Saat:11:28
Haqqımızda

Azərbaycanda internetin qiyməti niyə qalxdı? – “Dövlət müdaxilə etməlidir”

2022-08-11 11:27:00

Azərbaycanda internetin qiyməti niyə qalxdı? – “Dövlət müdaxilə etməlidir”

“Aztelekom və Baktelecom -un yeni qiymət siyasəti: Yeni yol çəkiblər, amma təklif edirlər ki, bu yolda ancaq Ferrari sürmək olar”.

Hurriyyet.az xəbər verir ki, bu açıqlama ilə informasiya texnologiyaları mütəxəssisi Osman Gündüz çıxış edib. 

Bildirək ki, Baktelecom və Aztelekom GPON texnologiyası ilə fiber optik internet xidməti üçün yeni tarif paketi təqdim edib.  Operatorlar bir müddət öncədən də bununla bağlı açıqlamalar vermişdilər. Artıq bu xidmətdən istifadə edənlər üçün əvvəlki 4 Mb/s və 10 Mb/s sürətlər ləğv edilib və müvafiq olaraq 15 və 30 Mb/s sürətlər təklif edilib.

Qiymətlər də artıb, 4 Mb/s üçün 10 manat ödəyənlər indi 15 Mb/s üçün 15 manat ödəyəcək. 10Mb/s üçün 12.5 manat ödəyənlər də indi 30 Mb/s üçün 18 manat ödəyəcək.

Osman Gündüz bildirib:

“Dərhal qeyd etmək istərdik ki, adı çəkilən dövlət operatorlarının şəbəkəni modernləşdirməsi, fiber infrastrukturun yenilənməsi, infrastruktura yeni investisiyalar yatırması və nəticə olaraq yüksək sürətlər təqdim etməsi çox təqdirəlayiqdir. Məlumdur ki, RİNN 2 il müddətinə bütün ölkə üzrə keyfiyyətli və hər yerdə əlçatan internet infrastruktur qurmağı hədəfləyib və bu istiqamətdə sistemli olaraq işlər aparır. Bütün bunlar çox təqdirəlayiqdir.

Amma birdən birə hamı üçün yüksək sürətlər təklif etmək və buna uyğun da əvvəlki aşağı sürətə uyğun qiymətdən xeyli yüksək ödəniş tələb etmək, düşünürəm ki, doğru yanaşma deyil.

Heç bir investisiya yatırımı, böyük sürətlərə ehtiyacı olmayan məhdud bir təbəqəni yüksək ödənişlə yüksək də sürət əldə etməyə məcbur edə bilməz. Bu, doğru olmazdı. Xüsusən də, bazarda hökmran mövqe tutan, dövlətə məxsus operatorlar üçün bu, yolverilməzdir.

Düşünürəm ki, indiki şəraitdə, internetə əlçatanlığın insanların əsas fundamental hüquqlarından biri hesab olunduğu bir vaxtda, yüksək sürətə ehtiyacı olmayanlar üçün, əvvəlki ödəniş səviyyəsində, təxminən 10-12 manat civarında bəlli bir internet sürəti təklif oluna bilərdi. Əminəm ki, xeyli sayda GPON istifadəçiləri daha böyük sürət seçiminə üstünlük verəcəklər.

Bir daha vurğulamaq istərdim ki, adı çəkilən dövlət operatorlarının son zamanlar infrastrukturun yenilənməsi istiqamətində həyata keçirdikləri müsbət addımlara rəğmən məhdud seçim imkanı verən qiymət siyasəti doğru yanaşma deyil. Maraqlıdır ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi hələlik bu məsələyə müdaxilə etməyib. Qiyməti operatorlar qaldırıb. Düşünürəm ki, bunun özü də doğru bir yanaşma deyil. 

Nazirlik hazırda həm də tənzimləyicidir. Təəssüf ki , hələlik bu funksiyanı yerinə yetirməli olan, Prezident fərmanı əsasında yaradılan İKT Dövlət Agentliyi də formalaşmayıb. Nizamnaməsi hələ də yoxdur, rəhbərliyi də həmçinin. Düşünürəm ki, Nazirlik tabeliyindəki dövlət operatorlarının qiymət siyasətinə müdaxilə etməlidir.

Qısa bir araşdırma ilə görmək olar ki, dövlət operatorlarının təklif etdiyi yüksək sürət üçün olan qiymətlər hətta bəzi özəl provayderdən də bahadır. Hansı ki , normalda bu tərsinə olmalıdır. Düşünürəm ki, bu məsələni, Nazirlik və operatorlarla birlikdə İctimai Şurada da müzakirə etmək faydalı olardı”.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR