əliyevin suala cavabı tam həqiqəti əks etdirən diplomatik tərzdə ifadə edilmiş gerçəkliklər idi.

Bu açıqlamada demokratların dönəmində kəskinləşən ABŞ-Azərbaycan münasibətlərinin yumşalacağına ümidlər də vardı. Doğrudur, prezidentlərin dəyişməsi dövlətin xarici siyasətində bəzi nüansları dəyişdirsə də, əsas strateji hədəflər dəyişmir. Lakin unutmayaq ki, ABŞ Cənubi Qafqazda Rusiyanın təsirini minimuma endirmək üçün Bakı ilə İrəvanın arasında sülhün özünün nəzarəti və vasitəçiliyi ilə əldə olunmasında maraqlıdır. İrəvanın COP29-da iştiraka dəvəti də İrəvandan çox Vaşintona verilmiş siqnal mesajıdır. Bu, əslində Fransa ilə kəskinəşən münasibətlər fonunda ABŞ-la münasibətləri yumşaltmağı istək siqnalı, Ermənistanın “bıçaq kimi itilənmiş” siyasətini yumşaltmağa çağırış mesajıdır, ən azından Bakı və Ankaraya qarşı.

Ümidvarıq ki, incə manevrlərlə qlobal və regional axınlardan öz xeyrinə yararlanmağa nail olan dövlət siyasəti bu dəfə də hədəflərinə çatacaq və daha üst səviyyəyə qalxacaq.

Ülviyyə ŞÜKÜROVA  

 

 

 

 

 

 

 

 

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.269409