Saat:20:36
Haqqımızda

Azərbaycandan çıxmaq üçün yeganə ucuz yol da bağlandı

2022-07-04 11:20:00

Azərbaycandan çıxmaq üçün yeganə ucuz yol da bağlandı

Azərbaycanın gözlənilmədən Naxçıvan üzərindən İrana və Türkiyəyə quru sərhədlərini bağlaması bəzi vətəndaşlar və turizm şirkətləri təmsilçilərinin narazılığına səbəb olub.  

Onlar bu gözlənilməz qərarın “bütün planlarını alt-üst etdiyini” bildirirlər. Dövlət Sərhəd Xidmətindən bu gün BBC News Azərbaycancaya qərarın "cari ilin sentyabr ayının 1-nə qədər" qüvvədə olacağı bildirilib, əlavə şərh verilməyib. 

Mona Yaqubova adlı bir Facebook istifadəçisi yazır ki, “Naxçıvanın Türkiyə ilə sərhədinin bağlanması naxçıvanlılar üçün acından ölmək deməkdir”.

Murad Bağırlı adlı istifadəçi isə yazıb ki, müalicə üçün Türkiyə tərəfə keçməli olsalar da, yolların bağlanması onların planını pozub. Facebook istifadəçisi “Azalın Bakı-Naxçıvan reysinə baxan heç bir nömrə ilə əlaqə saxlamağın mümkün olmadığını” yazıb.

Digər bir istifadəçi – Müşfiq Zeynallı isə ölkədən quru yolu ilə yeganə çıxış yolunun bağlanmasından çıxış yolunu “ölkəni tərk etməkdə” gördüyünü yazıb.  

“5-8 min dollar arası zərər”

Gözlənilməz qərardan şikayət edənlər, həm də ziyan çəkdiyini deyənlər arasında turizm şirkətlərinin təmsilçiləri də var. “Amina Tur” turizm şirkətinin təmsilçisi Amil Qurbanlı BBC News Azərbaycancaya deyir ki, “təkcə iyul ayında nəzərdə tutduqları tur üçün 5-8 min dollar arası zərər ediblər”.

O vurğulayır ki, bu qərar turizm sektoru üçün "çox pis" xəbərdir.  “İyulun 7-nə bizim turumuz var idi. Təsəvvür edin ki, biz artıq 45 nəfər üçün Naxçıvana bilet almışıq, otellər rezervasiya olunub. Bizim üçün otaq saxlayıblar və bunun üçün biz ödəniş etməliyik. Bizi aparacaq nəqliyyata ödəniş edilib. Bu pulların heç biri geri qayıtmayacaq. Biz isə müştəriyə heç bir bəhanə gətirə bilmərik. Biz müştərinin pulunu tamamilə geri qaytalmalıyıq. Yəni, vəziyyətimiz çox pisdir”.

Amil Qurbanlı vurğulayır ki, Naxçıvan biletlərinin hamısı satılıb. “48 nəfərlik turumuz var idi. Bu 48 nəfərin biletinin hərəsini 5 manat cərimə ilə qaytarmalıyıq. Biz bu cəriməni cibimizdən ödəyəcəyik. Nəqliyyata 500 dollar pul vermişik. 3 otel tutmuşduq və hərəsinə 2 min dollar ödəniş etmişdik. Hələ bizim avqusta da turumuz var idi. Onun da biletlərini almışdıq”.

Turizm şirkətinin təmsilçisi deyir ki, sərhədlərin bağlanacağı ilə bağlı onlara əvvəlcədən “heç bir xəbərdarlıq” edilməyib: “Nə xəbərdarlıq edəcəklər ki? Təsəvvür edin ki, hələ 12 nəfər sərnişinin biletini elə dünən almışıq. Yəni, biz əziyyət çəkirik, amma əziyyətimizin bəhrəsi olmur, ziyana düşürük. Bu ziyanı isə heç kim ödəmir. Məsələ bu qədər sadədir”. 

Şirkətə dəyən maddi ziyanla bağlı hər hansı dövlət qurumuna müraciət etməyə gəlincə, Amil Qurbanlı bildirir ki, bu, faydasız addım olacaq: “Kiməsə müraciət etsək, nəyinsə dəyişəcəyinə inanmırıq. Deyəcəklər ki, qərar var. O qərar da pandemiya vaxtı verilən qərardır. Yəni, deyirdilər istisna olaraq Naxçıvan açıqdır, indi də deyəcəklər ki, Naxçıvanı da bağlayırıq. Şikayət etsək, nə dəyişəcək ki? Biz sərhədlərin bağlanması üçün samballı bir səbəb öyrənə bilmədik. Hərə bir söz deyir”.

Səbəb "geriyə axındır"

DSX hazırda vətəndaşların sərhəd buraxılış məntəqələrində dövlət sərhədindən buraxılışını Nazirlər Kabinetinin 20 iyun 2022-ci il tarixli 232 nömrəli qərarına uyğun olaraq həyata keçirdiyini açıqlayıb.  Yəni, 2022-ci il 1 sentyabr saat 06:00-dək yük daşımaları istisna olmaqla, ölkə ərazisinə yerüstü nəqliyyat ilə giriş-çıxışın dayandırılması qüvvədə qalır.

Lakin indiyədək Azərbaycan vətəndaşları bu qərara uyğun olmasa da, Naxçıvan-Türkiyə sərhədindən ölkəyə giriş-çıxış edə bilirdi.  Siyasi təhlilçi Mehman Əliyev BBC-yə deyir ki, ucuzluğuna görə, “Naxçıvandan gedib-gəlmək ola bilsin ki çoxaldığından, bu dəhlizi bağlayıblar”.

“Azərbaycan vətəndaşları ən çox Rusiya, Ukrayna, Türkiyədə işləyirlər və onlar üçün bu istiqamət öz ailələrini dolandırmaq üçün yeganə vasitədir. Rusiyada pandemiya vaxtı böhran da başladı və gücləndi, sonra da müharibə başladıqdan sonra bu ölkədən bizimkilərin axını başladı.

Ona görə də bizimkilər sərhəddə toplanırdı, keçə bilmirdi, problem yaşanırdı. Azərbaycan tərəfi göstərmək istəyir ki, bu yolla gəlməyin, mən sizi ölkəyə buraxmayacağam. O da bir çoxu üçün hava yolundan istifadə edərək gəlmək bahalı imkandır”. 

O hesab edir ki, hakimiyyət geriyə axını məhdudlaşdırmaq üçün bu addımı atır. “Bu, [geriyə axın] daxili iqtisadi gərginlik yaradır. O mənada ki işsizlərinmi sayı çoxalır, yaxud da digər problemlər yaradır. Sonra götürək İranı. İnsanların çoxusu İrana, Gürcüstana müalicəyə gedirdi və bu mənada bizim səhiyyə sistemimiz xeyli vəsait itirirdi. Yalnız təyyarə ilə uçmaq mümükün olduqdan sonra İrana da, Gürcüstana da axın azaldı. Bu mənada [hökumət] gediş-gəlişin məhdudlaşdırılmasında maraqlıdır”.  

Mehman Əliyevin diqqət çəkdiyi digər bir məsələ isə “Türkiyədəki böhrandır”. “Əsasən, yenə deyirəm ölkəyə qayıtmaq məsələsi var. Türkiyədə də böhran güclənir. Ona görə də məncə, bu, bununla bağlıdır. Geriyə axının qarşısını almaq! Digər tərəfdən isə insanların getməsinin, bununla da vəsaitlərin - hansılar ki, tibbə və digər başqa sahələrə yönləndirilə bilərdi - ölkədən çıxmasının qarşısını almaq. Məqsəd məncə, bax, budur”.

“Açıqlaması, izahı verilsə...”

Millət vəkili Fazil Mustafa ehtimal edir ki, “Türkiyədə meymunçiçəyi ilə bağlı ilk vaqeənin aşkarlanması bu qərarın verilməsinə” səbəb ola bilər. “Hələ ki bunun əsaslandırması verilməyib, ancaq o xəstəlliklə bağlı ehtimallar olduğunu nəzərə alaraq, sərhəd bağlandı”.  

Sərhədlərin bağlanmasının əleyhinə olduğunu deyən Fazil Mustafa burada “başqa bir problemin də olduğunu” vurğulayır. “Türkiyədə [ilk meymunçiçəyinə yoluxma halı] dünən açıqlandı. Çox güman ki, onu nəzərə alaraq, belə bir addım atıldı, çünki indiyədək başqa sərhədlər bağlı olsa da Türkiyə sərhədləri açıq idi. Zərurət olsaydı, o vaxtdan bu sərhədi bağlayardılar. Görünür ki, bununla əlaqəlidir. Ancaq indi hər halda açıqlamasını, izahının verdikdən məsələyə daha dəqiq bir fikir bildirmək olar”.

Qərardan bir qədər əvvəl Səhiyyə naziri Teymur Musayev bu gün jurnalistlərə açıqlamasında “heç bir sərhəd-keçid məntəqəsində meymunçiçəyi virusu ilə əlaqəli hər hansı spesifik tədbirlərin görülməsinin nəzərdə tutulmadığını” açıqlamışdı.

Nazir Azərbaycanda yoluxma qeydə alınmadığı üçün bu virusla əlaqədar "vaksinasiyanın aparılmasının da nəzərdə tutulmadığını" açıqlamışdı. Covid-19 pandemiyasından sonra dünyada meymunçiçəyi virusu yazyılmağa başlayıb, qonşu Gürcüstan və Türkiyədə bu virusa 1 yoluxma hadisəsi qeydə alınıb.

Azərbaycan 2020-ci ilin martında Covid-19 virusu yayılarkən pandemiyanın qarşısının alınması məqsədilə ölkə sərhədlərini gediş-gəlişə bağlayıb. 

Baxmayaraq ki, pandemiya davam edirdi, Azərbaycan hökuməti Naxçıvan üzərindən sərhədin açılmasına qərar vermişdi.

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR