Saat:12:01
Haqqımızda

Azərbaycanda ildırım sürətilə vəzifələrə sıçrayan “hakim”

2022-10-05 13:20:00

Azərbaycanda ildırım sürətilə vəzifələrə sıçrayan “hakim”

Yasamal Rayon Məhkəməsinin hakimi statusuna yiyələnmiş Günel Əkbərlinin məhkəmənin qəbul etdiyi qərarda nəzərdə tutulan məbləği indeksasiya etməmək üçün hansı oyunlardan çıxdığını yazmışdıq.

Günel Əkbərlinin cavabdehlərin vəkili rolunda çıxış etməsi, yaxud ümumiyyətlə hakimliyin nə olduğundan və qanunlardan xəbərsizliyi sualı da buna görə aktuallaşmışdı. Yəni G.Əkbərli ilk iddiamızı “cavabdehlərin bu illər ərzində borcu yoxdur” qənaəti ilə rədd etməsindən sonra apellyasiya şikayətində qarşı tərəfin borclu olduğunu təsdiqləyən sənədlər təqdim etmişdik.

Maraqlıdır, bəs, hakim hansı dəlilə əsaslanaraq qarşı tərəfin borcu olmadığı haqda qəti qərar çıxarmış və iddiamızı rədd etmişdi?

Əlbəttə ki, heç bir! G.Əkbərlinin başı yalnız cavabdehlərin sifarişini icra etməyə qarışdığından, qanunların ayaqlarının altında qaldığının və rüsvayçı bir qərardad çıxardığının fərqinə varmamışdı.

Apellyasiya şikayəti verdikdən sonra əvvəlki qərarını ləğv edən, yenidən “proses” keçirməyə qərar verən G.Əkbərli daha sonra yalnız cavabdehlərin borclarının ödənilməsinə girişdi: İcra məmurlarından tələb etdi ki, borclar ödənilsin və 4 cavabdehdən 3-nün borcunu ödətməyə nail oldu – o borclulardan ikisinin istirahət günündə borc ödəməsi tələskənliyi də Günel Əkbərlinin vicdanına yazılmalıdır.

Borcun ödənilməsinə nail olduqdan sonra G.Əkbərli əvvəlki qərarını qüvvədə saxlayan yeni qətnamə çıxardı.

Qanunsuzluğun, məhkəmə rüsvayçılığının, hakim ədalətsizliyi və savadsızlığının bundan o tərəfini təsəvvür etmək mümkün deyil: əvvəla, cavabdehlərin borcunu tələm-tələsik ödətdirib, iddiaçının əleyhinə qərar verir; ikincisi və ən vacibi, iddiaçı olaraq ümumiyyətlə borc məsələsini deyil, indeksasiyanı qaldırmışıq.

Prosesin borca heç bir aidiyyəti olmamasını, ödənilmiş deyil, bundan sonra ödəniləcək vəsaitin indeksasiyasını Günel Əkbərli hansı qanun, məntiq və savadlı etmir, bu suala ancaq ona təhsil verməyi bacarmayan müəllimləri və hakimlik imtahanından “keçirən” komissiya cavab verməlidir.

Hər il bu ölkədə pensiyalar, maaşlar indeksasiya edilir; hər il Prezidentin Sərəncamı ilə minimum yaşayış həddi müəyyənləşir. Bu Günel Əkbərli adında hakimə başa sala bilmədim ki, 2017-ci ildə Prezident Sərəncamı ilə müəyyən edilən minimum yaşayış həddi 2022-ci ildə Prezident Sərəncamı ilə artırılıb. Onun vəzifəsi 2017-ci ildə qərardad çıxarılarkən əsas götürülən məbləği 2022-ci ildə Prezident Sərəncamında elan edilən məbləğə uyğunlaşdırmaqdır.

Başa düşmədi – çünki adamın hakimlikdən, qanunlardan xəbəri yoxdur.

Avtobioqrafiyası da bunu sübut edir.

Adam – bu konstekstdə Günel Əkbərlidən söhbət gedir – 1983-cü ildə anadan olub, 2005-ci ildə BDU-nun Hüquq fakültəsini (bakalavriat) bitirib, 24 yaşında isə Nizami rayon Prokurorluğunda müstəntiq kimi çalışmağa başlayıb.

27 yaşında – 2010-cu ildə Nizami rayon prokurorunun köməkçisi olub, 28 yaşında isə Bakı şəhər prokurorunun köməkçisi işləməyə başlayıb.

Hansı keyfiyyət, istedad və qabiliyyətinə görə bu vəzifələrdə sürətlə irəlilədiyi bilinməsə də, G.Əkbərli yalnız 2015-ci ildə magistr təhsili alıb, 2016-cı ildə isə hakim olmaq üçün imtahanlara qatılıb.

Ədliyyə Nazirliyinin saytında 2016-cı il imtahanlarından keçdiyi, daha sonra bir il müddətində davam edən tədris kursunu, məhkəmələrdə stajkeçməni başa vurduğu və tədrisin yekunu üzrə yazılı imtahanı uğurla verdiyi yazılır.

G.Əkbərlinin tərcümeyi-halında isə onun 2017-ci ilə qədər Bakı şəhər prokurorunun köməkçisi, 2017-2018-ci ildə isə Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin prokurorluq orqanlarının fəaliyyətinin təşkili kafedrasının müəllimi-prokuroru olduğu bildirilir.

Yəni hakimlik istiqamətində intahanları verdiyi iddia edilən və bir illik “tədris kursunu” keçdiyi, “məhkəmələrdə stajkeçmə” ilə məşğul olduğu bildirilən G.Əkbərli həmin vaxtda prokuror fəaliyyətini “nəzəri” baxımdan davam etdirməklə məşğul olub.

İndi kimə inanaq? Harda tədris kursu keçib, stajkeçməni harda “başa vurub” ki, 2018-ci ildə Yasamal rayon Məhkəməsinə hakim təyin edilib? Bəs, staj keçərkən, tədris kursunda oxuyarkən digər vəzifələrini necə icra edirdi?

Bu sualların cavabı tərcümeyi-halında və təcrübəsində yoxdur, əməllərində var, verdiyi qərarlarda var, insanları məhkəmə yolunda ədalətsizcəsinə süründürməsində var…

Nəticə ortadadır – adamın qanunlardan xəbəri yoxdur; adam prokurordur, müstəntiqdir, hakim deyil!

Bu karyeranın sahibi gəlir hakim olur və ağlına gələn qərarı verir, ağzına gələn hökmü oxuyur!

Və mən 10 aydır indeksasiya qərarını ala bilmirəm: yazdığım ikinci apellyasiya şikayətini də iki gündür göndərə bilmirəm – çünki Ədliyyə Nazirliyinin onlayn müraciət forması bərbaddır, sistem vaxtaşırı çökür, sənədi qəbul etmir, “yanlış var” deyib, yanlışın nə olduğunu göstərmir…

Bir adi indeksasiya üçün 9 dəfə məhkəməyə getmək, 3 şikayət ərizəsi yazıb, onlarla sənəd toplamaq lazım gəlirsə, qanunlardan xəbərsizlərin sayəsində aylarla əsəbin gedirsə, təsəvvür edirəm ölkədə məhkəmələr və onlayn sistemlər səbəbindən insanlar nələr çəkir.

Məhkəmə-Hüquq Şurası isə heç nə etmir, heç bir tədbir görmür.

Məhkəmə ədalətsizlikləri ölkədə ən ciddi problemə çevrilib.

axar.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR