Azərbaycanda pandemiya bu tarixdə bitəcək

2021-11-26 09:59:00

Azərbaycanda pandemiya bu tarixdə bitəcək

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib ki, Azərbaycana bu günədək 319 410 doza “Pfizer- Biontech” vaksini gətirilib. Ötən həftə isə daha 99 000 doza vaksin ölkəyə çatdırılıb.

Məlumdur ki, Bakıda olan “Pfizer” vaksinin 6 aylıq müddəti başa çatıb, amma Ümumdünya Səhiyyə Təşkilatı Avropa Dərman Agentliyi və ABŞ Qida və Dərman Administrasiyasının rəylərini nəzərə alaraq, COVİD-19 əleyhinə vaksinasiyada Pfizer/Biontech preparatından istifadə edən ölkələrə vaksinin istifadə müddətinin uzadılması ilə bağlı aidiyyəti qurumlara məktub göndərib. Məktuba əsasən Pfizer/Biontech preparatının istifadə müddəti 6 aydan 9 aya qədər uzadılıb. Bəs görəsən, yeni gətirilənlər də 6 ay əvvəlki istehsaldır, yoxsa...

Hurriyyet.az xəbər verir ki, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin mütəxəssisi Könül İsmayılova Musavat.com-a mövzunu belə şərh edib:

“Vaksinlərin saxlanma şəraiti və yararlılıq müddəti ilə bağlı araşdırmalar Avropa Dərman Agentliyi EMA və Amerika Qida və Dərman Administrasiyası tərəfindən aparılır. Bununla bağlı tövsiyələr peyvəndin istifadəsi və saxlanmasına dair may ayında artıq verilmişdi. ÜST bu qurumların bəyanatlarını rəhbər tutaraq məktubda vaksinin istifadə müddətinin uzadılması ilə bağlı məlumat bildirib. Hazırda ölkəmizdə istifadə olunan peyvəndin yararlılıq müddəti 31 dekabr 2021-ci ilədək hesab olunur”.

K.İsmayılova əlavə edib ki, hazırda koronavirusla bağlı epidemioloji vəziyyət ölkəmiz üçün stabil hesab oluna bilər:

“Lakin yanaşı olaraq mövsümi infeksiya halları da izlənir. Qəfil və kəskin iqlim dəyişikliyi də buna öz növbəsində təkan verən amillər sırasındadır. Mutasiya etmək viruslara xas xüsusiyyətdir, bu, əhalidə narahatlıq doğurmalı deyil, sadəcə olaraq, qorunma tədbirlərinə əməl etmək yetərlidir. Hazırda dünyada ən çox ölüm sayı Rusiyada izlənilir, bu isə onlarda vaksinasiya olunmuş əhalinin sayının azlığı ilə əlaqələndirilir. Azərbaycanda hazırda buster doza alan şəxslər kifayət saydadır”.

Bəzi ekspertlər isə hesab edirlər ki, bu yeni virus infeksiyaları, mutasiyalar süni olaraq ona görə yaradılır ki, dünya əhalisinin sayı azalsın. Bu doğrudurmu?

Azərbaycan Həkimləri İctimai Birliyinin təsisçilərindən biri, həkim-radioloq Aydın Əliyev də mövzu ilə bağlı fikirlərini bildirib:

“Qətiyyən razı deyiləm, bunlar hamısı cəfəngiyyatdır. Bizim marketdən alıb yediklərimiz, aldıqlarımız, telefonlarımız kifayət edir, bizi öldürmək istəsələr, heç əlavə virusa ehtiyac olmaz. İnsanların sayını azaltmaq üçün vasitələr çoxdur... Ona görə də belə cəfəng söhbətlərə inanmaq lazım deyil”.

Həkim yaza qədər pandemiyanın Azərbaycanda tamamilə yekunlaşacağını düşündüyünü də bildirib.