Saat:23:01
Haqqımızda

Azərbaycanda kriminal biznesin yeni növü: PSİXOLOGİYA MƏRKƏZLƏRİ

2023-01-31 12:47:00

Azərbaycanda kriminal biznesin yeni növü: PSİXOLOGİYA MƏRKƏZLƏRİ

Hər kəsdən soruşsanız, kriminal biznes kimi fəaliyyət göstərən bir neçə sahənin adını çəkə bilərlər: silah alveri, insan alveri, narkobiznes və. s. Lakin Azərbaycanda uzun illərdir inkişaf edən, rəsmi olaraq adi fəaliyyət kimi tanınan, lakin faktiki olaraq kriminal xarakter daşıyan bir biznes növü də vardır: PSİXOLOGİYA MƏRKƏZLƏRİ VƏ PSİXOLOJİ XİDMƏT.

Bu biznesin çiçəklənməsinin əsas səbəbi, nə qədər təəccüblü olsa da, Azərbaycan əhalisinin müəyyən qrupunun son dərəcə avamlığı, savadsızlığı, reklama alüdəçiliyi, televiziya kanallarının verdiyi təqdimatlara və reklamlara qeydi-şərtsiz inamı, müstəqil düşünmək qabiliyyətinin olmamasıdır. Bahalı maşınlarda gəzən, təmtəraqlı villalarda yaşayan, aldıqları alimlik dərəcələri ilə fəxr edən Azərbaycan əhalisinin müəyyən bir qismi çox asanlıqla PSİXOLOGİYA MƏRKƏZLƏRİ tərəfindən aldadılır və soyulur. Bu bədbəxtlər “PSİXOLOQ”, “PSİXİATR”, “PSİXOTERAPEVT”, “KLİNİK PSİXOLOQ” anlayışlarını biri-birindən ayıra bilmirlər. Lakin belə adamların heç biri təbiidir ki, öz bisavadlıqlarını boyunlarına götürmürlər.

Bu məsələnin çox dərin kökləri vardır: Azərbaycanda hələ M.Ə.Sabir dövründən faktiki elm, savad arxasınca getmək dəbdə olmamışdır, valideynlər “elə bir diplomu olsa, kifayətdir” deyərək uşaqlarını saxta, formal təhsilə öyrəşdirmişdir. Nəticədə pul gücünə diplom almış bu “alim” nadanlar yuxarıda adını çəkdiyim kriminal biznesin fəaliyyəti üçün tutarlı zəmin yaratmışlar.

Həkim-psixiatr Abdulla Sıxlinski rəsmi saytı

Azərbaycanda fəaliyyət göstərən PSİXOLOGİYA MƏRKƏZLƏRİNİN kriminallığı aşağıdakı kriterilərlə müəyyən edilir:

1. PSİXOLOGİYA MƏRKƏZLƏRİ bütün reklam şirkətləri, televiziya kanalları, mərkəzlərin özü tərəfindən TİBB MÜƏSSİSƏLƏRİ kimi təqdim edilir, bu məqsədyönlü şəkildə edilir, bu mərkəzlərdə işləyən mütəxəssislər özlərini həkim kimi təqdim edirlər: bu cür təqdimat tam qeyri-qanunidir, çünki psixologiya təbabət deyildir.

2.PSİXOLOGİYA MƏRKƏZLƏRİNDƏ fəaliyyət göstərənlər bəzi tibb müəssisələri ilə əlbir olub, maddi maraq zəminində həkimlərin öz əli ilə səhiyyə sisteminə, təbabətə, həkimlərə, psixiatriya mütəxəssislərinə qarşı açıq mənfi təbliğat aparırlar. Nəticədə həkim-psixiatrlara qarşı xəstələrdə neqativ münasibət formalaşdırır, “Psixiatrlara getməyin” deyərək ruhi xəstələri səhv istiqamətdə yönəldirlər, əsassız olaraq öz yanlarında saxlayırlar. Nəticədə xəstələrin vəziyyəti ağırlaşır, onların müalicəsi qeyri-mümkün olur.

Bu dağıdıcı prosesdə CİNAYƏTKAR PSİXOLOQLARA ən aktiv kömək edən həkim-nevroloqlardır, onlara müraciət edən insanlarda psixi pozuntu aşkar etdikdə, nevroloqlar xəstəni həkim-psixiatra yönləndirmək əvəzinə, onu PSİXOLOQA göndərirlər. Hələ bu da azmış kimi, həkimlik etikasını tapdalayan nevroloqlar “Psixiatra getməyin, o, sizi dəli edəcək” deyirlər. Belə həkim-nevroloqlar bu cür destruktiv fəaliyyətlərinə görə psixologiya mərkəzlərindən pul alırlar.

Əlbəttə, deyilənlər bütün həkm-nevroloqlara aid deyildir, bizdə öz işini bilən ləyaqətli həkim-nevroloqlar da kifayət qədərdir, biz belə nevroloqlara arxalanmalıyıq.

Həmişə olduğu kimi, Azərbaycanda hər şey alınır və satılır: həkimlik şərəfi də həmçinin. Səhiyyə Nazirliyi bu məsələlərə nəzarət etmir, hətta göz yumur.

3. PSİXOLOGİYA MƏRKƏZLƏRİndə uşaqların başına elektrik naqilləri birləşdirərək, yalandan bunun müalicə metodu olduğunu və 10 yaşı olan, lakin hələ danışmayan uşağın həmin naqili birləşdirdikdən sonra 5 gün ərzində danışacağını onun valideyninə bəyan edirlər. Belə bir fırıldağa uyan, 5 gündən sonra aldandığını başa düşən, lakin heç bir hüquqi tədbir görməyən, bu saxta “prosedur” üçün 1000-2000-3000 manat pullar verən valideynləri “QANMAZ”, “NADAN” sözlərindən başqa heç bir epitetlərlə adlandırmaq mümkün deyil.

Beyninizin necə işlədiyini bilirsiniz? - HEYRƏTAMİZ FAKTLAR

Azərbaycanda olan faciələrdən biri də odur ki, hamı özünü ağıllı hesab edir, bizdə ağıl, intellekt insanlar tərəfindən onların bank hesablarındakı pulun məbləği ilə ölçülür. Təəssüf ki, belədir, belə kütbeyin, öz uşaqlarını PSİXOLOGİYA mərkəzlərinə eksperimentə aparan adamlar bəzən cəmiyyətdə yüksək vəzifələr də tuturlar.

4. PSİXOLOQLARIN diaqnoz qoymağa hüququ yoxdur, onlar həkim deyil, lakin PSİXOLOGİYA MƏRKƏZLƏRİndə diaqnozlar qoyulur. Çox maraqlıdır ki, Azərbaycanda həkim yalnız rüşvət verib Səhiyyə Nazirliyindən dövlət idarəsində iş ala bilər, hələ bundan sonra da onu həmin idarədə işləməyə qoysalar! Lakin PSİXOLOQLARIN insanların sağlamlığına qarşı törətdikləri cinayətlərdən Səhiyyə Nazirliyi sanki bixəbərdir!!!

5. PSİXOLOQLAR insanlara dərman təyin edir: bu, tamamilə yolverilməz haldır, çünki psixoloq həkim deyil. Çox maraqlıdır: həqiqi həkimlərin reseptlərində yazılanlara min dənə qulp qoyan səhiyyə çinovnikləri fırıldaqçı, həkimlikdən uzaq olan psixoloqların dərman yazmalarına necə imkan verirlər? Psixoloqlarda həkim möhürü, resept blankları haradandır? Axı bu fəaliyyət başdan-ayağa cinayətdir. İSTƏNİLƏN ÖLKƏNİN CİNAYƏT MƏCƏLLƏSİNDƏ təsbit olunur ki, QEYRİ-QANUNİ HƏKİMLİK FƏALİYYƏTİ: diaqnoz qoyma, müalicə təyin etmə, tibbi xarakterli məsləhət vermə qanunla cəzalandırılmalıdır.

Artıq hamıya məlum olan məsələdir ki, hər bir PSİXOLOGİYA MƏRKƏZİNİ müəyyən yüksək rütbəli çinovniklər öz himayələrində saxlayırlar, məhz ona görə də bu mərkəzlər istədikləri işləri edirlər. Məhz ona görə də bu mərkəzlərə heç kəs bata bilmir. Bu, aydındır. Lakin mən uşaqlarını həmin mərkəzlərə aparan valideynlərə belə sual verirəm: sizin, ümumiyyətlə ağlınız başınızdadırmı? Onların cavabı belə olur: PSİXOLOGİYA mərkəzinin reklamı o qədəq cəzbedici idi ki, biz getməyə bilməzdik. Əlbəttə, söhbət Xoşqədəm, Zaur, Elgiz və.s. xoşagəlməz, artıq insanların canını boğazına yığmış, avam əhalinin hesabına milyardlar qazanan televiziya reklamçılarının verdikləri, ağıldan zəif insanlar üçün nəzərdə tutulmuş reklamlardan gedir. Normal, səviyyəli, şəxsiyyətli insan bu reklamlara baxa bilməz. Bu reklamlar faktiki olaraq Azərbaycan əhalisinin şüursuz təbəqəsini idarə edir.

Psixologiya elmi haqqında

Sonda qısa bir sanitar maarifləndirilməsi işi aparmaq istərdim. Uşaqlarını PSİXOLOGİYA MƏRKƏZLƏRİNƏ eksperimentə aparan şüursuz valideynlərin və bəzi avam adamların nəzərinə:

1.PSİXİATR, düzgün deyiliş HƏKİM-PSİXİATRDIR. PSİXİATR sözünün əvvəlində həmişə “Həkim” sözü yazılmalıdır, PSİXİATR tibb mütəxəssisidir, onun həm sağlam, həm də xəstə insanlarla işləmək hüququ vardır.

2.PSİXOTERAPEVT-HƏKİMDİR. PSİXOTERAPİYA ÜZRƏ XÜSUSİ HAZIRLIQ KEÇMİŞ HƏKİM-PSİXİATRA PSİXOTERAPEVT DEYİLİR.

3.PSİXOLOGİYA: İCTİMAİ-PEDAQOJİ-FƏLSƏFİ fənndir. PSİXOLOGİYA –elm deyildir, fəlsəfənin bir bölməsidir. PSİXOLOQ-peşə deyildir, cəmiyyətdə insanlara sosial-fəlsəfi dəstək verən bir məşğulluq növüdür. PSİXOLOQ yalnız sağlam insanların şəxsiyyət problemləri ilə həkim-psixiatrın icazəsi olduqda məşğul ola bilər.

4.KLİNİK PSİXOLOQ-həkim deyildir. KLİNİK PSİXOLOGİYA (ƏVVƏLLƏR BUNA TİBBİ PSİXOLOGİYA DEYİLİRDİ) PSİXOLOGİYANIN bir bölməsidir. KLİNİK PSİXOLOQ təbabətdə olan fəlsəfi problemləri öyrənir, izah edir, burada olan “KLİNİK” sözü insanları çaşdırır, onlar KLİNİK PSİXOLOQUN həkim olduğunu düşünürlər, lakin klinik psixoloq da həkim deyildir.

Azərbaycan Respublikasında PSİXOLOQLAR təbabətin fundamental bölməsi olan PSİXİATRİYANI məhv etməklə məşğuldurlar, bir bölük şəxsiyyətsiz həkim də bu işdə onlara havadarlıq edir, bunun əvəzində çox varlı olan PSİXOLOGİYA mərkəzləri onlara pul verirlər.

Azərbaycanda olan PSİXİATRİK yardım haqqında qanun həddindən artıq köhnəlmişdir, bu qanun dəyişdirilməli, sərtləşdirilməli, PSİXOLOQLARIN və bağqa qeyri-tibb mütəxəssislərinin müalicə müəssisələrinə əməkdaş-işçi sifətində girişi qadağan edilməlidir. Əks təqdirdə Azərbaycanda PSİXİATRİK yardımın göstərilməsində PSİXOLOQLARIN günahı ucbatından yaranmış dözülməz vəziyyət aradan qalxmayacaqdır.

Abdulla ŞIXLİNSKİ

Həkim-Psixiatr, İctimai-tibbi ekspert

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR