Azərbaycanda hibrid avtomobillərə olan maraq QİYMƏTLƏRİ YÜKSƏLTDİ

2022-04-18 13:10:00

Azərbaycanda hibrid avtomobillərə olan maraq QİYMƏTLƏRİ YÜKSƏLTDİ

Son illərdə Azərbaycana idxal edilən avtomobillərin sayı artmaqla yanaşı, minik avtomobillər arasında hibrid mühərrik sistemi ilə təmin edilən avtomobillərin də sayı artır. Artıq hibrid avtomobillərin idxalı elə bir say həddinə çatıb ki, gələcəkdə ölkəmizdə, xüsusən də iri şəhərlərdə hibrid avtomobilləri hər addımbaşı müşahidə edəcəyik.

Hurriyyet.az gömrük məlumatlarına istinadən xəbər verir ki, idxal edilən hibrid avtomobillərin sayı 2020-ci ilin birinci rübündə 1 566 ədəd idi. 2021-ci ilin birinci rübündə onların sayı 1 831 ədədə, 2022-ci ilin birinci rübündə 3 140 ədədə yüksəlib. Yalnız 2 ildə idxal edilən hibrid minik avtomobillərinin sayı 2 dəfədən çox artıb.  

Məlumatların təhlili göstərir ki, iki il əvvəl ölkəmizə gətirilən hər 9 avtomobildən 1-i hibrid avtomobil idisə, ötən il 8 avtomildən biri, bu il isə 5 avtomobildən biri hibrid olub.

Maraqlıdır ki, hibrid avtomobillərə tələbin artması onların dəyərinin yüksəlməsi ilə paralel şəkildə baş verir. Bir hibrid avtomobilin gömrükdəki qiyməti iki il əvvəl 5 565 dollar olduğu halda, ötən il 5 617 dollar, bu il 8 583 dollar olub. Bu fakt onu göstərir ki, hibrid avtomobillərin qiyməti artsa da, onlara olan tələb azalmır.

Müşahidələr göstərir ki, ölkəmizə idxal edilən hibrid avtomobillərinin önəmli hissəsi şəxsi məqsədlər üçün yox, taksi xidməti üçün gətirilir.

Taksidə hibrid avtomobillərindən daha çox istifadə edilməsi 2 səbəblə izah olunur. Birinci əsas səbəb yanacaq sərfiyyatının az olması, ikinci səbəb isə avtomobillərin dözümlülüyüdür. Sürücülər texniki baxımdan "Toyota” firmasına aid olan hibrid avtomobillərin daha əlverişli olduğunu bildirir. Buna görə də son illər ölkəmizə idxal edilən hibrid minik avtomobillərinin böyük əksəriyyətini bu şirkətin avtomobilləridir.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya