Azərbaycanda şok dələduzluq: Təqsirləndirilən şəxs zərərçəkmişləri belə aldadıb

2022-04-28 16:33:00

Azərbaycanda şok dələduzluq: Təqsirləndirilən şəxs zərərçəkmişləri belə aldadıb

Azərbaycanda 5 milyon manatlıq dələduzluqda ittiham edilən 1986-cı il təvəllüdlü Orxan Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hurriyyet.az Teleqraf.com-a istinadən xəbər verir ki, Orxan Ağayev ayrı-ayrı şəxslərdən turizm sahəsində iş qurmaq, xarici ölkələrə səfərlər təşkil etmək adı ilə pul alıb. Cinayət işi üzrə 20-dən çox şəxs zərərçəkmiş şəxs qismində tanınıb.

Orxan Ağayev özünü uzun müddət turizm sektorunda işlədiyi üçün bu sahədə geniş təcrübə və imkanlara malik şəxs kimi təqdim edib. Bakı Beynəlxalq Hava Limanında işləyən “Hacı” adlı dostunun vasitəsi ilə beynəlxalq uçuşlar üçün nəzərdə tutulmuş təyyarə biletlərini ucuz qiymətə alıb, baha satılmasını, həmçinin müxtəlif turizm şirkətlərinin vasitəsi ilə səyahətlərin təşkili, turistlər üçün mehmanxanalarda yerlərin sifarişini həyata keçirmək adı ilə dələduzluq edib.

İstinraq orqanı tərəfindən Orxan Ağayevin barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq; xüsusi ilə külli miqdarda törədildikə) maddəsi ilə ittiham elan edilib. Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmədə Orxan Ağayev ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib və o, ifadə verməkdən imtina edib.

Orxan Ağayev 2013-2015-ci illərdə “Bank Standart”da, 2016-2017-ci illərdə isə “Kapital Bank”da çalışıb. Bankda işlədiyi dövrdə müdiriyyətin qanunsuz göstərişini icra etdiyinə görə Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələri ilə məsuliyyətə cəlb edilib və 2017-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrumtemə cəzasına məhkum edilib, çəzası məhkəmənin hökmü ilə 1 il 6 ay müddətinə şərti sınaq müddəti ilə əvəz edilib.

“Mütəmadi olaraq əlaqələrdə olduq”

Orxan Ağayev istintaqa verdiyi ifadəsində göstərib ki, bankın “Elmlər Akademiyası” filialında kredit mütəxəssisi işlədiyi dövrdə turizm sahəsində az da olsa işlər görürüb: “Dost-tanışıma təyyarə bileti və ya turlar təşkil edirdim. Sinqapurda ingilis dili kursunda təhsil aldığım dövrdə Rusiya Federasiyası və Sinqapur vətəndaşı olan Sergey adlı şəxslə tanış oldum. Sonradan münasibətlərimiz dostluq səviyyəsinə qalxdı.

Təhsildən sonra Azərbaycana qayıtdım. Sergey isə Sinqapurda qalaraq özünə “EG Enterprise” adlı turizm şirkəti yaratdı. Azərbaycana qayıtsam da, onunla mütəmadi əlaqə saxlayırdım. 2015-ci ildə Moskva şəhərinə gedəndə Sergeylə görüşdüm. Onunla söhbət zamanı Sergey Sinqapurda olan turizm şirkətinin vasitəsi ilə Rusiya Federasiyası vətəndaşlarının Sinqapura və əksinə səfərlərini təşkil etdiyini bildirdi, işi barəsində mənə danışdı. Bundan sonrakı dövrdə də Sergeylə mütəmadi olaraq əlaqələrdə olduq”.

“Qohumlarıma qazanc vermək qərarına gəldim”

Təqsirləndirilən şəxsin sözlərinə görə, bankda işlədiyi dövrdə bir qədər pul yığıb: “Qərara gəldim ki, həmin puldan Sergeyə verib, onun turizm sahəsində gördüyü işlərə görə pul qazanaq. Sergeylə əlaqə saxladım. Məndə 5.000 dollar olduğunu və həmin pulu ona verə biləcəyimi bildirdim.

Əgər mümkündürsə, həmin pulu turizm sahəsində gördüyü işlərə yatırdıb, mənim də pul qazanmağıma kömək etməsini təklif etdim. Sergey etiraz etmədi.

İlk dəfə 5000 dolları 2016-cı ilin yaz aylarında qeyri-rəsmi köçürmə yolu ilə göndərdim. Verdiyim 5000 ABŞ dollara görə Sergey mənə qazanc verdiyindən (hansı məbləğdə qazanc verdiyini xatrılamır) onunla işləməyə davam etdim. Bundan sonrakı dövrlərdə Sergeyə müxtəlif məbləğlərdə pullar göndərdim və qazancımı götürdüm.

Sergey qazancları eyni qaydada göndərir, mən də burada qeyri-rəsmi yolla bank filialından alırdım. Bəzən Sergeyin adamı “Alek” adlı şəxs Azərbaycana gələndə onunla görüşüb, qazancları ondan götürürmüşəm. Sergeyin mənə qazanc göndərdiyini görüb, qohum və tanışlarımdan pullar alıb, eyni qaydada Sergeyə göndərmək, bununla həm özüm qazanmaq, həm də pul aldığım şəxslərə qazanc vermək qərarına gəldim.

İlk dəfə bibim oğlu Cavidə müraciət etdim və 2016-cı ilin sonlarından 2018-ci ilin sonlarınadək ondan hissə-hissə ümumilikdə təxminən 200.000-220.000 dollar aldım. Həmin pulları eyni qaydada qeyri-rəsmi yolla Moskva şəhərinə SergeyƏ və onun orada olan “Alek” adlı adamına göndərdim. Caviddən aldığım pula görə ona təxminən 100.000 ABŞ dollarından artıq qazanc vermişəm və hazırda sonuncuya təxminən 90.000 dollar borcum qalıb.

Caviddən iki ay sonra onun yeznəsi, bibim qızının ərindən eyni qaydada, yəni faizlə 2019-cu ilin əvvəlinədək hissə-hissə olmaqla ümumilikdə 400.000 dollarından artıq pul almışam. Bu müddət ərzində ona təxminən 300.000 dollar faiz şəklində pul qaytarmışam. Hazırda ona 100.000 dollar borcum qalıb”.

“Ümumilikdə 800 min dollar...”

Orxan Ağayev qeyd edib ki, eyni qaydada, yəni faizi ilə daha iki zərərçəkmişdən 2017-ci ildən 2019-cu ilin fevralınadək ümumilikdə 800.000 dollar alıb: “Bunun müqabilində onlara ayrı-ayrılıqda təxminən ümumilikdə 500.000 dollar qazanc kimi qaytarmışam. Həmçinin faiz vermək şərti ilə başqa bir zərərçəkmişdən 2017-ci ildən 2019-cu ilin mart ayınadək olan dövrdə hissə-hissə olmaqla ümumilikdə 700.000 dollar almışam və hissə-hissə ümumilikdə 400.000 dollarından artıq faiz vermişəm.

Əlavə olaraq özümə məxsus olan 30.000 dollar dəyərində “Yaguar” markalı avtomobilimi, şərikli aldığım “Viano” markalı mikroavtobusu, 12.000 dollar dəyərində “Vito” markalı mikroavtobusu zərərçəkmişlərə vermişəm”.

Zərərçəkmişlərin ifadələrindən məlum olur ki, təqsirləndirilən şəxs Hacı kimi tanıdığı şəxsi onlara Dövlət Təhlükəsizliyi Xidmətinin işçisi kimi də təqdim edib.

Bu cinayət əməlinə görə, Orxan Ağayev 12 il müddətinə azadlıqdan məhrum edilib. Onun əvvəlki cəzası hazırkı cəza ilə birləşdirilib, qəti olaraq 15 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunub.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya