Azərbaycanda kafe və restoranlarda müştəriləri belə soyurlar: Ağlasığmaz üsullar - Fotolar

2022-08-06 15:28:00

Azərbaycanda kafe və restoranlarda müştəriləri belə soyurlar: Ağlasığmaz üsullar - Fotolar

Azərbaycanın istirahət mərkəzlərində, restoran və kafelərdə qiymət tərtib edənlər sanki Azərbycan reallığıdan xəbərsizdirlər: insanların orta aylıq qazancı, əmək haqqı nəzərə alınmır. Ölkə əhalisinin aylıq gəliri ilə restoran və kafelərdə, istirahət mərkəzlərində təqdim edilən qiymətlər tərs-mütənasibdir, uyğunsuzdur. 

Azərbaycan insanının öz qazancına uyğun istirahət mərkəzi, kafe və restoran tapması, orada rahatlanıb dincəlməsi  imkansızdır. Odur ki, restoran və kafelərə gedərkən diqqət yetirdiyimiz ilk məqam qiymətlər olur. Nabələd olsan, getdiyin kafe-restoranı araşdırmasan, təqdim edilən menyunu əvvəlcədən on dəfə oxumasan, bir ay boyunca əziyyət çəkib qazandığın vəsaiti bir saatın ərzində itirə bilərsən.

Məsələn, dükanda 90 qəpiyə satılan sadə “Sirab” suyu Bakı Bulvarındakı “Xəzri” kafesində 3 manata təqdim edilir (Şəkil-1-ə bax).

Yaxud, sadə kababın bir payı orta hesabla 5-6 manat olduğu halda, fərqli kafelərdə 8-10 və daha yüksək məbləğə təqdim edilir. Əgər istirahətə ailə, yaxud dost-tanışla getmisənsə, fərqli çeşidlərdə yemək sifariş verirsənsə, həmçinin, abırına qısılıb “yemək üstə deyinməyi” ar bilirsənsə, sonda on qat artıq ödəniş tələbiylə qarşılaşırsan.  

Qiymət mövzusu beynimizi o qədər məşğul edir ki, getdiyimiz yer istirahət mərkəzi deyil, zillət yuvasına çevrilir. Rahatlanmaq, zövq almaq əvəzinə “qiymət müşkülü” beynimizi məşğul edir. 

Əvvəllər vətəndaşlarımız qonşu ölkələrdən birinə getməklə vəziyyətdən çıxış yolu tapırdılar. Yol pulu, hotel və gündəlik xərclər daxil olmaqla,   Gürcüstanda bir həftə dincəlib qayıtmaq Quba, Qəbələ və ya Lerikdə 3 gün dincəlməkdən ucuz başa gəlirdi. Amma pandemiya şərtləri bu şansı da əldən çıxarıb. Quru sərhədlərimiz bağlıdır, gediş-gəliş yalnız hava yolu ilə mümkündür. “Azal” da kafe-restoranları yamsılayaraq, qiymətləri “Azərbaycan standartı ilə deyil, Amerika standartı” ilə hazırlayıb. Yəni, sadə vətəndaşımızın hava yolundan “istirahət üçün” istifadə etməsi imkansızdır. İnsanlarımız ölkə içində “istirahət etməyə” məhkumdurlar. Bu isə “milli” istirahət mərkəzləri, restoran və kafelər üçün yeni imkan yaradıb. Soymaq, talamaq üçün fürsət verib.

Yenisabah.az əməkdaşı mövzu ilə bağlı araşdırma apararkən, istirahət mərkəzlərinin, kafe və restoranların yeni maxinasiyalarının şahidi olub. Heç demə, onlar müştərini təkcə yüksək qiymətlərlə deyil, həm də fərqli üsullarla talayırmışlar. Təqdim edilən yeməyin çəkisini azaltmaqla milyonlar qazanırlar.

Hacıqabul Rayonu ərazisində, Bakı-Yevlax-Qazax magistralı üzərində "Qədir Xum" restoranı var. Magistraldan istifadə edən vətəndaşlar ağır yolun yorğunluğunu burada çıxarmağa üstünlük verirlər. Restoran-istirahət mərkəzi kimi fəaliyyət göstərən bu məkanın adının müqəddəs “Qədir -Xum”la eyniləşdirilməsi elə təəssürat yaradır ki, yəqin burada halallıq olar. Sifariş etdiyimiz “tərəvəz kababı”nın görünüşü fikrimizi qarışdırdı. Pamidorların kiçikliyi diqqətimizidən yayınmadı. Normalda, “pomidor kababı” hər biri 80-100 qramlıq pomidorlardan bişirilirsə, “Qədir -Xum”da 30-40 qramlıq pomidorlara üstünlük verilib (Şəkil-2). Sağda olan şişlənmiş pomidorla solda olan şişlənmiş pomidor fərqin nəqədər yüksək olduğunu göstərir). Eyni hal “tikə kabab” payında da tətbiq edilir. Araşdırmamızı davam etdirərkən öyrəndik ki, bu hal təkcə “Qədir -Xum” üçün xarakterik deyil, digər kafe-restoranlarda da təkrarlanır. Müştəri doymaq üçün bir pay əvəzinə, 2 pay sifariş verməli olur ki, bu da restoran sahibi üçün ən azı 2 dəfə artıq gəlir, müştəri üçün 2 dəfə artıq məsrəf deməkdir.

Bəs Azərbaycanda bu məsələlərə nəzarət varmı? Restoran-kafelərdə yeməyin çəkisi, keyfiyyəti və digər məsələlərlə hansı dövlət qurumu məşğul olur?

Qeyd edək ki, bütün bu məsələlər üzrə dövlət nəzarətini həyata keçirməli olan qurum İqtisadi İnkişaf Nazirliyi nəzdində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətidir. Xdmətin İctimaiyyətlə Əlaqələr və Maarifləndirmə sektorunun rəhbəri Elvin Dəmirli (Elvin Basqallı) ilə əlaqə saxlayıb bu kimi hallar qarşı hansı tədbirlərin görüldüyü ilə maraqlandıq.

Amma xidmət rəsmisi sullarımızı dərhal cavablandırmaqdan imtina etdi. E.Dəmirli yazıda yer alan məqamlarla bağlı təmsil etdiyi qurumun mövqeyini gələn həftə açıqlayacağını bildirdi.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.077365