Azərbaycanda seçki hazırlığı…

2022-06-07 12:52:00

Azərbaycanda seçki hazırlığı…

Azərbaycanda seçki hazırlığı…

Ölkədə növbədənkənar parlament seçkilərinə, yoxsa referenduma hazırlıq görülür?

Zahid Oruc: "Hər 7 ildən bir Konstitusiyada dəyişiklik olub, 2023-cü ildə də referendum keçirilə bilər”

Fazil Mustafa: "Referendum keçirilərsə, bələdiyyələrlə bağlı təkliflərim ola bilər"

Hafiz Hacıyev:  "Bu məsələlər yaxın vaxtlarda partiyalarla birgə müzakirə ediləcək…"

Elman Nəsirov: "Bununla indiki ana qədər daha çox mənbəyi bilinməyən məsələlərdir...”

Azərbaycanda Konstitusiyada dəyişiklik edilməsi üçün referenduma hazırlıq getdiyi haqda iddialar var. Bəzi məlumatlara əsasən,Konstitusiyaya dəyişiklik layihəsi “hökumətin yuxarı təbəqəsinin ilkin müzakirələrindən keçib”. Belə fikir mövcuddur ki, proporsional seçki sistemi bərpa olunacaq və Milli Məclis üzvlərinin sayı 50 nəfər artırılaraq, 175 nəfərə çatdırılacaq.

Milli Məclisin deputatı, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc “Hürriyyət”ə bildirib ki, 2002-ci ildə də Konstitusiyada dəyişikliklər üçün ümumxalq müzakirəsinə ehtiyac duyulmuşdur. O, Konstitusiyaya dəyişikliklə bağlı keçirilən seçkiləri analiz edərək vurğulayıb ki, hər 7 ildən bir konstitusiyaya dəyişikliklə bağlı seçkilər keçirilib:

"Azərbaycanda müstəqillik qazanandan bu günə qədər refendumlar keçirilib.Bu, öz-özlüyündə çox təbiidir, iqtisadi, hüquqi, siyasi çağırışlardan, ölkənin keçdiyi inkişaf yolundan qaynaqlanır. Həmin dövrü yaxşı xatırlayırıq. Bunun əleyhinə olan qüvvələr peyda olurdu. Bəzən referendumu siyasiləşdirib, onun əleyhinə çıxan qruplar meydana çıxıb. Bu çox təbiidir. Azad və demokratik cəmiyyətlərdə belə diskussiyalar hökmdür və tələb olunur. Konstitusiyaya diqqət etsəniz görərsiniz ki, müstəqillik dövründə ulu öndərin ən ağır zamanda hakimiyyətə ikinci qayıdışı, ölkədə hərbi-siyasi xaosa son qoyması və bundan sonra ölkənin ən ana qanununu meydana gətirməsi və ölkənin idarəetmə quruluşunu məhz konstitusiya əsasında həyata keçirəcəyinin elanından sonra başalayıb. 2002-ci ildə isə Konstitusiyada birinci dəfə dəyişikliklər üçün ümumxalq müzakirəsinə ehtiyac duyulmuşdur. 2009-cu ildə yenidən ümumxalq müzakirəsi keçirildi. Növbəti dəfə isə ölkədə bələdiyyə sisteminin hesabatlılığından, vitse-prezident inistutunun yaradılmasına qədər böyük təkliflər paketini özündə ifadə edən layihə meydana çıxanda Konstitusiyada dəyişiklik 2016-cı ildə reallaşdı. Fikir verirsinizsə, hər 7 ildən bir Konstitusiyada dəyişiklik olub. Bu ardıcıllıqla getsək, bəlkə 2023-cü ildə referendum keçirilməsi proqnozlaşdırıla bilər. Görünür, ikinci bir amil də var. Vətən müharibəsində qazanılan qələbədən sonra, eləcə də Qarabağın gələcəyi, orda erməni vətəndaşları Azərbaycanın qanunlarına və Konstitusiyasına tabe olacaqları təqdirdə aşağı strukturların təşkili forması, qətiyyən Qarabağa hər hansı üstünlük və imtiyaz tanımadan ölkəniin unikal bütövlüyünə xələl gətirmədən yeni addımların atıla biləcəyi ehtimallarını diskussiyaya çıxarırlar. Bu çox təbiidir. Keçmişdə bir çoxlarının dediyi kimi, ermənilərin mənafeyi naminə Konstitusiyanı dəyişdirmək kimi bir absurd bir mövqeyə gəlinmir. Ermənilərin statusunu Azərbaycan ordusu Ali Baş Komandanın liderliyi altında, xalqımızın birgə gücüylə 44 günlük müharibədə müəyyənləşdirib. Statussuz erməni də təhülkəsiz şəraitdə Azərbaycanda yaşaya bilər. Buna görə də mən Konstitusiyanın dəyişdirilməsi və ya dəyişdirilməməsi mövzusunda mötəbər bir müzakirənin getdiyi haqqında fikri təsdiq edə bilmərəm. Bu barədə geniş məlumatlar cəmiyyətə rəsmi orqanlar tərəfindən verilsəydi, daha predmetli danışardıq. Amma mən məsələnin ümumi konteksinə münasibət bildirdim. Hazırkı anda nə dərəcədə addım atılacağını ölkənin prezidenti bilər və bu onun səlahiyyətlərinə aid məsələdir. Eləcədə referendumun keçirilməsi üçün vətəndaş qruplarının da təşəbbüs etmək hüquqları mövcuddur. Bu baxımdan,“Konstitusiyaya dəyişiklik üçün hazırlıqlar var” deyə bir mövqeni cəmiyyətə parlament üzvü və komitə sədri kimi söyləməyim doğru olmaz. Bununla bağlı gerçək müzakirələr olardısa və dövlət inistutları bunu cəmiyyətə bildirərlərsə sizinlə bununla bağlı ideyalarımızı daha geniş və praktiki şəkildə bölüşərdik".

Millət vəkili Fazil Mustafa da “Hürriyyət”ə bildirib ki, əgər referendum keçirilərsə, bələdiyyələrlə bağlı təklifləri ola bilər:

"Bunu sizdən eşidirəm. Mənə dəfələrlə bu sual verilir. Mediada bu söhbətlər gedir, amma siyasi səhnədə bu söhbət yoxdur. Ona görə də bir şey deyə bilmərəm. Əlbəttə ki, Konstitusiyada dəyişiklik edilməli olan maddələr var. Amma buna görə referendum keçirməkdə zərurət görmürəm. Bu, sadəcə ehtimallardır. Əgər bu özünü doğruldacaqsa, bilinəcək. Referendum keçirilərsə, bələdiyyələrlə bağlı təkliflərim ola bilər".

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Azərbaycan dövlətinin gələcəkdə daha da demokratikləşməsi üçün proporsional seçki sisteminin vacib olduğunu vurğuladı. Onun sözlərinə görə, əgər referendum seçkiləri olarsa, proporsional seçki sisteminin bərpası və Azərbaycanda hökümətin bir qanadının səlahiyyətlərinin vitse-prezidentə verilməsi daha məqbuldur:

"Bu gün Azərbaycan dövləti yeni bir barışıq formasının bünövrəsini qoyub. Partiyalarla iş şöbəsinin apardığı işlər və cənab Prezidentin partiyalara olan münasibəti bütün vəziyyəti dəyişib. Bunu birmənalı şəkildə bilməliyik. Milli barışığın tam əsası qoyulub. Partiyalarla da ciddi şəkildə işlənilir. Seçkilərlə bağlı kimlərsə şayiələr yayırlarsa, bunu tam dəqiq deyə bilmərəm. Ola bilsin ki, referendum məsələsi olsun. 2025-ci ildə prezident seçkiləridir. Prezident seçkilərindən qabaq isə parlament seçkiləridir. İstərdik ki, proporsional seçki sistemi bərpa edilsin. Partiyalarda inkişafı daha da artırmaq, gələcəkdə partiyaların cəmiyyətdə rolu, Azərbaycan dövlətinin gələcəkdə daha demokratikləşməsi üçün proporsional seçki sistemi vacibdir. Məncə, hələki seçkilərin vaxtı ilə bağlı yalan məlumatlar yayılır. 2025-ci ildə prezident seçkiləri olacaq. Bu seçkilərdə mən də Müasir Müsavat Partiyasının sədri olaraq yenidən namizədliyimi verəcəm. Partiyamız seçkilərin hamısında iştirak edəcək. Əgər referendum seçkiləri olarsa, proporsional seçki sisteminin bərpası, Azərbaycanda hökümətin bir qanadının səlahiyyətlərinin vitse-prezidentə verilməsini daha məqbul hesab edirəm. Yaxud da birbaşa Türkiyə modelinə keçmək daha uğurlu olardı. Bu cür məsələlər cəmiyyətdə müzakirə olunmalıdır. Azərbaycan siyasi partiyaları da bunu geniş şəkildə müzakirə etməlidir. Bizdə olan məlumata görə, bu məsələlər yaxın vaxtlarda partiyalarla birgə müzakirə ediləcək".

Deputat Elman Nəsirov isə konkret olaraq referendumla bağlı rəsmi səviyyədə hər hansısa bir məlumatının olmadığını dedi. O, bunu daha çox sosial şəbəkələrdə müzakirə olunan məsələ kimi qiymətləndirdi:

"Əvvəlcə deyim ki, ölkə prezidenti cənab İlham Əliyev 2018-ci ildə növbəti dəfə xalqımızın etimadını qazanaraq prezident seçilib. Parlamentdəki çıxışında da söylədi ki, ölkəmizdə dərinləşən islahatlar kursu həyata keçiriləcək. Bu kurs bütün sferaları əhatə edəcək, islahatlarla və yeniliklərlə yadda qalacaq. Həqiqətən də elə oldu. Keçən dövr ərzində də görürsünüz ki, həm ali icra hakimiyyəti orqanlarının strukturlarında, qanunverici orqanlarda, məhkəmə-hüquq sistemində, iqtisadiyyatda və sosial sferada yeniliklər həyata keçirilir. Bunu da hər kəs görür və qiymətləndirir. Bir il bundan öncə də yenidən referendumun keçirilməsi ilə bağlı məlumatlar yayılırdı. Lakin bu həyata keçmədi. Hazırda da anoloji yanaşma var. Mətbuatda və sosial şəbəkələrdə Konstitusiya islahatlarınının keçirilməsindən bəhs edilir. Eyni zamanda, növbədənkənar parlament seçkilərinin keçirilməsi məsələsi də qabardılır. Mən Yeni Azərbaycan Partiyasının Təşviq Komissiyasının üzvüyəm. Partiyamızı parlamentdə təmsil edən deputatlardanam. YAP-ın daxilində belə müzakirələr aparılmır.  Bununla da bağlı heç bir məlumat yoxdur. Ən azı belə bir müzakirə olsaydı, Təşviq Komissiyasının üzvü kimi mən də orda iştirak edərdim. Bütün bunlar indiki ana qədər daha çox mənbəyi bilinməyən məsələlərdir. Heç bir konkret mənbəyə istinad edilmir. Əlbəttə, ölkəmizdə islahatlar davamlı şəkildə həyata keçirilir. Cənab Prezident son çıxışlarının birində də vurğuladı ki, işğaldan azad edilmiş ərazilərdə yeni idarəetmə üsulu tətbiq edirik. Bu səmərəli olacağı təqdirdə ölkə ərazisində bunun tətbiqi məsələsinə baxıla bilər. Amma konkret olaraq referendumla bağlı rəsmi səviyyədə hər hansısa bir məlumat yoxdur. Bu daha çox sosial şəbəkələrdə müzakirə olunan məsələdir".

Hazırladı: Elşən Yəhyayev


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya