“Azərbaycanda Kənd təsərrüfatını aqronom idarə etməlidir” - EKSPERT
“Hollandiya 148,9 milyard dəyərində kənd təsərrüfatı məhsulları ixrac edir. Bu 2024-cü ilin statistikasıdır. Biz cəmi 1 milyard dollar dəyərində kənd təsərrüfatı məhsulları ixrac edirik, onlar yuvarlaq desək, 150 milyard dollar dəyərində məhsul ixrac edirlər. Yəni bizdən 150 dəfə çox”.
Bu barədə Hurriyyet.az-a kənd təsərrüfatı üzrə tanınmış ekspert Vahid Məhərrəmov deyib.
“Bu, əlbəttə, yalnız idarəetmə, aqrar siyasətin düzgün müəyyən edilməsi ilə bağlıdır. Biz bununla bağlı dəfələrlə yazmışıq və bu gün də mən yazmışam. Neçə ki, bu sahədə peşəkar yoxdur, idarə edən peşəkar deyil, dövlətin aqrar siyasətini dəqiq müəyyən etmək olmayacaq. Bu sahənin peşəkarları, ciddi mütəxəssisləri dövlətin aqrar siyasətini müəyyən etməlidir. Bir çoxları başa düşmür, hətta bəziləri yazır ki, nə fərqi var, kim idarə edir, amma peşəkar idarə etməlidir”,-deyə ekspert əlavə edib.
V.Məhərrəmov vurğulayıb ki, kənd təsərrüfatı olduqca mürəkkəb sahədir: “Kənd təsərrüfatının inkişafı bitkiçiliyin inkişafı ilə bağlıdır. Bitkiçilik inkişaf edəcəksə, həm heyvandarlıq inkişaf edəcək, həm də ümumi kənd təsərrüfatı inkişaf edəcək. Bitkiçiliyin inkişafı isə torpağın münbitləşdirilməsi ilə bağlıdır, torpaqda lazım olan elementlərin, suyun təminatı və peşəkar yanaşma ilə bağlıdır. Gərək, peşəkar olsun ki, nə etmək, nə vaxt etmək, necə etmək lazım olduğunu vaxtında bilsin. Nəyə görə, mən bunu aqrar siyasətlə bağlayıram? Ona görə ki, o peşəkar mütəxəssislər bu sahə ilə bağlı qanunun qəbul edilməsinə nail olacaqlar. Digər tərəfdən, hansı tədbirləri görmək və dövlətin, fermerin vəzifəsi nədən ibarət olmalıdır, yerli orqanlar hansı ki, hər hansı bir funksiyanı yerinə yetirirlər, onların vəzifəsi nədən ibarət olmalıdır? Bu, hamısı müəyyən edilməlidir. Dəqiq müəyyən edilməlidir ki, hərə öz işinin öhdəsindən gəlsin ki, nəticədə biz də Hollandiyada olduğu kimi, daha azsaylı işçi qüvvəsi ilə daha böyük həcmdə kənd təsərrüfatı məhsulu istehsal edə bilək”.
V.Məhərrəmov bildirib ki, Azərbaycanın potensialı resurs baxımından Hollandiyanın potensialından olduqca böyükdür: “Hollandiyanın torpaq, iqlim şəraiti bizim torpaq, iqlim şəraitimizlə müqayisə olunacaq deyil. Onlarda torpaq, əkin sahəsi iki dəfə azdır. Təsəvvür edin, onlar dənizi sıxışdırmaq hesabına əkin sahəsi artırırlar. Təsəvvür edin, dənizin altındakı torpağı necə yenidən bərpa etmək, münbitləşdirmək, necə elə bir hala gətirmək lazımdır ki, o torpaqda yüksək keyfiyyətli məhsul əldə etmək mümkün olsun. Böyük işlər görmək lazımdır. Bunun üçün də yalnız və yalnız peşəkar idarə etməlidir. Kənd təsərrüfatını Azərbaycanda aqronom idarə etməlidir. Bilirsiniz, burada hələ bu sistem qurulmayıb, oturuşmayıb. Kənd təsərrüfatı da sistemli idarəetməni tələb edir. Burada hamısı bir-birindən asılıdır, topaq, su, texnika və digər amillər burada əhəmiyyətli rol oynayır. Bunu təşkil edən də yalnız peşəkar, o sahəni dərindən bilən ola bilər. Yəni bununla bağlıdır”.
CAVİD
