Saat:20:56
Haqqımızda

Azərbaycanda tələbə adı qazanmağın əzablı yolları

2023-08-31 12:17:50

Azərbaycanda tələbə adı qazanmağın əzablı yolları

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova şagirdlərin yerdəyişməsi ilə bağlı maraqlı məlumat açıqlayıb. O, bildirib ki, şagirdlər 9-10-cu siniflərdə yerdəyişmə edirlər və əksər hallarda bu, hazırlıqlara getmək və dərslərdə faktiki olmamaqla bağlıdır. 

G.Səfərova qeyd edib ki, son zamanlar uşaqların ailələrindən uzaqlaşıb nənə, baba ilə yaşaması və icmasından ayrılmaq istəmə səbəbi hazırlıqların məbləği ilə əlaqələndirilir. Yəni valideynin hazırlıqlara daha az pul xərcləməsi üçün uşaq regiona qohumlarının yanına gedir. 

“Düşünürəm ki, ali təhsil müəssisələrinə qəbul prosesinini sadələşdirməyə ehtiyac var. Ali təhsilə biz növbəti pillə kimi yanaşmalıyıq. Qəbulu yaşam uğrunda survivora çevirmək uşaqların rifahına uyğun deyil”. 

Səfərovanın ali təhsilə qəbul prosesinin sadələşdirilməsi ilə bağlı dediklərini ölkə ziyalıları illərdir təklif edir. Lakin ortada heç bir əməli addım yoxdur. Belə anlaşılır ki, bu labirint təhsil idarəedicilərinin maraqlarına uyğundur və hələ uzun illər belə də davam edəcək. 

Məsələnin digər tərəfi odur ki, şagird 9-10-cu siniflərdə nə üçün bu vaxta qədər təhsil aldığı orta məktəbi dəyişmək istəsin? Səfərova bu haqda aydınlatma vermədən qeyd edib ki, valideyn daha az xərc çəkmək üçün bu addımı atır. Bəs bu xərc nədən ibarətdir? Şagird doğurdanmı hansısa ucqar bir rayona gedib orada nənə-babasının yanında ali məktəbə hazırlaşır? Təbii ki yox, əksər hallarda şagird o yerdəyişmə aldığı məktəbin harada yerləşdiyini də bilmir. 

Hər kəsə gün kimi aydındır ki, bu gün Azərbaycanda 10-11-ci siniflərdə dərs otaqları demək olar ki boşdur. Tələbə adını qazanmaq istəyən şagirdlər buna məktəb partası arxasında nail olmağın mümkünsüzlüyünü öz adları kimi bilir. Orta məktəb təhsili ilə heç kolleclərə də daxil olmaq mümkün deyil. Və onlar haqlı olaraq məktəb partası arxasında vaxt itirmək istəmir, bu vaxtı özəl kurslara, repetitorlara ayırırlar. Və burada ortaya sual çıxır: 2-3 il məktəbə getmədən necə attestat almaq mümkündür? Milli-ənənəvi üsullar hər zaman işləyir. 

Paytaxt məktəblərində dərsə getməyib “qaib” almamağın qiyməti regionlarla müqayisədə 3-4 dəfə bahadır. Mən burada “prays-list” açıqlamaq niyyətində deyiləm. Amma “qiymət” həqiqətən yüksəkdir. Buna görə də valideyn daha ucuz variant seçmək, övladının bu vaxta qədər təhsil aldığı orta məktəbi dəyişmək zorundadır. Məsələ bu qədər sadədir. 

Bu gün Azərbaycanda yüksək savad əldə edənlər, ali məktəbə qəbul olunanların heç biri buna orta məktəb təhsili sayəsində çatmayıb. Bu, onillərdir davam edən prosesdir. Azərbaycan təhsilini idarə edənlərin heç birinin yüksək uğur qazanmış şagirdlə fəxr etməyə haqqı yoxdur. Onlar buna valideynlərinin alın təri ilə qazandığı pulların hesabına özəl repetitor tutmaqla, kurslara getməklə nail olublar. Onların böyük əksəriyyətinin orta məktəb müəllimlərinə heç bir mənəvi borcu yoxdur. 

Təhsil kurslarından söz düşmüşkən bir məsələni də qeyd edim. Bir çox ali məktəbə hazırlıq, xaricdə təhsil kurslarının rəhbərləri ilə həmsöhbət olmuşam. Onların müştərilərinin böyük hissəsinin – xüsusilə savadlıların bir məqsədi var: Xaricdə yaşamaq. Bunun isə ən asan yolu xarici ali məktəblərə qəbul almaqdır. Onlar ölkədən birdəfəlik getməyi düşünürlər. Yuxarıda qeyd etdiyim kimi buna haqları var. Çünki aldıqları təhsilə görə valideynlərindən başqa heç kimin qarşısında öhdəlikləri yoxdur.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.235275