Azərbaycanda özəl reabilitasiya mərkəzlərinin bağlanılması təklif olunur
Dövlət qurumunun müəmmalı təklifinin arxasında hansı maraqlar dayanır?
Azərbaycanda özəl reabilitasiya mərkəzlərinin bağlanılması təklif olunur. Stopnarkotik.az bu haqda etibarlı mənbələrə istinadən məlumat verir. Mənbə iddia edir ki, bununla bağlı bəzi dövlət qurumları tərəfindən narkomaniyaya və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində təklif səsləndirilib. Buna səbəb kimi, reabilitasiya mərkəzlərinə nəzarət etməyin mümkünsüz olduğu əsas gətirilir.
Doğrudur, müzakirələr zamanı digər dövlət qurumlarının nümayəndələri arasında qəti şəkildə bu təşəbbüsə qarşı çıxanlar da olub. Onlar bildiriblər ki, əgər özəl reabilitasiya mərkəzləri bağlanarsa, dövlət müəssisələri hesabına narkomanların müalicəsini həyata keçirmək mümkün olmayacaq.
Xatırladaq ki, son illər narkomaniyaya və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin effektiv olması üçün, aidiyyəti qurumların fəaliyyətini gücləndirməklə yanaşı, ölkəmizdə bu istiqamətdə müxtəlif layihələr, dövlət proqrlamları həyata keçirilməkdədir. Əslində, narkomanların müalicəsi məqsədilə özəl reabilitasiya mərkəzlərinin fəaliyyətinə, bir növ, sərbəstlik verilməsi də məhz bununla bağlıdır. Təsadüfi deyil ki, 2020-ci ilədək ölkəmizdə cəmi 2 reabilitasiya mərkəzi mövcud idisə, bu gün onların sayı 150-yə yaxındır. Əksər ekspertlər də bu fikirdədir ki, dövlət müəssisələrində 21 günlük müalicə prosesi müsbət nəticə vermədiyindən, hazırda özəl reabilitasiya mərkəzlərinə təlabat daha çoxdur.
Doğrudur, bu gün özəl reabilitasiya mərkəzlərində qiymətlər hər kəs üçün əlçatan deyil. Amma, ən azı, bu mərkəzlər övladı narkotik aludəçisi olan hər bir valideyn üçün ümid yeridir. Onlar övladını ölümdən xilas etmək üçün, borca düşmək yolu ilə də olsa, həmin vəsaiti ödəməyə məcburdur. Onsuz da son vaxtlaradək dövlət narkoloji dispanserlərində də valideyn 21 günlük müalicə üçün ən azı 500 manat ödəməyə məcbur edilirdi. Üstəlik, yuxarıda da qeyd etdiyimiz kimi, burada müalicə olunan narkomanlar çox nadir hallarda sağalıb, normal həyata qayıdırlar, əksinə onların bir çoxu qısa müddət sonra yenidən narkotik istifadə edirlər. Lakin hazırda fəaliyyət göstərən özəl reabilitasiya mərkəzləri arasında kifayət qədər müsbət göstərici ortaya qoyanlar var və belə mərkəzlərin sayı heç də az deyil.
Digər tərəfdən, onu da nəzərə almaq lazımdır ki, özəl reabilitasiya mərkəzləri tələb-təklif prinsipi çərçivəsində meydana gəlib. Yəni onların fəaliyyətinə təlabat olduğu üçün həmin mərkəzlərin sayı qısa müddətdə 150-yə çatıb. Deməli, 2020-ci ildən sonra Azərbaycanda narkomanların sayı sürətlə artıdığından və narkoticarətin əhatə dairəsi genişləndiyindən, ölkəmizdə özəl reabilitasiya mərkəzlərinə ehtiyac yaranıb. Stopnarkotik.az saytının fəaliyyət göstərdiyi təxminən 1,6 il müddətində apardığı araşdırmalar da onu deməyə əsas verir ki, bu mərkəzlərin fəaliyyəti narkomaniyaya qarşı mübarizəyə çox böyük dəstəkdir.
Üstəlik, onu da nəzərə almaq lazımdır ki, özəl reabilitasiya mərkəzləri həm də keçmiş narkotik asılıları üçün iş yerləridir. Hansı ki, onların bir çoxu, hətta asılılıqdan xilas olduqdan sonra belə, özlərinə iş tapa bilmirlər. Heç bir sahibkar onlara narkoman keçmişləri ilə əlaqədar iş vermək istəmir. Belə bir vəziyyətdə yenə özəl reabilitasiya mərkəzləri onlara qucaq açır ki, həmin şəxslər cəmiyyətdən təcrid olunmasın, yenidən narkotikə meyl etməsin və s. O cümlədən, bu gün ölkəmizdə narkoloq, psixoterapevt, klinik psixoloq, eləcə də asılılığın digər növləri üzrə mütəxəssislərə çox ciddi təlabat olduğundan, keçmiş aludəçilərin təcrübəsindən faydalanmaq həm də məcburiyyətə çevrilib. Çünki özəl reabilitasiya mərkəzləri xaricdən mütəxəssis dəvət etmək üçün yetərli maddi imkana sahib deyillər.
Əlbəttə, bu mərkəzlər arasında da sui-istifadə hallarına yol verənlər, öz məram və məqsədini kənara qoyub, yalnız qazanc düşünənlər də az deyil. Hətta sosial şəbəkələrdə, mətbuatda zaman-zaman bu mərkəzlərdə baş verən qanunsuzluqların da şahidi olmuşuq. Amma bu o demək deyil ki, bütün mərkəzlərin fəaliyyətini qaralamaq lazımdır.
Yeri gəlmişkən, sual oluna bilər ki, Azərbaycanda narkomaniyanın və narkoticarətin əhatə dairəsi niyə məhz 2000-ci ildən sonra genişlənib? Yaxud 2020-ci ilədək ölkəmizdə bu sahədə mübarizə aparılmırdı?
Öncə ondan başlayaq ki, ölkəmizdə hər zaman narkomaniyaya və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə aparılıb. Sadəcə, 2020-ci ilədək bu mübarizə, belə desək, formal xarakter daşıyıb, hər şey sadəcə kağız üzərində mövcud olub. Lakin, dəfələrlə qeyd etdiyimiz kimi, 44 günlük Qarabağ müharibəsi zamanı savaş meydanında məğlub olan xarici güclər bu dəfə ölkəmizə qarşı “narkotik müharibəsi” elan etdilər. Şübhəsiz, bu qüvvələrin başında da İran gəlir. Hansı ki, 2020-ci ildən sonra molla rejimi ölkəmizin gələcəyi olan yeniyetmə və gənclərimizi məhv etmək üçün bütün yollarla Azərbaycana hamı üçün əlçatan olan ucuz sintetik narkotik soxmağa çalışır.
Təbii ki, bütün bunlar Azərbaycanın gələcəyi üçün çox böyük təhlükə vəd etdiyindən, Prezident İlham Əliyevin tapşırığı ilə narkomaniyaya və narkoticarətə qarşı mübarizə yeni müstəviyə keçirildi. Heç də səbəbsiz deyil ki, son illər, demək olar, hər gün ən azı 20-30 nəfər narkotik alverçisi saxlanılır, istər sərhəddə, istər də ölkə daxilində külli miqdarda narkotik vasitələr aşkar olunur. Doğrudur, bu mübarizə hələ arzuolunan səviyyəyə çatmayıb, amma ortada çox ciddi işlər də var. Məsələn, istər televiziyalarda və digər media subyektlərində, istər də küçə və meydanlardakı reklam lövhələrində narkomaniyanın zərəri haqda təbliğat aparılır, polis əməkdaşları, QHT nümayəndələri, ayrı-ayrı müətxəssislər mütəmadi olaraq orta məkrtəblərdə maarifləndirici tədbirlər keçirir və s. Yəni mübarizə ən azı formallıqdan ciddi müstəviyə keçib. Bu səbəbdən, inanırıq ki, tezliklə cəmiyyət olaraq daha böyük nəticələr əldə edəcəyik.
Belə bir vəziyyətdə ölkədə narkomanların, eləcə də digər asılılıların müalicəsini öz üzərinə götürən özəl reabilitasiya mərkəzlərinin fəaliyyətini qadağan etmək nə dərəcədə doğru qərar olar?! Əksinə, onların fəaliyyətini daha da inkişaf etdirmək, onlara dövlət səviyyəsində dəstək olmaq daha yaxşı olmazmı?! Bir anlıq düşünək ki, ölkədəki 150 özəl mərkəzin hər birinin ağzına qıfıl vurduq. Bundan toplum olaraq qazancımız nə olacaq? Həmin mərkəzlərin hər birində müalicə alan ən azı 30-40 nəfər (ümumilikdə 4 500-6 000 nəfər) asılını taleyin ümidinə buraxacağıq? Yaxud onları dövlət narkoloji dispanserlərində müalicə etmək üçün yetərli imkanlarımız var? Əlbəttə, yoxdur. Ötən il ölkəmizdə 350 və 150 yerlik iki yeni narkoloji mərkəzin açılacağı bildirilirdi ki, onlar hələ də fəaliyyətdə deyil. Belə olan halda ölkəmizdə sayları minlərlə, on minlərlə olan narkotik aludəçilərini necə müalicə etmək mümkün olacaq? Unutmayaq ki, “sındırmaq heç də tikmək deyil”. Üstəlik, yenisini tikmədən var olanı uçurmaq heç də ağıllılıq əlaməti deyil.
O ki qaldı özəl reabilitasiya mərkəzlərinin konkret olaraq “nəzarət etmək mümkün olmadığı” səbəbindən bağlanılmısı təklifinə, doğrusu, burada da heç bir məntiq tapmaq mümkün deyil. Birincisi, axı, bunlara nəzarət etmək necə mümkünsüz ola bilər, həmin mərkəzlərin qapısı hansı dövlət qurumlarına bağlıdır ki? İkincisi, “nəzarət etmək mümkün olmadığı” üçün onların fəaliyyətini dayandırmaqdansa, yumşaq və qanuni nəzarət mexanizmi üzərində düşünmək daha yaxşı olmazmı?!
Yox, bu təklif müəlliflərinin ortada başqa maraqları varsa, o zaman əsassız bəhanələr irəli sürməkdənsə, “hər kəsi öz adı ilə çağırmaq” daha yaxşı olar.
Hazırladı: İ.SABİRQIZI
P.S. Mövzunu davam etdirəcəyik.