Saat:07:47
Haqqımızda

Azərbaycanda qadınların döydüyü 81 kişi - Psixoloji, mənəvi, fiziki ŞİDDƏT

2021-12-04 12:00:00

Azərbaycanda qadınların döydüyü 81 kişi - Psixoloji, mənəvi, fiziki ŞİDDƏT

Hər il dünyada və ölkəmizdə yüzlərlə qadın zorakılığa məruz qalır. Bunun qarşısını almaq üçün beynəlxalq səviyyədə tədbirlər, layihələr həyata keçirilir. Qadınlar daim kişilərin onlara qarşı fiziki və psixoloji şiddət tətbiq etdiklərini etiraf eləsələr də, kişilər nədənsə bundan həmişə çəkinirlər.

81 nəfər kişi zorakılığa məruz qalıb

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova Modern.az-a açıqlamasında bildirib ki, qadınlara qarşı zorakılıq daha çox olduğu üçün qadın məsələləri önə çəkilir.

Onun sözlərinə görə, qadınların müraciətinə nisbətən, kişilərin müraciəti azdır

“Ailə, Qadın və Uşaq məsələləri komitəsi tərəfindən bu il 81 nəfər kişinin zorakılığa məruz qalması və müraciəti qeydə alınıb. Ənənəvi olaraq, kişilər bu barədə susurlar. Bilirik ki, kişilər bəzi hallarda psixoloji zorakılığa daha çox məruz qalırlar. Ailə, gəlin-qaynana münasibətləri bəzi hallarda kişini psixoloji olaraq qeyri-stabil vəziyyətə gətirə bilir. Lakin bu istiqamətdə müraciətlər davamlı deyil. Mürcaciət olsa belə, sübut lazımdır. İstənilən məsələdə, hansısa əməldə sübutun təqdim olunması mütləqdir”.

 

 

“Kişilər qadınların deyingən olduğunu qəbul edirlər”

 

 

 

M.Zeynalova bildirib ki, ənənəvi olaraq kişilər qadının, ananın, həyat yoldaşının deyingən olduğunu qəbul edirlər.

“Yaxud da həyat yoldaşlarının iqtisadi tələbləri psixoloji tərəfdən daha çox təzyiq forması alır. Amma bu barədə müraciətlər olmalıdır ki, real vəziyyət qiymətləndirilsin. Digər tərəfdən də, qadınlara qarşı zorakılıq çağırışı edəndə təkcə qadınlar yox, eyni zamanda, kişilərin də davranışının dəyişilməsi və ailədə münasibətlərin qeyri-zorakı mühitdə həll olunması barədə müraciət olur. Bir çox kişilər də etiraf edir ki, qadına qarşı zorakılıq kifayət qədər çoxdur və bunun qarşısı alınmalıdır”.

“Kişilər döyüldüyünü deməyə utanırlar”

 

 

Tanınmış psixoterapevt Elmir Əkbər kişilərə qarşı şiddətin geniş yayılmış bir hal olduğunu qeyd edib:

 

“Onların içərisində müəyyən hissəni sırf qadınlar tərəfindən şiddətə məruz qalanlar təşkil edir. Bunu ümumi mənada deyirəm. Qadın olaraq onun anası, bacısı, həyat yoldaşı da ola bilər. Yaşlı bir kişi öz qızı tərəfindən də şiddətə məruz qala bilər. Sadəcə olaraq, Azərbaycan mentalitetində müəyyən formalaşmış adətlər var ki, məsələn, görürsünüz sısqa arıq kişi özündən çox cüssəli qadınını döyəndə belə, qadın özünü müdafiə etmək istəmir. Azərbaycanda digər dünya ölkələrinə nisbətən kişinin qadın tərəfindən şiddətə məruz qalması o qədər də çox deyil. Burada mentalitetin təsiri var və məhz bu səbəbdən kişilər bunu etiraf etməyə utanırlar”.

Kişilərə qarşı ən geniş yayılmış şiddət hansıdır?

E.Əkbər çox vaxt kişinin qadın dominantlığını, manipulyasiyasını hiss etmədiyini bildirib:

“Qadınlar daha emosional varlıqlardır və bunu elə ustalıqla edirlər ki, kişinin heç xəbəri də olmur. Təbii ki, hər qadın hər kişini idarə edə bilməz. Bu o ailələrdə olur ki, orada ana dominantdır, oğlunu özündən asılı böyüdüb. Ailə quran zaman da oğlu başqa qadının təsirinə düşür, manipulyasiyasına məruz qalır. Bu qadının qızı da başqa bir kişini belə idarə edəcək və şiddətə məruz qoyacaq. Əgər, qadın və kişinin ailəsində ana dominant olubsa, onda onların ailəsi möhkəm olur. Qadın kişini idarə edir, kişi də ona tabe olur. Yeri gələndə, nəsə qadının ürəyincə olmayanda kişiyə qarşı şiddət göstərir və kişinin heç xəyalından belə keçirmir ki, bunu kiməsə desin, nəinki vəziyyəti ictimailləşdirsin. Ən çox yayılmış və daha ağır şiddət isə psixoloji və mənəvi şiddətdir”.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR