Azərbaycanda matəm elan olunacaq? - AÇIQLAMA

2022-09-14 12:27:00

Azərbaycanda matəm elan olunacaq? - AÇIQLAMA

Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.

Azərbaycanın bir gündə 50 hərbçisini şəhid verməsindən sonra ölkəmizdə matəm elan olunması, şəhidlərimizin xatirəsinin rəsmi şəkildə anılması təklif olunur.

Bəs, ölkəmizdə matəm elan oluna bilərmi?

Bununla bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Elman Məmmədov bildirib ki, hazırda sərhəddə gərginlik davam edir və proseslərin hələ dayanmadığını nəzərə almaq lazımdır:

“Qarşıda nələr olacağı ilə bağlı qəti fikir söyləmək hələlik mümkün deyil. Çünki ermənilər şifahi şəkildə atəşkəsə razı olduqlarını desələr də, təxribatlar davam edir. Çox sayda yaralılar var. Onu da qeyd etmək lazımdır ki, düşmən xaincəsinə törətdiyi təxribat nəticəsində bizdən 10 dəfə çox itki verib. Ötən gün 150-200 itkidən söhbət gedirdi, indi isə 400-ə yaxın itkidən danışırlar. Bu da Azərbycan Ordusunun döyüş qabiliyyəti və gücündən xəbər verir”.

Deputat matəm elan edilməsi məsələsinə isə belə münasibət bildirib:

“Matəm elan edilməsi məsələsinə gəldikdə, bu barədə bizim fikir söyləməyimiz düzgün olmaz. Çünki bu, birbaşa cənab Prezidentin səlahiyyətində olan məsələdir. Ancaq bir gündə 50 şəhid verdiyimizi də nəzərə almaq lazımdır. Mənim fikrimcə, əməliyyatlar dayandıqdan sonra şəhid olmuş hərbçilərimizi bir günlük, yaxud üç günlük matəm elan edərək anmaq məqsədəuyğun olar”.

Deputat Ceyhun Məmmədov isə adətən müharibə şəraitində matəm elan edilmədiyini vurğulayıb:

“Biz əslində 44 günlük müharibədən sonra Ermənistanın müharibə nəticələrindən dərs çıxaracağını gözləyirdik. Ancaq bu gün də Ermənistan təxribatlara davam edir. Əlbəttə, qəhrəman övladlarımızın şəhid olması bizi kədərləndirir. Hamımız pərişanıq. Ancaq müharibə şəraitində olduğumuzu və hələ bir müddət belə hadisələrin baş verəcəyini nəzərə almalıyıq. Adətən matəm belə hadisə gözlənilməz halda baş verdikdə elan edilir. Ancaq bizim qəhrəman övladlarımız müharibə şəraitində həyatlarını itiriblər. Vətənin bölünməzliyi, müstəqilliyi uğrunda canlarından keçiblər. Ona görə mən düşünürəm ki, müharibə şəraitində olduğumuzu nəzərə almalıyıq. Hamımız diqqətli və təmkinli olmalıyıq. Çünki biz çox məkirli düşmənlə üz-üzəyik”.

“Şəhidlərimizin ailələri diqqət və qayğı ilə əhatə olunub və olunacaq. Bütün dövlət qurumlarına xüsusi tapşırıq veriblər ki, bu məsələyə həssas və diqqətlə yanaşsınlar. Fəxri xiyabanda dəfn mərasimləri ən yüksək səviyyədə həyata keçirilir”,- deyə deputat vurğulayıb.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.064676